İki yaxın hərbi–siyasi müttəfiq–ABŞ-la Türkiyə arasında son vaxtlar yaranmış münasibətlər nəinki adi Aristotel, hətta hamımızın çox böyük sayğı ilə andığımız L.Zadənin qeyri-səlis məntiqilə belə yozula bilmir. Düzdür, hələ ötən həftə ABŞ-dan bir qrup məmurun viza problemini müzakirə etmək üçün Ankaraya gəldiyi deyildi və bir-iki gündən sonra hətta müəyyən irəliləyişlərin olduğu bildirildi, amma təbii ki, bu, belə tezliklə ürəklərə rahatlıq gətirə bilməz, çünki münasibətlərdəki düyünlər hələ də açılmamış qalır.
Ümumiyyətlə, son vaxtlar sanki dünyanın bütün müsəlman dövlətləri “problem–dövlətlər” elan ediliblər. Mən demirəm ki, bu yanaşmanın heç bir bir əsası yoxdur, yox, özüm də etiraf edirəm ki, müsəlman dövlətlərinin əksəriyyətində elə eybəcər siyasi rejimlər bərqərar olubdur ki, onları tərəddüd etmədən həmin ölkələrinin özlərinin ən böyük faciəsi adlandırmaq olardı...
Amma siyasi rejim, siyasi hakimiyyət bir şeydir, ölkə və yaxud da dövlət tamam başqa. Despotik rejimlər və mürtəce siyasi hakimiyyətlər əbədi deyillər,- hərçənd, onların hamısının təmsilçiləri boyunları ilgəyə keçənə qədər əbədi olduqlarını düşünürlər.
Axtrasan, Qərb dövlətlərinin heç özləri də yaranışdan belə mükəmməl və qibtə ediləsi səviyyədə olmayıblar. Orada da absolyutizm, inkvizisiya və hətta faşizm olubdur. Məsələn, mən elə bilirdim, yalnız talibançılar və İŞİD-lər tarixi – mədəniyyət abidələrini məhv etməklə, islamaqədərki bütün mədəniyyətin izlərini silməyə çalışmaqla məşğuldurlar.
Amma elə yaxınlarda bir filmə baxdım – belə məlum olur ki, ilkin xristianlıq dövründə də buna bənzər hallar olubdur və ilk xristianlar da çoxallahlıq çağlarının izini itirməyə, abidələrini və mədəniyyətini məhv etməyə çalışıblar.
Amma bu, min illər əvvəl olub. Təbii ki, indi tamamilə başqa vəziyyətdir. Hətta bu ölkələri “qəbul etməyənlər” də uşaqlarını oxutmaq, mal-mülk almaq, pullarını harada yerləşdirmək, hətta yeri gələndə başlarını hara götürüb qaçmaq haqqında düşünəndə belə birinci növbədə Qərbi seçirlər.
Bu son otuz–iyirmi ildə sovet məkanından böyük mühacirət axınları oldu. Elə öz Azərbaycanımızın insanları arasında da belələri az deyildi.
Onların sırasında ən müxtəlif siyasi təmayüllərin təmsilçiləri və tərəfdarları vardı. Fəqət, mən heç görmədim ki, bu insanlardan kimsə yaşamaq üçün İranı və ya varlı – karlı Səudiyyə Ərəbistanını seçsin, ən çox Avropaya və qismən də Türkiyəyə yollanırdılar.
Hətta yadıma çox gülməli bir epizod da düşür. Bizim bir “radikal millətçi”miz vardı, deyirdi ki, əgər müxalifət partiyaları öz proqram və məramnamələrində liberal dəyərlərə meyllənsələr tərəddüd etmədən intihar edəcəm! Gəl, bir müddət keçdi və xəbər tutdum ki, “millətçi”miz də Almaniyaya köçüb...
Niyə belə olur? Niyə insanlar Qərbə can atırlar? Çünki orada təminat var–bəli, mülkiyyət üçün təminat var, azad həyat üçün təminat var, hələ onu demirəm ki, ən qatı cinayətkarın belə ədalət və hüquq çərçivəsində mühakimə və müdafiə olunması üçün təminat mövcuddur...
Söz yox, müsəlman ölkələri belə deyillər və ən düzgünü də etiraf etməkdir ki, biz müsəlmanlar bir çox məsələlərdə azı bir neçə əsr geri qalmışıq və bu gerilikdən qurtulmaqçün Qərbin səmimi yardımına sözün həqiqi mənasında böyük ehtiyacımız var.
