Sanksiyalar Putini dayandıra bilərmi – Qərb mediası


Qərb mediası Rusiya prezidenti Vladimir Putinin avqustun 15-də Alyaskada ABŞ-dən həmkarı Donald Trampla görüşdən və avqustun sonu sentyabrın əvvəlində Çindəki görüşlərdən sonra mövqeyinin möhkəmlənməsindən yazır.
"Foreign Affairs" dərgisində Selesta Uollander Alyaska sammiti ilə 1986-cı ildə ABŞ prezidenti Ronald Reyqanla sovet lideri Mixail Qorbaçovun Reykyavik görüşü arasında paralel aparır. Müəllif Bayden administrasiyası dövründə müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi işləyib.
İslandiyada liderlər silahlanma yarışını, ötən ay isə Ukrayna müharibəsini dayandırmaq üçün bir araya gəlmişdilər. Hər iki halda danışıqlar alınmayıb.
"Amma hər iki sammitin Kreml üçün dərin nəticələri oldu... İslandiya sammitindən sonra Qorbaçovun ölkəsinin süqutu sürətləndi... Putin isə, əksinə, qalib kimi görünür. Tramp Ankoricdə Rusiya liderini qırmızı xalıda qarşıladı, "fantastik" əlaqələrindən söz açdı. Putin heç bir güzəştə getmədi. Bundan sonra Tramp müharibənin sonlandırılması üçün məsuliyyəti Ukraynanın üzərinə yıxdı...", – məqalədə deyilir.
Müəllif yazır ki, Alyaska sammiti Putini giley-güzarını legitimləşdirməyə kömək etdi, işğala şübhə edən rusiyalıların belə onun ədalətli olmasına inanmağına əsas verdi: "Putin üçün bu sammit Ukraynada sülhə görə lazım deyildi. Onun məqsədi beynəlxalq sistemi öz iradəsinə tabe etdirmək, ölkəsində monopoliyasını saxlamaq idi".

Putinin Vladivostok sammiti nələri üzə çıxardı

Rusiya prezidenti Çində Şanxay Əməkdaşlıq Təşkilatının sammitində və hərbi paradda iştirak edəndən sonra sentyabrın 5-də Vladivostokda Şərq İqtisadi Forumuna qatılıb. O, Ukraynadakı müharibəni və Rusiyanın iqtisadi durumunu müzakirə edib.
Putin Vladivostokda keçirilən Şərq İqtisadi Forumunun plenar iclasında çıxış edir.
Putin Vladivostokda keçirilən Şərq İqtisadi Forumunun plenar iclasında çıxış edir.
Osloda yerləşən Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun aparıcı araşdırmaçısı Pavel Bayevyazır ki, Kremlin bu forumu keçirməkdə niyyəti Rusiyanın Çindən asılı olmadığını göstərmək ola bilərdi. Amma tədbirə Asiyadan tərəfdaşların zəif iştirakı, ölkənin aşırı ambisiyalı ixrac hədəfləri Moskvanın regional iqtisadi strategiyasının hüdudlarını ortaya qoyub.
Müəllif yazır ki, Rusiya rəsmiləri getdikcə ölkənin iqtisadi durumunu xarakterizə etməyə çətinlik çəkirlər. "Sberbank"ın rəhbəri, Putinin çoxdankı dostu Qerman Qref "texniki durğunluq" ifadəsini təklif edib. Putin isə "yumşaq, sakit" enişə baxmayaraq, iqtisadiyyatın böyüməkdə olduğunu deyib. Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina Putinə birbaşa zidd getməkdən çəkinsə də, mümkün inkişaf ssenarilərindən danışıb; ən əsas ssenariyə görə, çox zəif iqtisadi artım qalır, bu il əsas faiz dərəcəsi 19 faiz səviyyəsində saxlanır, 2026–2027-ci illərdə tədricən endirilir.

Rusiya iqtisadiyyatı böyüməyə davam edir

ABŞ prezidenti Donald Tramp Rusiyaya sanksiyaların ikinci mərhələsinə hazır olduğunu deyib. İndiyədək Qərbin sanksiyaları Moskvanın Ukraynadakı təcavüzkar müharibəsini dayandıra bilməyib. Yeni sanksiyalarla bu hədəfə çatmaq mümkün olacaqmı?
"The Guardian" qəzetində Cennifer Rankin yazır ki, 2022-ci ilin fevralında müharibə başlayandan Kiyevin Qərb müttəfiqləri 2 min 500-dən çox fərdə və hüquqi şəxsə, o cümlədən Putinin özünə, nazirlərinə, oliqarxlara sanksiyalar tətbiq edib. Rusiya Mərkəzi Bankının 335 milyard dollarlıq aktivləri dondurulub; Rusiya bankları beynəlxalq maliyyə sistemindən çıxarılıb və s.
Amma Rusiya enerji satışı, Qərbdə yerləşməyən ölkələrdəki araçıların sanksiyalı məhsulları satması vasitəsilə ayaqda qalır. Türkiyə, Qafqaz, Çin kimi ölkələr Moskvaya sanksiyalardan yayınmağa kömək edir.
Sanksiyalar Rusiya iqtisadiyyatına ziyan vursa da, iqtisadiyyat hərbi xərclər hesabına da olsa, böyüməkdədir. Stokholm Keçid İqtisadiyyatları İnstitutunun (SITE) direktoru Torbyorn Bekkerin proqnozuna görə, Rusiya 2026-cı ilin sonunadək müharibəni indiki səviyyədə saxlamağa çalışacaq. Elə bugünlərdə Ukraynadakı müharibədə eskalasiya müşahidə olunur, hava zərbələri davam edir.
ABŞ və Aİ-nin aparıcı rəsmiləri ikinci dərəcəli, yəni Rusiyaya sanksiyalardan yayınmağa kömək edən ölkələrə qarşı tədbirləri dəstəkləyirlər. Bu isə əlavə transatlantik gərginliyə yol açar, - müəllif yazır. Məsələn, ABŞ Hindistana 50 faizlik tarif etsə də, Brüssel Yeni Dehli ilə ticarət sazişi bağlamaq istəyir.
Tarix: Bu gün, 16:24
Xəbəri paylaş





Xəbər lenti