“Oğul, topu-tüfəngi olandan qorxma, abır-həyası olmayandan qorx!..”


“Allaha and içərəm ki, həya sıyrılıb gedərsə, nə həyatda, nə də dünyada xeyir qalar...” 
“İnsanın insanlıqdan payı həyası nisbətindədir...”



Dünəndən gündəmi zəbt etmiş “Lüt azərbaycanlı(!) qızlar...” xəbərini görəndə  köhnə kişilərin bir kəlamını xatırladım: “Bala, topu-tüfəngi olandan qorxma, abır- həyası olmayandan qorx...”
Doğrudan da həmin abırsız-həyasız, imansız qızların özləri də, onların bu biabırçı səhnəsini təşkil edib kameraya çəkən “azərbaycanlı” adlanan xoşqeyrət kişilər(?) də xalq üçün, milli(!) dövlət üçün toplu-tanklı ermənidən də təhlükəlidirlər. Çünki onlar milli, dini dəyərlərimizi hədəfə alıblar. Milli dəyərlərini itirmiş xalq, dövlət isə yalnız fiziki baxımdan mövcud ola bilər...

Hələ orta məktəbdə pedaqoq kimi fəaliyyət göstərdiyim illərdə şahidi olmuşam ki, son dövrlər bəzi yeniyetmə, gənc qız və oğlanlarımız  heç “həya” sözünün mənasını da bilmirlər... Burada, təbii ki, ən böyük günah valideynlərindir. Halbuki, özünü Azərbaycan vətəndaşı, müsəlman hesab edən hər kəsin bu məhfumu anlaması və digərlərinə, ən əsası, övladlarına anlatması çox vacibdir. Odur ki, səhər saatlarında ötən illər “Mənəviyyat” nəşrində dərc olunmuş “Həya nədir?” başlıqlı yazını diqqətinizə çatdırmağı borc bilirəm:

"Həya “abır, ismət, namus, utanmaq” və “çəkinmək” deməkdir. Təsəvvüfdə isə Allah qorxusu və sevgisindən Onun istəmədiyi hal və hərəkətlərdən çəkinməyə həya deyilir. Həya hissi insandakı ədəb və əxlaqın göstəricisidir. Bu hiss kimdə varsa, həmin insan hörmət sahibi olar. Utanma və həya hissi olmayan və ya bunu yaşadığı mühitdə onu itirənlərdə həmin hissi bərpa etmək çox çətindir...
Həyanın iki cürdür:
Fitrətdən (yaradılışdan) gələn həya. 

Buna “həyayı-nəfsi” də deyilir. İnsana yaradılışdan verilən utanma hissi, onu ayıb sayılan bir çox hərəkəti etməkdən çəkindirir...
İmandan gələn həya. 

Buna İslamda böyük əhəmiyyət verilir. Fitri həya imandan gələn həya ilə birləşəndə insandakı hər cür çirkin şeylərin və  günahların qarşısına sədd çəkir. İnsanın fitri və imani həyası olmadıqda çirkin davranışlara qarşı müqaviməti zəifləyir.

İnsanın yaradılışındakı utanma hissini “Məgər bilmir ki, Allah (onun bütün əməllərini) görür?!”[1], 

“Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir!”[2] və bənzəri ayələrdə bildirilən iman və ehsan[3] düşüncəsi ilə bəsləməlidir. Yoxsa həqiqi imanı qoruyub-saxlaya bilməz. Utanma hissi və həyanın inkişafı birbaşa imandan asılıdır.
Allah Rəsulu həya haqqında belə buyurmuşdur: “Həya imandandır”[4] və ya “ İman yetmiş şöbədən ibarətdir, həya da imandan bir şöbədir.”[5]

Bu o deməkdir ki, fitri həya mərifət hissləri ilə bəsləndiyi qədər inkişaf edir, maddi-mənəvi həyatın bir hissəsinə çevrilir. Nəfsin bir çox istəklərinə sədd çəkir. Əgər bu duyğu iman və mərifətlə bəslənməyib, ehsan düşüncəsi ilə qidalandırılmasa, insanı insanlıqdan uzaqlaşdırar. Bu cür insan hər cür həyasızlığı edə bilər. Allah Rəsulu bir hədisində bunu çox gözəl ifadə etmişdir:“Utanmadıqdan sonra istədiyini et”[6] buyurur.

Həya və həyat sözləri bir-biri ilə əlaqəlidir. Yəni qəlbi həmişə canlı saxlamaq, ona həyat vermək üçün iman və mərifətlə bəslənmək lazımdır. Bəli, həyat və həya hərəsi öz dəyərləri ilə varlığını davam etdirə bilər. Əks təqdirdə hər ikisi üçün xaos başlayar...

