“Bu həftə döyüş hazırlığının yoxlanılması məqsədilə yüz minlərlə hərbi qulluqçu həyəcan siqnalı ilə ayağa qaldırılıb. Rusiya “soyuq müharibə”nin ən qızğın dövrlərindən bu yana ən böyük hərbi təliminə hazılarşır”.
Musavat.com xəbər verir ki, bu məlumat Böyük Britaniyanın “İndependent” qəzetinin müxbiri Oliver Kerolun xəbərində yer alıb.
Yazıda “Şərq-2018” adı verilən hərbi təlimlərin Rusiyanın şərq sərhədlərində, avqustun sonunda başlayacağı qeyd olunub. Təlimlər təkcə əhatə edəcəyi miqyasla diqqəti çəkmir. İlk dəfə buraya Çin Silahlı qüvvələrinin cəlb olunacağı gözlənilir.
“Bu hadisə bölgədə böyük bir geopolitik dəyişikliyin nişanəsidir. Əvvəllər Moskva daha varlı və böyük əhaliyə malik qonşusuna olduqca şübhəli nəzərlərlə baxırdı”,-yazıda qeyd olunur.
Qəzetin məlumatına əsasən Rusiyanın nə qədər əsgər çıxracağı bilinməsə də, hər halda 2014-cü ildəki təlimlərdən daha çox sayda hərbi qulluqçunun iştirak edəcəyi gözlənilir.
Məqalədə “Institute of International Relations Prague”dan siyasi ekspert Mark Qaleottinin fikirlərinə yer verilib.
“Say tərkibinin genişlənməsi tendensiyası Silahlı qüvvələrin “ayaqda durduğunu” və “daha böyük miqyasda” istifadə olunmaq istənildiyini göstərir”,- Qaleotti qeyd edir.
Qaleottinin sözlərinə görə, bu cür genişlənmənin mərkəzində beynəlxalq əməkdaşlıq durur: “Qərbin Kremli izolə etmək niyyətlərinə rəğmən bir sıra ölkələr Rusiya ilə əməkdaşlığa can atır. Rusiya silah satışı və tərəfdaşlıq kimi vasitələrlə dünyadakı geopolitik mövcudluğunu genişləndimək üçün hərbi gücündən istifadə edir”.
Qəzetin yazdığına görə Qərb ekspertləri “Şərq-2018” barədə ətraflı məlumata malik deyillər. Qaleotti təlimlərdə ilk dəfə qeyri-ənənəvi hərbi taktikaların sınaqdan keçiriləcəyini düşünür.
Qəzet ən sonda iki nəticəyə gəlib:
1. Moskva hələ də ABŞ və müttəfiqlərini özünün əsas strateji düşməni olaraq görür.
2. Bu, Rusiya-Yaponiya münasibətləri üçün olduqca pis xəbərdir.