Həmsədr ölkə Bakı və İrəvanın silahlanma yarışını təşkil etməklə bölgədə sülh yox, daha böyük maliyyə vəsaiti əldə etmək niyyətindədir; politoloq: “Moskva Azərbaycanın ondan daha böyük məbləğdə silah-sursat, hərbi texnika almasını istəyir”
Rusiyanın Ermənistanı silahlandırmaq istiqamətində atdığı növbəti addım son günlərin geniş müzakirə mövzularından biridir. Söhbət sıradan bir ölkədən yox, münaqişənin tənzimlənməsini üzərinə götürmüş ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan dövlətdən gedir.Düzdür, Ermənistanın şimal qonşumuz tərəfindən silahlandırılması yenilik deyil. Qarabağ münaqişəsinin ilk illərində rus hərbçilərinin işğalçı ordu tərəfində vuruşması, Xocalı soyqırımında iştirak etmələri, Rusiyanın Ermənistana 1 milyard dollarlıq silah hədiyyə etməsi, ardınca “İsgəndər-M” sistemlərini bağışlaması və digər addımlar hələ verilən dəstəyin görünən tərəfidir. Rusiya bir neçə il əvvəl Gürcüstandan çıxartdığı hərbi texnika və silah-sursatı da Gümrüdəki hərbi bazasına yerləşdirmək adı altında işğalçı ölkəyə daşıdı. Son illərdə isə Kreml KTMT hərbi birləşmələrinin, yaxud rus-erməni birgə ordusunun təchiz olunması məqsədilə Ermənistanı silah-sursat anbarına çevirməkdədir. İndi də kredit söhbəti ortaya çıxıb.
Əslində məsələnin mahiyyətinə dərindən bələd olan ekspertlər əmindir ki, Rusiya beynəlxalq aləmdə geniş rezonans doğurmasın, yaxud Azərbaycanın sərt etirazı olmasın deyə, Ermənistana silah hədiyyəsini “kredit” müqaviləsi ilə ört-basdır edir. Ancaq istənilən halda işğalın və terrorun maliyyələşdirilməsi, ona hərbi dəstəyin verilməsi faktı kimi beynəlxalq hüququn tapdanması deməkdir.
Özü də Rusiya bu addımı həmsədrlərin təklifi əsasında Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə görüşünün keçirilməsi ərəfəsində atdı. Tərəflərin bir araya gəlməsini zəruri sayan, bölgədə sülhün təmin olunmasına çağıran, hərbi yolu istisna edən həmsədr Rusiyanın Ermənistanı silahlandırması isə heç cür anlaşılan deyil. Şübhəsiz ki, Moskva bu addımı ilə ATƏT-in Minsk Qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəlikləri pozur.
“Ermənistan artıq müstəqilliyini itirmiş bir ərazi, hərbi bazadır”. Bunu "Trend"ə deputat Asim Mollazadə deyib. Rusiyanın Ermənistana müasir silahlar almaq üçün 100 milyon dollar kredit verməsinə münasibət bildirən deputat qeyd edib: “Əslində Rusiya Ermənistana silah satmır. Ermənistan silahlı qüvvələri Rusiya silahlı qüvvələrinin tərkib hissəsidir. Rusiya Ermənistana 100 milyon dollarlıq borc verir və bu borc adı ilə orada öz silahlı qüvvələrini silahlandırır. Bu hal birinci dəfə deyil”.
Hadisələrin bu cür inkişafı narazılıq doğurmaya bilməz, xüsusilə nəzərə alsaq ki, bu addım Minsk Qrupunun həmsədri kimi öhdəliklərini pozur. Bir az əvvəl KTMT-nin birləşmiş qoşunlarının qərargah rəisi Anatoli Sidorov “Əgər təşkilatın ən yüksək orqanı olan Şura tərəfindən qərar ediləcəksə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) 20 minlik sürətli operativ güc qruplaşması Ermənistana hərbi kömək göstərməyə hazır olacaq” deyə, işğalçını müdafiə etmişdi.
Elə Rusiyanın stimullaşdırıcı addımına görədir ki, işğalçı tərəf Azərbaycana vaxtaşırı meydan oxuyur. “Dağlıq Qarabağda müharibə birmənalı olmayacaq. Amma əgər Allah göstərməsin, müharibə başlasa, bizim xalqımız yaman günə düşəcək, Bakı nefti üstündə oturan Azərbaycan isə tamamilə yox olacaq”. Virtualaz.org bildirir ki, bunu general Arkadi Ter-Tadevosyan deyib. Ter-Tadevosyan birinci dəfə deyil ki, “Azərbaycanın yox olması” haqqında danışır. Bu ilin iyununda o, Ermənistanda Azərbaycanın bir neçə nöqtəsinə zərbə planının olduğu barədə danışmışdı. “Qərargahın operativ qrupu artıq bilir ki, haranı və nə ilə vurmaq olar. Əgər Azərbaycan zərbə vurmağa çalışsa, onda Ermənistanın yalnız mülki əhalisi zərər çəkəcək, çünki bizdə, Azərbaycanda olduğu kimi, strateji obyektlər yoxdur. Amma əgər biz zərbə vuracağıqsa, onda Azərbaycandan heç nə qalmayacaq, çünki elə tək Bakının ətrafında neft obyektlərinin bütöv yığını cəmləşib, hansıların ki, məhv edilməsi Azərbaycana əvəzedilməz itkilər gətirəcək”, - deyə general onda bildirmişdi.
