Xəbər verildiyi kimi Vaşinqton Rusiyanın sanksiya altına düşən dövlət və iş adamlarının “qara siyahısı”nı daha da genişləndirib.
Artıq mərkəzi hökumətin və ölkə biznesinin ən üst pillələrində yer alan 20-dən çox şəxs və 10 böyük müəssisə ABŞ bazarına, dolayısı ilə dünya bazarlarına çıxışdan məhrum ediliblər.
“Müşahidəçilərin gəldiyi qənaətə görə, yeni siyahı Rusiyaya yönəlik əvvəlki sanksiyalardan daha da irəli gedib”,- “Financial Times” qəzeti yazır.
Qəzet bəzi oliqarxların siyahıya düşməməsini təəccüblə qarşılandığını vurğulayıb.
Lakin ən maraqlısı Putinin yaxın çevrəsinə daxil olmadığı zənn edilən Oleq Deripaska və Viktor Vekselberqin cəzalandırılmasıdır.
“Siyahını tərtib edənlər Rusiya siyasətindən başı çıxan adamlardır. Onlar bu siyahını sırf anti-Putin tədbir olduğunu başa salmaq istəyirlər. Onlar ilk dəfə Vladimir Putinin qızı və keçmiş kürəkəni Kiril Şamalovun adını çəkiblər”, - müxalifətçi Aleksey Navalnı qəzetə bildirib.
Kiril Şamalov
“The Sunday Times” qəzetinin icmalçısı Metyu Kempbel də elə məhz Kiril Şamalov haqqında yazıb.
“Bir sıra məlumatlara görə, Kiril Şamalov V.Putinin qızından artıq ayrılıb, lakin taleyin acı istehzasıdır ki, bir yandan da ABŞ-ın Putinin yaxınlarına tətbiq etdiyi sanksiyasına düçar gəlib”, - müəllif yazır.
ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, Vladimir Putinin qızı olduğu deyilən Yekaterina Tixonovla evlənən Kiril Şamalov birbaşa Rusiyanın enerji sektoruna daxil olub.
Belə ki, evləndikdən sonra hakim elitanın “yığıcı bankı” sayılan “Qazprombank” Şamalova 915 milyon funt (təxminən 1 milyard dollar) ssuda ayırıb. Bununla Kiril Şamalov “Sibur” şirkətinin 17%-lik səhmlərini əldə edərək Rusiya tarixinin ən gənc milyarderinə çevrilib.
Lakin həyat yoldaşından ayrıldıqdan sonra o, aldığı payı daha da ziyanına geri qaytarıb.
“Putin ya onu həqiqətən cəzalandırıb, ya da boşanma məsələsi kürəkənini sanksiyalardan uzaq tutmaq üçün uydurulub. Hər halda Putinin fəndi alınmadı. Şamalov da sanksiya siyahısına salındı”,-Kempbell yazır.
Avstriyanın “Die Presse” qəzeti isə Oleq Deripaskadan yazıb.
Müəllif Karl Qaulhofer Deripaskanın sanksiya siyahısında olan 12 şirkətin 8-nin səhmlərinə malik olduğunu bildirir. Yazıda sanksiyaların Avstriyaya da təsir edəcəyi xəbər edilib. Belə ki, Deripaska Avstriyanın “Strabag” tikinti konserninin də səhmdarı sayılır.
Oleq Deripaskanın “Rusal” şirkəti isə əks fəlakətlə üzləşib. Belə ki, ABŞ bazarı şirkətin ümumi dövriyyəsində 10%-lik yer tutur.
Yeni sanksiyalar nəinki rusların, ruslarla iş görə biləcək amerikalıların, hətta digər ölkələrin də iş həyatının üzərində “Domokl qılıncı” kimi asılacaq. Məsələn, Oleq Deripaskanın imperiyasına daxil olan “QAZ” avtokonserninin Almaniyanın “VW” şirkəti ilə birgə zavodu var.
"Rusal"ın ən böyük müştərilərindən biri də Yaponiyanın “Toyota”, İsveçrənin Glencore şirkətləri sayılır.
“Deripaska Vaşinqtonun intiqamını ən böyük parçalarından sayılır. ABŞ-ın əsas məqsədi Rusiyanın korrupsiyalaşmış sisteminin benefisiarları sayılan oliqarxlar və hakim elitadır. Derpiaska ilə bağlı eyni sözləri “Qazprom”un rəhbəri Aleksandr Miller, VTB bankın şefi Aleksey Kostin haqqında da demək olar”, məqalədə yazılıb.
Financial Times-dan Henri Foy və Devid Şeppad da Deripaska və Millerin iş həyatının bunda sonra daha da çətinləşəcəyini qeyd edir.
Bundan başqa, məqalədə “Surqutneftqaz” şirkətinin rəhbəri Vladimir Boqdanovun da adı xüsusi qeyd edilir. Bu şirkət beynəlxaq əhəmiyyətə malik olub “Gunvor”, “Glencore”, “Trafigua”,”Total” kimi nəhəng enerji şirkətləri ilə geniş tərəfdaşlıq əlaqələrinə malikdir.
Musavat.com