Türkiyənin Adıyaman şəhərində bir supermarket sahibi başçılarını düşmənlə savaşda itirmiş ailələrə özünəməxsus şəkildə dəstək verir – şəhid övladlarından pul almır.
Moderator.az yazır ki, bu haqda “Yeni Şafak” qəzeti xəbər yayıb.
Mustafa Kamal Bozkurt şəhər mərkəzində kiçik bir supermarketin sahibidir. Dükanı yerli əhali arasında çox məşhurdur. Çünki girişin yuxarı hissəsində "Şəhid uşaqları üçün bütün mallar pulsuzdur. Onların ataları artıq hər şeyin hesabını ödəyib" yazısı ilə bir pankart asılıb.
Yoldan keçənlərdən birinin yaydığı bannerin fotoşəkli tez bir zamanda sosial şəbəkələrdə populyarlıq əldə edib. Şəhərin digər rayonlarındakı insanlar da Mustafanın mağazasına gəlib alış-veriş edirlər. Onlar bununla xeyirxah həmyerlilərinin ticarətini yaxşılaşdırmaqla ibrətamiz xeyriyyə aksiyasında ona dəstək verməyə çalışırlar.
Mustafanın ağlına bu qeyri-adi ideya dostlarından birinin Vətənə əsgəri borcunu verərkən şəhid olmasından sonra gəlib. O, şəhidllərin ailələrinə ərzaqla yardım erməyi qərara alıb.
Mustafa Bozkurt ömrünün sonunadək şəhid ailələrinə yardım edəcəyinə söz verib.
Sultan Laçın