Ancaq təhlükələr, təhdidlər öz yerində, hətta Ter-Tadevosyan da etiraf edir ki, Dağlıq Qarabağın təhlükəsizliyinin təmin olunması məsələsində Ermənistanın Rusiyaya ümid etməsi lazım deyil. “Yalnız Ermənistan dövləti bizim təhlükəsizliyimizin keşiyində dura və Qarabağın təhlükəsizliyini təmin edə bilər. Rusiya burada bir-iki təlimi keçirdi və dediklərinə görə, onlar Ermənistanı müdafiə etməyə hazırdırlar, amma Qarabağ haqqında heç bir söz demədilər. Yəni Rusiya kömək edəcək, ancaq əgər yalnız Ermənistana hücum olacaqsa”, - deyə erməni general vurğulayıb.
Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov isə ermənilərin bu cür həyasız fikirlərinin qarşılığında sərt tədbirlərə ehtiyac görür. O, modern.az-a açıqlamasında Ermənistan tərəfindən müsbət addım gözləmədiyini bildirib: “Bizim torpaqlarımız işğal altındadır. Bütün vətəndaşlarımızın, xalqımızın, ölkəmizi sevənlərin arzusu bizim doğma torpaqlarımıza qayıtmağımızdır. Biz bunun üçün müəyyən addımlar atırıq və atmalıyıq. Cənab prezident İlham Əliyevin də əsas istəyi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsidir. Lakin ermənilər hər zaman danışıqlardan uzaqlaşır və ya müəyyən bəhanələr irəli sürürlər. O cümlədən ermənipərəstlər də onlara dəstək olur və mütəmadi olaraq bu istiqamətdə çətinliklər yaradırlar. Bu səbəbdən Ermənistan tərəfindən müsbət addım gözləmirəm”. B.Səfərov qeyd edib ki, Ermənistan demokratik dövlət deyil və müstəqil qərar verə bilmir: “Bütün bunlara baxmayaraq, cənab prezidentimizin həyata keçirdiyi siyasət bizdə torpaqlarımızın qaytarılması ilə bağlı ümid yaradır. Prezidentlərin görüşündə Ermənistan tərəfi əsaslı rol oynamır. Çünki onun havadarları, sahibləri var. Ermənistan onu müdafiə edən ölkələrin sözü ilə oturub-durur. Onlar müstəqil fikirli, demokratik dövlət deyil. Bu səbəbdən aprel döyüşləri təkrarlanmalıdır ki, onlar vəziyyəti başa düşsünlər”.
Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, əslində Rusiya Ermənistana silahlanmaq üçün 200 milyon dollar kredit ayırıb: “100 milyon birinci tranşdır. Daha sonra daha 100 milyonluq tranş olacaq. Kreditin şərtlərini və Ermənistanın ödəmə qabiliyyətini nəzərə alsaq, o zaman bu kreditin Ermənistana əvəzsiz olaraq silah-sursat və hərbi texnika verilməsi üçün bir vasitə olduğunu deyə bilərik. Təkcə bu ilin 9 ayı ərzində Ermənistanın xarici borcu 1,6 milyard artıb və 7 milyarda yaxınlaşıb. Növbəti il üçün proqnozlaşdırmada və beynəlxalq reytinq agentliklərinin hesablamalarında 2018-ci ildə Ermənistanın ümumdaxili məhsulunun 1,3 faiz azalacağı qeyd olunur. Bu baxımdan, söhbət Rusiyanın Ermənistana kredit ayırmasından yox, işğalçı ölkəyə əvəzsiz olaraq silah-sursat, hərbi texnika verilməsindən gedə bilər”.
