Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Ermənistanın baş naziri Nikol Paşinyana dəstək nümayiş etdirib.
O, Ermənistanda inqilabçı həmkarına öz hakimiyyətini möhkəmlətmək üçün bəzi təkliflər verib. Nikol Paşinyanın avqustun 17-də İrəvanın mərkəzində keçirilən mitinqdə çıxışını şərh edən M.Saakaşvili Ermənistanın baş nazirinə hakimiyyətdə Serj Sarkisyana bağlı korrupsiyalaşmış elitadan xilas olmağı tövsiyə edib.
“O, (Paşinyan) xalqın eyforiya dalğasında cox cəld və sürətlə fərqli nticələrə gətirib çıxaran, korrupsiyalaşmış elitanı sarsıdan islahatlara başladı. Lakin onu da başa düşür ki, çaşqınlıq dövrü tezliklə keçib gedəcək, bütün addımlarını sabotaj etməyə başlayacaq və onu baş nazir kürsüsündən atmağa çalışacaqlar. Nə qədər ki, parlamentdə çoxluq korrupsiyalaşmış elitanın əlindədir, Paşinyanın islahatlarının qarşısını almaq, sonra onu geriyə döndərmək onlara asan olacaq. O, Ermənistanda birbaşa demokratiyanı tətbiq etmək üçün hakimiyyəti xalqa ötürür.
Onlar isə bunu edə bilmədilər. Əgər bu alınsa, ya Paşinyan parlamentlə sazişə getməli, ya da parlamentdə oturmuş korrupsionerlərin və quldurların sabotajını aradan qaldırmaq üçün buz üstündə balıq kimi mübarizə aparmalıdır. Əgər zəruri islahatların davam etdirilməsi üçün qanunlar və qərarlar qəbul edilməlidirsə, o, birbaşa xalqın dəstəyinə üz tuta bilər. Ancaq insanlar islahatlara dəstək üçün artıq küçələrə çıxmaq məcburiyyətində deyillər. İnsan bunu sadəcə olaraq, referendumla edə bilər. Amma korrupsionerlər və quldurlar islahatlar təkərinə fəal şəkildə çomaq soxsalar, o halda xalq referendum yolu ilə parlamenti buraxmalıdır. Bizə tezliklə birbaşa demokratiyaya keçmək lazımdır. Yalnız xalq bu yolla korrupsionerlərin, oliqarxların və bölgələrdəki knyazların konsolidasiya edilmiş mövcud sistemini sıradan çıxara, müqavimətini dəf edə bilər”.
Xatırladaq ki, N.Paşinyan da mitinqdə Ermənistanda konstitusiya islahatı keçirmək istədiyini bəyan edib. Baş nazir növbədənkənar seçki keçirməzdən əvvəl referendum yolu ilə parlamenti buraxmaq istədiyini gizlətmir. “Respublika Partiyasının nümayəndələri deyir ki, onu istefaya göndərək, sonra təcili başqa baş nazir seçək. Bu adamlar nə baş verdiyini anlamır. Nə qədər ki, onlar nə baş verdiyini anlamayacaq, biz növbəti olaraq, konstitusiya dəyişikliklərinə dair təşəbbüsləri irəli sürəcəyik. Bu o deməkdir ki, növbədənkənar seçkilər yalnız baş nazirin deyil, həm də parlamentin özünü buraxması haqqında qərarın qəbuluna səbəb ola bilər. Bu dəyişiklikləri məhz Milli Məclis qəbul etməlidir. Bu isə bir şərtlə mümkün olacaq. Əgər siz-Ermənistan Respublikasının vətəndaşları olsanız, bunu sizin qəti tələbiniz kimi formalaşdırmaq mümkün olacaq. Biz onu parlamentdə həyata keçirəcəyik”-Paşinyan belə deyib.
Baş nazir qeyd edib ki, Ermənistanın vacib məsələləri referendum yolu ilə həll olunmalıdır. Bu isə onun yaxın vaxtlarda ümumxalq səsverməsinə getmək və parlamenti buraxmaqla Qarabağ klanının təzyiqindən xilas olmaq planından xəbər verir. “Yaxın vaxtlarda biz referendum institutunu genişləndirməliyik. Çoxsaylı məsələləri xalq bu yolla həll etməlidir. Söhbət həm yerli, həm də respublika referendumundan gedir”-deyə baş nazir bəyan edib.
Nikol Paşinyan mitinqdəki çıxışı onun hakimiyyətdən devrilmək təhlükəsi ilə üzləşdiyinə dair etirafı kimi də dəyərləndirilə bilər. Göründüyü kimi, bir müddət taym-aut götürən Rusiya və Qarabağ klanı ölkədə siyasi etiraz dalğasının səngiməsindən sonra Paşinyanı istefaya göndərmək üzərində düşünür. Eks-prezident Robert Köçəryanın həbsdən çıxaraq böyük siyasətə dönüşünü elan etməsi ilə bu proses daha fəal mərhələyə daxil olub. Bu da Serj Sarkisyanın başçılıq etdiyi Ermənistan Respublika Partiyasından və Daşnaksütyun fraksiyasından olan deputatların Paşinyana qarşı siyasi revanş götürməsinə səbəb ola bilər. Ona görə də baş nazir bu təhlükəni zərərsizləşdirmək üçün Köçəryanın yenidən həbsinə hazırlıq görür.
