Suriyada “böyük müharibə” hazırlığı


Şahin Cəfərli: “Vaşinqton çalışacaq ki, vurulacaq hərbi obyektlərdə ruslar olmasın”

Müharibə çağırışları bütün dünyada güclənib. Son günlərdə isə 3-cü dünya savaşının başlayacağı artıq bir çoxları açıq bildirir. Hazırda bilindiyi kimi, Liviyada, Yəməndə, Suriyada, qismən İraqda və Afrikanın bir neçə ölkəsində silahlı münaqişələr davam edir.

Türkiyə və Yunanıstan arasında, eləcə də Suriya ətrafında gərginlik də sürətlə artır. İki yunan hərbçisinin ötən ay Türkiyə tərəfində keçməsi və saxlanılmasından sonra Yunanıstan Müdafiə Nazirliyi sərhəd bölgəsində əlavə 7 min hərbçi göndərdiyini açıqlayıb. Bu gün isə Yunanıstan hərbçiləri Türkiyə Silahlı Qüvvələrinə məxsus vertolyota atəş açıb. Yerli mətbuatın məlumatına görə, vertolyot Kizilhisar adası sahillərinin qərbində yerləşən Ro adası (Kara ada) üzərindən uçurmuş. Bu zaman Yunanıstan hərbçiləri Türkiyə vertolyota xəbərdarlıq atəşi açıb. Yunan tərəfi Türkiyə vertolyotunun alçaqdan yunan ərazilərində uçduğunu bildirib.

Qeyd edək ki, hazırda iki ölkə arasında müharibə riski günü gündən artır. Yeri gəlmişkən, analoji müharibə təhdidi bir neçə ay əvvələ qədər Şimali Koreya ilə Cənubi Koreya və Yaponiya arasında yaranmışdı.

Åahin CÉfÉrli ile ilgili görsel sonucu

Ancaq indi ən böyük savaş təhlükəsi Yaxın Şərqdə, konkret olaraq Suriyada yaranıb. Hətta 3-cü dünya müharibəsinin baş verəcəyindən danışılır. Söhbət ondan gedir ki, ötən həftənin şənbə günü Suriyanın Şərqi Quta rayonunun Duma yaşayış məntəqəsində hökumət qüvvələrinin kimyəvi silahdan istifadə etməsi ilə bağlı ittihamlar var. ABŞ prezidenti isə kimyəvi silahdan istifadəyə görə Suriyaya hərbi müdaxilə əmri verəcəyini bildirib. Bu isə hazırda Suriyada hərbi qüvvələri mövcud olan və Suriya hakimiyyətini müdafiə edən Rusiya ilə toqquşma riski yaradır. Doğrudur, Rusiya XİN rəhbərinin müavini Mixail Boqdanov aprelin 10-da Rusiyanın Tass Agentliyinə açıqlamasında bu cür gərginliyin Rusiya və ABŞ arasında hərbi qarşıdurmaya səbəb olmayacağını deyib. Ancaq dünən bu açıqlama yayılan saatlarda Rusiya hərbi təyyarələri Aralıq dənizində hərəkət edən ABŞ esminesləri üzərindən təhlükəli uçuşlar həyata keçirirdi. Məlumdur ki, bu cür riskli vəziyyətlərdə toqquşmaların baş verməsi an məsələsi olur.

Siyasi şərhçi Şahin Cəfərli ABŞ və Rusiya arasında Suriyada toqquşmanın olacağına inanmır. Ekspert deyir ki, Suriyada ABŞ və Rusiyanın maraqları fərqli olsa da, iki dövlət arasında əməkdaşlıq da var: “Məlumdur ki, tərəflər hələ Obama dövründə iki ölkə hərbi təyyarələrinin Suriya səmasında qarşı-qarşıya gəlməsini əngəlləmək üçün xüsusi Memorandum imzalayıblar. ABŞ-ın Qatardakı aviabazası ilə Rusiyanın Suriyadakı Xmeymim aviabazası arasında birbaşa rabitə var və sutkanın istənilən anında tərəflər bir-biri ilə əlaqə yarada bilir. Digər tərəfdən, iki ölkə arasında “Fəratın qərbi sənin, şərqi mənim” şəklində centlmen razılaşması olduğu haqda kifayət qədər ciddi iddialar da var. İndi kimyəvi silah məsələsi ilə əlaqədar ABŞ və müttəfiqləri tərəfindən Suriyanın hərbi obyektlərinə zərbələr endirilməsi planlaşdırılır. Yayılan xəbərlərə görə, Pentaqon və Mərkəzi Kəşfiyyat İdarəsi vurulacaq 22 obyektin siyahısını hazırlayıb. Bu obyektlərin bəzilərində rusiyalı hərbi müşavirlər də var. Rusiya təbii ki, gözlənilən əməliyyatı beynəlxalq hüququn kobud şəkildə pozulması hesab edir, hətta ABŞ-ın bu addımının cavabsız qalmayacağını bəyan edən rusiyalı rəsmilər, parlament üzvləri də var. Lakin düşünürəm ki, onsuz da xarabazara çevrilmiş Suriyada bəzi nöqtələrə Qərb koalisiyası tərəfindən yeni zərbələrin endirilməsinə görə Rusiya ABŞ-la qarşı-qarşıya gəlməz”.

Ş.Cəfərli deyir ki, hər iki tərəf toqquşmadan çəkinmək üçün lazımı addımları atacaq. Onun fikrincə, Vaşinqton çalışacaq ki, vurulacaq hərbi obyektlərdə ruslar olmasın: “Məsələn, ötən il Xan Şeyhun hadisəsindən sonra ABŞ Suriya ordusunun Şayrat aviabazasına raket zərbələri endirərkən bu barədə Rusiya tərəfini xəbərdar etmişdi. Ruslar əməliyyatdan əvvəl oranı tərk etmişdilər. Bu dəfə də böyük ehtimalla belə olacaq. Əlbəttə, təsadüf nəticəsində rusiyalı hərbçilər və ya kəşfiyyatçılar da hədəfə çevrilə bilər, bu halda Moskva şübhəsiz ki, çox kəskin etirazını bildirəcək, amma yenə də gərginliyin müharibə həddinə çata biləcəyinə inanmıram. ABŞ Suriyada və ümumən Orta Şərqdə Rusiyanın nüfuzunun artmasından narahatlıq keçirsə də, mən inanmıram ki, Vaşinqton Moskvanın Suriya məsələsinin həllindən kənarlaşmasında maraqlı olsun. Yaxın keçmişin neqativ təcrübələrini unutmayan ABŞ bu yükü təkbaşına daşımaq arzusunda deyil, əksinə, istəyir ki, yük bir az da Rusiyanın və digərlərinin çiyinlərinə düşsün. Trampın “qoy, bu işlə başqaları məşğul olsun” bəyanatına bu baxımdan ciddi yanaşmaq lazımdır. Amma bu, o demək deyil ki, ABŞ yaxın vaxtlarda Suriyanı tərk edib gedəcək. Siyasi həll əldə olunana, kürdlərə müəyyən status verilənə qədər ABŞ hərbi kontingenti yəqin ki, orada qalacaq”.(Musavat.com)


Tarix: 10-04-2018, 21:24
Xəbəri paylaş





Xəbər lenti