Ekspertə görə, 100 milyonluq tranşın prezidentlərin görüşü öncəsi ayrılması və ictimailəşdirilməsi şübhəsiz ki, işğalçı ölkənin danışıqlar öncəsi mövqelərinin gücləndilməsinə xidmət edən addım kimi dəyərləndirilməlidir. O ki qaldı bu kontekstdə həmsədrlərin tərkibinə yenidən baxılması məsələsinə, E.Mirzəbəyli hesab edir ki, əgər belə bir imkan olsaydı, Rusiya, ümumiyyətlə, vasitəçi olmamalıydı: “Çünki Rusiya işğal prosesində bu və ya digər formada iştirak edən bir ölkədir, Ermənistanın hərbi-siyasi müttəfiqidir. Yəni Rusiyanın bu günədək işğala və işğalçıya verdiyi dəstəyin yanında 100 milyon məsələsi cib xərcliyi kimi bir şeydir. Ermənistanın təhdidləri isə görüş öncəsi vəziyyətin daha da gərginləşdirilməsinə xidmət edən ənənəvi davranışlardır. İşğalçı 100 milyonluq kredit adı ilə ötürməni qəbul edib və təlimata uyğun hərəkət edir. Prezidentlərin görüşündən isə ciddi irəliləyiş gözləmirəm. Bunun üçün hər hansı bir əsas yoxdur. Çox güman ki, bu dəfə də həmsədrlərin ”tərəflər danışıqlar prosesinə sadiq olduqlarını bəyan ediblər" kimi gəlişigözəl sözləri ilə keçinməli olacağıq".
Amma burada diqqətçəkən bir məqam var ki, bu da Kremlin Ermənistan və Azərbaycanı paralel olaraq silahlanmağa sövq etməsidir. Təbii ki, Moskvanın ərazisi işğal altında olan Azərbaycanı silahlandırmasının qarşılığında işğalçı Ermənistana hərbi dəstəyinə son verəcəyinə inanmaq sadəlövhlük olardı. Odur ki, Rusiya həmsədr ölkə olaraq tərəflərin heç birinə silah satmamaq qərarı versə, bu, daha anlaşılan olardı. Ancaq şimal qonşumuz büdcəsinə əlavə vəsaitlər daxil etməkdən ötrü Azərbaycana silah satışını davam etdirir, Ermənistanı isə müxtəlif adlarla silahlandırır.
E.Mirzəbəylinin fikrincə, Rusiyanın Ermənistanın silahlanması üçün işğalçı ölkəyə kredit ayırmasının digər tərəfində Moskvanın təhrikedici davranışları dayanır: “Ola bilsin ki, Moskva Azərbaycanın Rusiyadan daha böyük məbləğdə silah-sursat, hərbi texnika almasını istəyir. İqtisadiyyatı ciddi şəkildə zəifləyən Rusiyanın valyutaya çox ehtiyacı var. Suriyada, Ukraynada hərbi mövcudluğu qoruyub saxlamaq üçün böyük vəsaitlər lazımdır. Anbarlar silah-sursat, hərbi texnika ilə doludur. Silah-sursat və hərbi texnikanın Ermənistana ”kreditlə" verilməsi isə Rusiyanın manevr imkanlarının və bəhanələrinin genişləndirilməsinə xidmət edir. Yəni Rusiya mesaj verir ki, Ermənistana silah-sursat və hərbi texnikanı bu ölkənin ödəmə qabiliyyətini nəzərə alıb kreditlə verirəm, son nəticədə satıram, əgər istəyirsinizsə, buyurun, siz də alın! Bu vasitə ilə Rusiya həm Ermənistanın silahlanmasını təmin etmək, həm büdcəsinə əlavə gəlirlər gətirmək, həm də balansı Azərbaycanın resursları hesabına təmin etmək istəyir".
QAT sədri Akif Nağı isə Rusiyanın birmənalı şəkildə ermənipərəst mövqedə olduğunu bildirdi: “Bu, heç kəsdə şübhə doğurmamalıdır. İndi də bu yöndə növbəti addımını atır. Kredit bəhanəsi Rusiyanın öz müttəfiqini silahlandırmasının bir formasıdır. Ola bilər ki, açıq şəkildə silah verə bilmir, bu formadan istifadə edir. Ancaq bu hadisəyə görə heç kəsi, o cümlədən Rusiyanı qınamağa dəyməz. Sadəcə, özümüz üçün nəticələr çıxarmalı, eyni münasibətləri bizə yaxın ölkələrlə qurmalıyıq. Məsələn, Türkiyə ilə münasibətləri daha isti etməliyik”. A.Nağının sözlərinə görə, bu hadisə bir daha əsas verir ki, Azərbaycan Rusiyanın həmsədrlikdən uzaqlaşdırılmasını tələb etsin: “Rusiya bu məsələyə görə cavab verməlidir. Ən azından diplomatik təzyiq vasitələrindən istifadə olunmalıdır. Rusiya özünü bu qədər də sərbəst hiss etməməlidir”.
İndiki durumda isə Cenevrə görüşü ilə bağlı müəyyən gözləntilər var. İstənilən nəticə Qarabağdakı duruma təsir edə bilər. İşğalçılıq siyasəti dəyişməsə, Rusiyanın münaqişə ölkələrinə satdığı və ya hədiyyə etdiyi silahları sınaqdan keçirmək zərurəti yaranacaq...
Elşad PAŞASOY
Tarix: 17-10-2017, 09:55