Qərəz, dediym budur ki, Qərbin izhar etdiyi iradların hamısını olmasa da, böyük hissəsini qəbul etmək olar. Amma mən “problem –dövlətlər”in cərgəsində Türkiyəni də görəndə bir az çaş - baş qalıram – axı, burada ən azı dünyəvi dövlətçilik var, düzgün - demokratik seçkilər var, hakimiyyət bölgüsü var, ideal olmasa da, hər halda, söz və ya ifadə azadlığı var...
Bütün bunları necə nəzərə almamaq olar axı? Söz yox, Türkiyə daha irəli gedə və daha çox şey əldə edə bilərdi. İndi bəlkə çoxu inanmaz ki, on illər bundan əvvəl, hələ “soyuq müharibə”nin məntiqinin hər şeydən üstün olduğu çağlarda (həmin məntiqin sayəsində Türkiyə NATO-nun üzvü olmuşdu!) Türkiyənin birləşən Avropanın bir hissəsi olmaq şansı yaranmışdı.
Avropa ölkələrinin avro-inteqrasiya prosesinin lap başlanğıcında onu da prosesə bərabərhüquqlu üzv kimi cəlb etmək təsəbbüşü olmuşdu, amma çox təəssüf, ölkənin o vaxtki liderlərinin bəzisinin burnundan uzağı görə bilməməsi nəticəsində tarixi şans əldən verilmişdi...
Bu cür detalları çox sadalamaq və hətta günümüzün özündə belə Türkiyədə yaşanan bir çox mənfi tendensiyaları çək-çevir etmək olardı. Amma biz romantik şairlər deyilik və siyasi yazarıq – siyasət isə bir çox şeyləri adicə nisbətdə götürməyə məcburdur. Nisbət isə deyir ki, Türkiyə faktiki olaraq müsəlman dünyasında yeganə dünyəvi və demokratik ölkədir.
O ki qaldı yazının əvvəlindəki suala – R.T.Ərdoğan və ya F.Gülən məsələsinə, əslində Türkiyə cəmiyyəti onun cavabını bir il öncə veribdir. Bəndənizin fikrinə gəldikdə isə, etiraf edirəm, siyasi lider kimi Ərdoğana xüsusi siyasi simpatiyam olmayıb.
Səbəbləri də çoxdur. Məsələn, necə unudasan ki, R.T.Ərdoğanla F.Gülən bir ara hətta siyasi müttəfiq idilər və araları da Gülən Ərdoğanın “dabanlarını tapdamağa” başlayanda soyudu...
Amma bir azca əvvəldə dedim ki, hər şey nisbətdə götürülür. R.T.Ərdoğan F.Güləndən fərqli olaraq normal dünyəvi siyasətçi təsiri bağışlayır. Mən heç bilmirəm ki, F.Gülənə siyasətçi demək mümkünmü? Bu adamı bir–iki dəfə televiziya kanallarında müşahidə etmişəm – onun psixi göstəriciləri şəxsən məndə böyük şübhə doğurur. Qoy, gedib özünün “ezoterik moizə”lərilə məşğul olsun, qardaş Türkiyəni fəlakətə sürükləməsin - siyasət tamam başqa şeydir...
Avtoritarizmə meylli olsa da, R.T.Ərdoğan ən azı anlaşılan siyasət adamıdır. Məsələn, onun Rusiya ilə çox sıx təmaslara can atması mənim də xoşuma gəlmir. Amma yaxınlarda, özü də V.Putinin səfərindən sonra Ukraynaya yollanması göstərdi ki, məsələ düşünülən qədər də bəsit deyil – Türkiyə prezidenti bilməmiş deyil ki, Yaxın Şərqi, xüsusən də kürdləri həmişə qızışdıranlardan biri də Rusiya olubdur.
Düzdür, onun Ukraynaya səfərini Səudiyyə kralının Moskvada yaxşı qarşılanmasına cavab kimi yozanlar da oldu. Olsun. Bu, siyasətdir və onun öz məntiqi var. Əsas odur, hakimiyyətə dinlə siyasəti calağ edənlər və ya obrazlı şəkildə desək, “çalmalı”lar gəlməsin, çünki bu adamların “məntiq”ini anlamaqda şəxsən bəndəniz acizdir...
Hüseynbala Səlimov,
istiqlal.az
Tarix: 26-10-2017, 14:37