Cüneyd əl-Bağdadiyə görə, həya- Uca Allahın lütf etdiyi maddi-mənəvi nemətlərini dərk etmək, həmçinin qüsurlara görə narahat olmaqdır.[7]

Zünnuna görə, mənfi davranışları həmişə qəlbən düşünərək onları düzəltməyə çalışmaqdır.[8]
Həyanın bəzi dərəcələri var. Birincisi, insanın özünə Allahın nəzəri ilə baxmasıdır. İnsanın bu düşüncə ilə özünü hesaba çəkməsi həya duyğusunu gücləndirər.  Bu da onun duyğu və düşüncələrinin həmişə canlı qalmasına səbəb olar. İkincisi, Allaha olan yaxınlıq və bərabərlik düşüncəsidir. Bu, “Siz harada olsanız, O sizinlədir.”[9] ayəsini həyatına şüar edənlərə aiddir . Bununla əlaqəli Allah Rəsulunun belə buyurduğu nəql olunur: “Allaha qarşı həyalı olun! Allaha qarşı həyalı olan, başına və başının içindəkilərə, mədəsinə və mədəsindəkilərə fikir versin! Ölümü və çürüyəcəyini də yadından çıxarmasın! Axirəti istəyən, dünyanın fani gözəlliklərinə aldanmaz. Kim belə davranarsa, o Allahdan həya etmiş olar”. [10]

İnsanın insanlıqdan payı həyası nisbətindədir. İnsan hərəkət və davranışlarını axirətə uyğun tənzimləyə bilmirsə, təvazö və ədəblə yaşamırsa, bu, özü üçün utanc, başqaları üçün isə əziyyətdir...
فَلَا وَاللهِ مَا فِي الْعَيْشِ خَيْرٌ      وَلَا الدُّنْيَا إِذَا ذَهَبَ الْحَيَاءُ
“Xeyr, Allaha and içərəm ki, həya sıyrılıb gedərsə, nə həyatda, nə də dünyada xeyir qalar...” [11]
Həya- ilahi əxlaqdır və Allahın sirridir. Əgər insanlar onun mahiyyətini və nə olduğunu bilsəydilər daha təmkinli davranardılar. İslam böyüklərindən bununla əlaqəli bir hadisə nəql olunur:

Allah-Təala məhşərdə hesaba çəkdiyi yaşlı adamdan soruşar:
−  Nə üçün bu günahı işlədin? Həmin şəxs inkar edərək günah işləmədiyini deyər. Allah -Təala:
− Elə isə onu Cənnətə aparın, − buyurar. 
Bu dəfə mələklər Allaha belə deyərlər:
− Ey Rəbbimiz, bu insanın filan günahları işlədiyini sən daha yaxşı bilirsən! Allah -Təala də mələklərə:
− Bəli, elədir. Amma Məhəmməd(s) ümmətindən olduğunu nəzərə alaraq ağarmış saç-saqqalına baxdım, eyiblərini üzünə vurmaqdan həya etdim, − buyurar.

Nəql olunur ki, Cəbrayıl (ə.s) bu xəbəri Hz. Peyğəmbərə(ə.s.) bildirəndə, şəfqət və mərhəmət peyğəmbərinin gözləri doldu. Ağlayaraq belə dedi: “Cənab Allah ümmətimin ağ saqqallılarına əzab etməkdən həya etdiyi halda, ümmətimin ağ saqqallıları günah işləməkdən utanmırlar”.[12]
إِنَّ الْحَيِيَّ مِنْ أَسْمَاءِ الْإِلٰهِ وَقَدْ   جَاءَ التَّخَلُّقُ بِالْأَسْمَاءِ فَاحْظَ بِه

“Hədisdə bildirilir ki, Hayiy (Hayy) Uca Allahın adlarındandır.[13] Sən də bundan nəsibini alanlardan ol.” [14]

[1] Ələq 96/14.
[2] Nisə 4/1.
[3] Ehsan bəndənin Allahı görməsə belə, Rəbbin onu həmişə gördüyünü düşünərək yaşaması, hər anını ibadətlə keçirməsi deməkdir.
[4] Buxari, İman 16, Ədəb 77; Müslüm, İman 59.
[5] Buxari, İman 3; Müslüm, İman 57-58.
[6] Buxari, Ənbiya 54, Ədəb 78; Əbu Davud, Ədəb 6; İbn Macə, Zöhd 17.
[7] Beyhəqi, Şüabul-İman, VI, s.147; Quşeyri, ər-Risalətül-Quşeyriyyə, s. 218.
[8] Beyhəqi, Şüabul-İman, VI, s.147; Quşeyri, ər-Risalətül-Quşeyriyyə, s. 215.
[9] Hədid, 57/14.
[10] Tirmizi, Qiyamə 24; Əhməd ibn Hənbəl, Müsnəd, I, s. 387.
[11] İbn Əbdülbərr, ət-Təmhid,  XX, s. 70; İbn Əsakir, Tarixü Dəməşq, XXXV, s. 34.
[12] Əli əl-Müttəqi, Kənzül-Ümmal, XV, s. 283; bənzər rəvayətlər üçün bax: Əbu Yalə, əl-Müsnəd, V, s. 153; Əbu Nuaym, Hilyətül-övliya, II, s. 387.
[13] Əbu Davud, Vitr 23; Nəsai, Qüsl 7.
[14] əl-Münavi, Feyzul-Qədir, III, s. 427…”

Təqdim etdi: Sultan Laçın
Tarix: 1-04-2019, 08:20
Xəbəri paylaş





Xəbər lenti