Baş Prokurorluq və Ermənistan Xüsusi İstintaq Xidməti Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verməyə hazırlaşır. Yəni Ermənistanda hadisələrin gedişi Ali Məhkəmənin qərarından asılı olacaq. Əgər Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını ləğv edib Köçəryanın yenidən həbs edilməsi barədə hökm çıxararsa, Paşinyan rəqiblərini üstələmək imkanı əldə edəcək. Bu halda Serj Sarkisyanın, daşnakların və eləcə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturovun hücum mövqeyindən bir addım geri çəkiləcəyini gözləmək olar. Əks təqdirdə, yəni Baş Prokurorluğun kassasiya şikayəti təmin edilməsə, Apellyasiya Məhkəməsinin qərarının qüvvədə qalması R.Köçəryanın əl-qolunu daha geniş açacaq. Bu isə N.Paşinyanın istefası məsələsinin yenidən parlamentdə gündəmə gəlməsinə səbəb ola bilər.
Ekspertlərin fikrincə, hər iki halda ermənistanlılarla Qarabağ erməniləri arasındakı qarşıdurma dərinləşəcək. Nikol Paşinyanın avqustun 17-də kütləvi mitinq keçirməsi də baş nazir kürsüsünü qorumaq üçün Köçəryan-Sarkisyan klanına qarşı növbəti güc nümayişidir. Paşinyan hökumət çevrilişi baş verəcəyi təqdirdə, xalqın
R.Köçəryanı deyil, aprel ayında olduğu kimi, onu müdafiə edəcəyini göstərməyə çalışır. “Məxməri inqilab”ın lideri R.Köçəryanın heç bir siyasi nüfuzu olmadığını bilir. Lakin Köçəryan Ermənistanda hərbi çevrilişlərin müəllifi kimi yadda qalıb. Ona görə də eks-prezident Paşinyan üçün potensial təhlükə olaraq qalır. İkinci mühüm amil parlamentdə mandat yerlərinin daşnaklarla birlikdə Köçəryan-Sarkisyan cütlüyünün xeyrinə olmasıdır. Bu səbəbdən, N.Paşinyan parlamenti buraxmasa, özünün hakimiyyəti itirəcəyini anlayır. Digər tərəfdən, Paşinyanın keçirdiyi mitinqi Rusiyaya ünvanlanmış mesaj da hesab etmək olar. İnqilab lideri Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsinin yüksək olduğu bir vaxtda Kremlin Köçəryanı hakimiyyətə gətirmək niyyətinin bu narazılığı daha da artıra biləcəyini nümayiş etdirir.
Buna baxmayaraq, Ermənistanda növbədənkənar parlament seçkiləri 2019-cu ilin may ayında keçiriləcək. Həmin vaxta qədər kifayət qədər iqtisadi problemlər məngənəsində sıxılan Ermənistanda Paşinyanın öz elektoratını hazırkı səviyyədə qoruyub saxlayacağını söyləmək çətindir. Mixail Saakaşvilinin açıqlaması Qərb dairələrinin Paşinyanın postunu qoruyub saxlaması üçün önləyici addımların hazırlandığından xəbər verir. Seçki Məcəlləsinə dəyişiklik başa çatdıqdan sonra N.Paşinyan dərhal Konstitusiyaya əlavə və dəyişikliklər etməyə hazırlaşır. Referenduma çıxarılacaq təkliflərdən biri parlamentin buraxılması olacaq. Həmin təklifin Paşinyanla yanaşı, MDB məkanında “məxməri inqilab”ların dəstəkçisi kimi tanınmış M.Saakaşvili tərəfindən səsləndirilməsi diqqəti cəlb edir. Gürcüstandan sonra Ukraynaya demokratiya ixracı ilə məşğul olan M.Saakaşvili indi Ermənistanda bu missiyanı həyata keçirməyə çalışır. Halbuki, onun hakimiyyətdə olduğu dönəmdə nə Köçəryan, nə də Sarkisyan iqtidarı ilə isti münasibətləri olmayıb.
Amma indi M.Saakaşvili Paşinyana hakimiyyətini möhkəmlətmək, korrupsioner və quldur adlandırdığı müxalifəti zərərsizləşdirmək üçün üçün konkret təkliflər verir. Çünki hər iki inqilab liderini birləşdirən ortaq məqamlarla bağlıdır. Həm Gürcüstanda, həm də Ermənistanda “məxməri inqilab”ın məşhur amerikalı milyarder Corc Sorosun Açıq Cəmiyyət Fondunun maliyyə dəstəyi ilə həyata keçirildiyini nəzərə alsaq, Saakaşvilinin Paşinyana qayğı göstərməsinin səbəbi aydın olar. Hətta Ermənistan hökumətində vəzifə tutan bir sıra nazir və nazir müavinləri Soros Fondunun Ermənistan nümayəndəliyinin koordinatoru olub. Yəni, Saakaşvili ilə Paşinyanı eyni maliyyə, siyasi resursları bağlayır. Ona görə də M.Saakaşvilinin Paşinyanı Rusiyanın təhlükəsindən xilas etmək təklifinin məhz ABŞ-dan gəldiyi şübhə doğurmur. (Cebhe.info)