ABŞ Bəşər Əsədlə bağlı planını dəyişir - iddia

ABŞ Bəşər Əsədlə bağlı planını dəyişir - iddia Tillersonun açıqlaması Suriyadakı vəziyyətə mütənasib görünməsə də, ciddi şübhələr yaradır...

ABŞ dövlət katibi Reks Tillerson deyib ki, Suriyanın gələcəyində Bəşər Əsədin rolu olmayacaq. Tillerson “Əsəd ailəsinin sonunun gəldiyini” bildirib. Dövlət katibi onu da deyib ki, “ABŞ Əsədin hakimiyyətdə olmadığı, bütöv və birləşmiş Suriya istəyir”.

Tillerson Suriya ordusunun döyüş cəbhəsində əldə etdiyi uğurlardan da danışıb. O bildirib ki, Suriya ordusu əldə etdiyi qələbələrə görə Rusiya hərbi hava qüvvələrinə borcludur.

ABŞ dövlət katibinin açıqlaması isə birmənalı qarşılanmayıb. Məsələ ondadır ki, bu ritorika demək olar ki, artıq keçmişdə qalıb. 2013-15-ci illərdə Bəşər Əsəd hökuməti Suriyada faktiki olaraq 20-25 faiz ərazilərə nəzarət edəndə, silahlı qrupların Dəməşqin mərkəzinə 7 kilometr məsafədə olanda bu bəyanat kifayət qədər ciddi mahiyyət daşıyırdı və dünyada bir çoxları hesab edirdi ki, Əsədin Suriya hakimiyyəti sona çatıb. Hətta bir neçə dəfə onun xarici ölkələrə qaçması haqda məlumatlar yayıldı. Ancaq sonradan Livan Hizbullahı, İran və ardınca Rusiyanın 2015-ci ilin payızında Suriyada hərbi əməliyyatlara daxil olması ilə vəziyyət sürətlə dəyişdi. Ölkənin ikinci böyük şəhəri Hələb hökumətin nəzarətinə keçdi, bundan başqa hazırda hökumət faktiki olaraq ölkə ərazisinin 55 faizinə nəzarət edir. 2 il əvvələ qədər Suriyanın hardasa 50-60 faizinə nəzarət edən İŞİD hazırda 5 faiz civarında ərazidə qalıb. Digər müxalif birləşmələr isə ümumilikdə 14 faiz əraziyə nəzarət edir. Yalnız kürdlər SDQ bayrağı altında 25 faizə qədər Suriya ərazilərinə nəzarət edirlər. Ancaq onlar regional gücdür və Bəşər Əsədi hazırda çox da ciddi narahat etmirlər.

Sadə hesablamalar da göstərir ki, hazırda Suriya ərazisində və əhalisi üzərində əsas nəzarət Bəşər Əsədin rəhbərlik etdiyi hökumətə məxsusdur. Belə bir vəziyyətdə 3 il əvvəl, ən dramatik durumda hakimiyyəti atıb getməyən Əsədin indi yola salınması inandırıcı deyil. Təbii ki, söhbət Bəşər Əsədin şəxsindən də getmir. Onun rəhbərlik etdiyi Bəəs Partiyası iqtidarı və onun qurduğu hökumətdən gedir. Belə olan halda ABŞ dövlət katibinin açıqlaması ciddi sual yaradır.

Əcəba, Tillerson siyasi blefmi edir? Yəni dünya ictimaiyyətinə 3-4 il əvvəlki ritorika ilə müraciət etməklə sadəcə, diqqət dağıtmağamı çalışır? Yoxsa ABŞ-ın Əsədlə bağlı yeni planları var?

ABŞ Bəşər Əsədlə bağlı planını dəyişir - iddia

Maraqlıdır ki, Tillersonun açıqlamasından bir neçə saat sonra BMT bu ilin əvvəlində Xan Şeyxun bölgəsində kimyəvi silah hücumunun Suriya hökumət qüvvələri tərəfindən törədildiyini təsdiqləyib. ABŞ hökumətinin Bəşər Əsədlə bağlı hansı planının olduğu məlum olmasa da, Tellersonun bəyanatının ardınca faktiki olaraq Əsədə qarşı hərbi əməliyyatlara belə əsas yaradacaq ittihamın rəsmiləşməsi maraq doğurur.

Xatırladaq ki, ABŞ bu il aprelin 7-də məhz kimyəvi silahların istifadəsi ittihamı ilə Suriya ordusunun hərbi hava bazasını bombalayıb. Ehtimal etmək olar ki, ABŞ bu ittihamların rəsmiləşməsinin ardınca kürdlər vasitəsilə Əsədə təzyiq edib onu kürdlərlə anlaşmağa məcbur etməyi düşünür. Bu olarsa faktiki olaraq Suriya ərazisinin ?-nə nəzarət edən kürdlərin muxtariyyət və ya İraqda olduğu şəkildə regional administrasiya hüququ ala biləcəklər. Çünki kimyəvi silahların istifadəsi ittihamı Bəşər Əsədin mövqeyini xeyli zəiflədəcək və ona qarşı beynəlxalq təzyiqin artmasına səbəb ola bilər. Ancaq aydın məsələdir ki, bu saatdan sonra Rusiya və Çin, eləcə də bir çox Avropa ölkələrinin Suriyada vəziyyətin yenidən qarışmasına səbəb olacaq addımlara dəstək verməyəcək. Bu mənada Tillersonun bəyanatı ya həddən artıq ritorik, ya da düşünülməmiş bir açıqlamadır.

Təbii ki, Əsədin özü də bir sonrakı seçkilərdə namizəd olmayacağı haqda açıqlamalar verib. Ancaq hazırda hərbi əməliyyatların davam etdiyi, ölkədə müharibənin başa çatmadığı bir zamanda hakimiyyət dəyişikliyi real görünmür. Siyasi qüvvələr arasında danışıqların davam etməsi və regional hakimiyyətlərin bölünməsi, hətta bir il sonrakı seçkilərdə Əsədin namizəd olmayacağı məsələsi razılaşdırılsa da, bu mərhələdə Bəəs hakimiyyətinin getməsi mümkün görünmür.

Kənan RÖVŞƏNOĞLU
Tarix: 28-10-2017, 10:36
Xəbəri paylaş





Xəbər lenti