Niyazi Bayramov Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” - İLGİNC FAKTLAR...

Niyazi Bayramov Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” - İLGİNC FAKTLAR...
Gəncə şəhər İcra Hakimiyyəti Gəncə İdman Sarayının tikinti-quraşdırma işlərinin davam etdirilməsi məqsədi ilə bir mənbədən satınalma metodu tətbiq etməklə “Rövşən Oğuz Qrup” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 377.390 manat məbləğində satınalma müqaviləsi bağlamışdır. Məlumat satınalmaların portalında 10.09.2025-ci ildə dərc edilmişdir.

Qeyd edək ki, Gəncə şəhərində İdman Sarayı inşa edilməsi haqqında sərəncam Prezident İlham Əliyev tərəfindən hələ 13 noyabr 2017-ci ildə verilib. Sərəncama əsasən İdman Sarayının layihələndirilməsi və tikintisi üzrə sifarişçi funksiyaları, habelə obyektin inşası prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Gəncə şəhər İcra Hakimiyyətinə həvalə edilmişdi. İdman Sarayının tikintisinə 2018-ci ilin mart ayında, sabiq İcra başçısı Elmar Vəliyevin dönəmində başlanılıb. Gəncədəki məlum hadisələrdən sonra Elmar Vəliyev vəzifəsindən kənarlaşdırılır. Gəncə şəhər İcra Hakimiyyətinə 28 avqust 2018-ci ildə Niyazi Bayramov təyin edilir və İdman Sarayının sifarişçi funksiyaları da bir başçı kimi onun nəzarətinə keçir.

Tikintisinə 2018-ci ildə başlanılmış Gəncə İdman Sarayının açılışını Prezidenti İlham Əliyev 2024-cü ilin aprelin 9-da edib. Ölkə başçısının açılışda iştirak etməsi ilə bağlı yayılan rəsmi məlumatlarda bildirilir ki, “Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən inşa edilən Gəncə İdman Sarayının tikintisinə 2018-ci ilin iyununda başlanılıb. Yüksək keyfiyyətlə aparılan tikinti işləri bu ilin martında tam başa çatdırılıb.”

Göründüyü kimi məlumatda tikinti işlərinin yüksək keyfiyyətlə aparıldığı və tam başa çatdırıldığı bildirilir. Elə isə yüksək keyfiyyətlə aparılan və tam başa çatdırılmış işə Gəncə şəhər İcra Hakimiyyəti niyə yenidən dörd yüz min manata yaxın dövlət vəsaiti ayırır?

Aktualinfo.org-un hələ 2022-ci ildə dövlət satınalmalarının portalına yerləşdirilmiş məlumatlar əsasında apardığı araşdırmalarda tender yolu ilə sözügedən idman sarayının tikintisinə külli miqdarda dövlət vəsaitin ayrıldığını yaymışdı. Belə ki, Gəncə şəhər İcra Hakimiyyəti Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi məqsədi ilə “Rövşən Oğuz Qrup” MMC ilə 14.03. 2019-cu il tarixdə 4 000 000,00 manat, 09.04.2020-ci il tarixdə 4 600 000 manat, 06.10.2020-ci il tarixdə 1 800 000 manat, 19.03.2021-ci il tarixdə 9 400 000 manat, 12.08.2021-ci il taixdə 5 000 000 manat, 17.12.2021-ci il tarixdə 181 600 manat (milyonların müqabilində bu yüz səksən min nəyə lazım olub görəsən- red.), 09.03.2022-ci il tarixdə 15 000 000 manat, 28.09.2022-ci il tarixdə 10 000 000 manat məbləğində satınalma müqavilələrinin bağlanıldığını açıqlayıb ki, ümumi olaraq 49 981 600 manat təşkil edib.

Gəncə şəhər İcra Hakimiyyəti Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsinin satın alınması üzrə 06.03.2023-cü ildə “Rövşən Oğuz Qrup” MMC ilə 28.663.030,92 manat dəyərində müqavilə bağlayıb.

Gəncə İdman Sarayı üçün avadanlıqların satınalması üzrə “Rövşən Oğuz Qrup” MMC ilə 16.303.293 manat dəyərində bir müqavilə 02.10.2023-cü ildə, Gəncə İdman Sarayının tikinti-quraşdırma işləri (o cümlədən avadanlıqların quraşdırması, işə baxılması və sınaq işlərinin aparılması) üzrə 12.000.000 manat dəyərində müqavilə isə 05.06.2025-ci ildə bağlanılıb.

Bu hələ son deyil. Qeyd edək ki Gəncə şəhər İcra Hakimiyyəti İdman Sarayının layihələndirilməsi işlərinə də 30.04.2020-ci il tarixdə 400 000 manat, 15.04.2021-ci il tarixdə isə tikintinin layihə-smeta səndlərinin hazırlanması ( əlavə və dəyişikliklərə əsasən) işlərinin satın alınması üzrə 418 400 manat məbləğində satınalma müqavilələrini “BAŞAK PROJE VƏ DİZAYN” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlayıb. Bu isə idman sarayının tikintisinin layihələndirilməsinə 818 400 manat vəsaitin ayrılması deməkdir.

Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan da 24 iyun 2020-ci ildə Gəncə şəhər İcra Hakimiyyətinə Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi məqsədilə 3,0 (üç) milyon manat vəsait ayrılıb.

Göründüyü kimi son yeddi il ərzində, yəni Niyazi Bayramov Gəncə şəhər İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra Gəncədə İdman Sarayının tikintisinə yüz milyon manata yaxın dövlət vəsaiti xərclənib. Prezident İlham Əliyev İdman Sarayının açılışında iştirak edib.Niyazi Bayramov isə hələ də İdman Sarayının tikinti-quraşdırma işlərinin davam etdirilməsinə pul xərcləyir. Belə çıxır ki, Niyazi Bayramov Gəncə İdman Sarayına elə pul “yedizdirir”.

Aktualinfo.org
Tarix: Dünən, 22:50
Xəbəri paylaş





Xəbər lenti