"Biz də bu ölkənin vətəndaşıyıq, Cənab Prezident" - Deputatlığa namizəd...





Tarix elmləri doktoru, professor Nəsiman Yaqublu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə yazdığı açıq məktubunu Moderator.az-a göndərib:

Hörmətli cənab Prezident!

Əslində bu məktubu bir vətəndaş məsuliyyəti məcburiyyətindən yazdım. Bu məktubun tarixi bir  sənədə çevriləcəyinə, zaman keçdikcə çox tədqiqatçıların müraciət edəcəyi mənbə olacağına inanıram.
         
2020-ci ilin fevralın 9-da keçiriləcək Azərbaycan Respublikası Milli Məclisinə növbəti seçkilərə çox az zaman qalıb. 9 fevral seçkiləri vətəndaş həmrəyliyi prinsiplərinə söykənən bir Azərbaycan cəmiyyətinin möhkəmlənməsi yolunda  ciddi  sınaqdır.
    
Bizim bu seçkilərə qoşulmaqda başlıça  məqsədimiz  Azərbaycanda qarşılıqlı etimad və insanların inamına söykənən bir cəmiyyətin formalaşmasına dəstək olmaqdır.   Xalqımızın  qarşısında dayanan  çox problemlər  var: Qarabağ probleminin həlli də cəmiyyətdə ümumi həmrəyliyin gücündən asılılıdr. İqtidarlı, müxalifətli bir həmrəylik prinsiplərinə dayanıqlı Azərbaycan cəmiyyəti qurmaq çox vacib şərtdir! Sizin səlahiyyətlərinizin genişliyi, nəzarətinizdə olan güc və inzibati resurslar bu problemi həll etməyə şərait yaradır.

Süni olaraq formalaşdırılan  hər bir idarəçilik məhvə məhkumdur. Qalan, mövcud olan və əbədi yaşayan təbii seçimlərdir. İdarəçilik sistemində isə qanunların aliliyi qədər bu dəyərə üstünlük verilməsidir.
Böyük şəxsiyyət Üzeyir Hacıbəyli yazırdı: “Bu Vətən də bizimdir, bu dövlət də bizimdir!” Ancaq  çağdaş dövrümüzdə  insanların bu Vətən  üçün fədakarlıq etməsinə  mane olan səbəblər var və bunlar aradan qaldırılmalıdır. Həmin səbəblər çox olsa da, indiki şəraitdə bunlardır: seçki pozuntuları, ədalətli seçkilərə inamsızlıq, insanların seçib-seçilmək hüququnun pozulması, fərqli baxışlara malik olanlara ögeyliklə yanaşılması və s.

Əlbəttə ki, Siz problemləri həll etmək iqtidarındasınız.Siz yalnız bir ideoloji baxışlara mənsub olan insanların deyil, həm də ölkəmizdə yaşayan fərqli düşüncəli vətəndaşların da prezidentisiniz.Bu mənada, insanlarımızın Sizdən hüquqi əsaslara söykənən çox böyük gözləntiləri var.Onların hər birinin konstitusiya hüquqları  (o insan istər  iqtidaryönlü olsun, istərsə də müxalifət meyilli olsun) Sizin səlahiyyətləriniz hüdudlarında qorunmalıdır.

Ölkədə yeniləşmə hərəkatını başlamaq cəhdləriniz, demokratik seçkilər əsasında yeni Milli Məclisin formalaşması istiqamətində atdığınız addımlar da müxtəlif düşərgədən olan insanların bu prosesə cəlb edilməsi ilə  reallaşdırılmalıdır.Onda biz güclü bir cəmiyyətin təməl prinsiplərini gerçəkləşdirə biləcəyik. Biz həm də sonrakı nəsillərə yaxşı və möhkəm, milli-mənəvi dəyərlərə söykənən dövlətçilik ənənələri qoyub getməyi bacarmalıyıq.Bu gün əsasını qoyduğumuz azad və demokratik seçim ənənələri bütöv bir nəslin sağlam düşüncəsinin yaranmasına və inkişafına səbəb ola bilər. Tarixdə çox dövlət başçıları olub ki, onlar belə addımlar ataraq xalqının yaddaşında əbədi yaşamaq haqqı qazanıblar.Millətimiz üçün taleyüklü olan  bu məsələyə Sizin   daha  diqqətli yanaşmanızı istərdim. 
Cənab Prezident! Ölkə Konstitusiyasının verdiyi hüquqlardan istifadə edərək mən də 24 saylı Nizami Birinci Seçki Dairəsindən seçki prosesinə qoşuldum, insanlardan imzalar toplayıb  təbliğata başladım. Məhz bu mərhələdə  xoşagəlməz  hadisələrin və seçki pozuntularının şahidi oldum.Bəzi dövlət resurslarının bir  namizədin xeyrinə istifadə edilməsi faktları ilə qarşılaşdım.Bu məni ciddi narahat etməkdədir. 

Lakin mən Sizin proseslərə ciddi müdaxilə edəcəyinizə, qanunun aliliyini hər təzyiqdən üstün tutacağınıza inanıram. Məndə bu inamı yaradan 30 ilə yaxındır çalışdığım və tarixini yazdığım Bakı Dövlət Universitetinin 100 illik yubileyində dediyiniz sözlərdir. Siz həmin çıxışınızda alimlərə, elm adamlarına, universitet müəllimlərinə, professorlara böyük hörmətinizin olduğunu bildirdiniz və bu sözləriniz bütün zalda əyləşənlərin alqışlarına səbəb oldu.

İndi bir universitet müəllimi və professorunun, ölkənin tarixini yazan, dünyanın müxtəlif ölkələrində demokratik dövlətçilik ənənələrimizi  təbliğ edən bir tədqiqatçı alimin konstitusiyada təsbit olunmuş seçki  hüquqları pozulur.
 
İnanmaq istərdik ki, Siz seçkilərin demokratik və şəffaf keçirilməsi şəraitini yaradacaq, iqtidarlı –müxalifətli insanların seçki hüquqlarını qoruyacaqsınız! 

Hörmətlə,
Nəsiman Yaqublu
Bakı Dövlət Universitetinin professoru
M.Ə.Rəsulzadə İrsinin tədqiqatçısı
Cümhuriyyət tarixinin araşdırıcısı
Tarix: 5-02-2020, 10:05
Xəbəri paylaş





Xəbər lenti