Yerli mətbuatda şagirdi intihar edən məktəb direktorunun şok səs yazısı yayılıb.
Söhbət Etibar Əliyev adına 162 nömrəli orta məktəbin direktoru Sevinc Abbasovadan gedir. Direktor məktəbdə intihar edən 8-ci sinif şagirdi Elina Hacıyevanın ailəsi haqqında təhqiramiz fikirlər səsləndirib. O, şagirdin pozğun və uğursuz ailənin övladı olduğunu, anasının ikinci dəfə ailə qurduğunu və ikinci nikahdan kiçik uşaqları olduğuna görə Elina ilə maraqlanmadığını deyib.
Cebhe.info-nun kiçik araşdırması göstərib ki, Sevinc Abbasova qalmaqallı məktəb rəhbərlərindən biridir.
Dəfələrlə mətbuatda valideynlər tərəfindən onun ünvanına ittihamlar səsləndirilib, hətta direktorun məktəbdəki özbaşınalıqları barədə şikayətlər dərc olunub. Cəbrayıl rayonundan məcburi köçkün Səbahət Mehdiyeva belə şikayətçilərdən biri olub. O, bununla bağlı bütün aidiyyatı qurumların rəhbər şəxslərinə müraciət edərək bildirib ki, Sevinc Abbasova barədə qanuni ölçü götürülsün. Səbahət Mehdiyevanın dediyinə görə, 9-cu sinif şagirdi olan qızı Sevinc Atakişiyeva direktor tərəfindən mütəmadi olaraq təhqirə məruz qalıb, sıxışdırılıb və onu məcburi köçkün olduğu üçün bu məktəbdə təhsil almasına imkan verilməyib.
Valideyn deyib ki, bu azmış kimi, direktor qızının parta yoldaşı olan oğlanla oturmasına qəribə reaksiya göstərərək “Sən Nicatla niyə oturursan, ona niyə kömək edirsən, sevgilindir?”,- deyə böhtan da atıb. Məsələ ictimailəşsə də, Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi direktorun hərəkətləri ilə bağlı ölçü götürməyib. Çarəsiz qalan valideyn isə həmin dönəmdə övladını 162 nömrəli məktəbdən başqa məktəbə köçürüb. Məlumatlara görə, 162 saylı tam orta məktəbin fəaliyyəti, bu təhsil ocağında yaşananlar zaman-zaman şagirdlər və valideynlərin kəskin etirazına, ciddi narazılığına səbəb olub. Sevinc Abbasovanın adı müxtəlif qalmaqallarda çəkilib. Mətbuatda zaman-zaman yer alan şikayətlərə görə, direktor fəaliyyətində ciddi nöqsanlara yol verir.
Sevinc Abbasova 1968-ci il təvəllüdlüdür. 162 saylı orta məktəbin direktoru vəzifəsinə təyin olunmamışdan əvvəl Binəqədi rayonundakı 284 saylı məktəbin coğrafiya müəllimi kimi çalışıb.
Məktəb şagirdlərinin dediklərinə görə, ümumiyyətlə Elinaya məktəbdə münasibət birmənalı olmayıb. Müəllimlər dəfələrlə Elinanı şagirdlərin gözü qarşısında danlayıb, şagirdlərə onun tərbiyəsiz olduğunu aşılayıblar. Elinaya olan münasibət qızın özünə qəsd etməsinə səbəb olub.
İndi əsas sual budur: Sevinc Abbasova Təhsil Nazirliyində və yaxud Bakı Şəhəri üzrə Təhsil İdarəsində kimin dəstəyinə arxayındır? Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi ölən şagirdini təhqir edən direktorla bağlı ölçü götürəcəkmi?