"Kölgə prezident"in yolu açılır
Dünyaya dəliqanlı xarakterli tvit və bəyanatları ilə meydan oxuyan, onilliklərlə oturuşmuş ticarət və diplomatik qaydaları yerindən oynadan ABŞ prezidenti Donald Trampın prezidentliyi ciddi şəkildə təhlükədədir

mia.az xəbər verir ki, artıq dünya mətbuatı və Amerika siyasiləri ABŞ konqresinə noyabrın 6-da keçirilən seçkilərdən sonra Trampın impiçment məsələsini gündəmə gətiriləcəyinin qaçılmaz olduğunu iddia edirlər.

Hazırda ABŞ və dünya mətbuatının, o cümlədən siyasi dairələrin əsas müzakirə mövzusu Trampın laxlayan taxtından nə vaxt salınacağı, onun yerinə isə kimin gətiriləcəyidir. Hələlik bu barədə müzakirələrə toxunmadan Trampın bu vəziyyətə necə gəlməsinə qısa baxaq.

TRAMPIN VƏKİLİ ONU NECƏ SATDI?

Xatırladaq ki, ABŞ Federal Təhqiqatlar Bürosunun əməkdaşları prezident Donald Trampın keçmiş vəkili Maykl Koeni həbs ediblər. ABŞ KİV-lərinin yaydığı məlumata görə, dələduzluqda ittiham olunan Koen avqustun 21-də özü könüllü FTB-yə gedib.

Bu, Koenin vəkilləri ilə prokurorlar arasında əldə edilmiş sövdələşmə çərçivəsində baş tutub. Sövdələşmə Koenin vergilərdən yayınması, Trampın seçkiqabağı kampaniyasının maliyyələşdirilməsi ilə bağlı qanunsuzluqlar, habelə bank sferasında maliyyə fırıldaqları barədə ittihamlara aiddir.

ABŞ mətbuatının xəbərinə görə, sövdələşməyə əsasən, Koen bu ittihamlar üzrə özünü təqsirli bilir, ittiham tərəfi isə ona yüngül cəza tələb etməyə razılaşır. Lakin mənbələrə görə, Koen və prokurorlar həbs müddəti barədə razılığa gələ bilməyiblər.

Hüquqşünasın vəkilləri israr edir ki, Koen uzağı üç il həbs cəzası almalıdır. Prokurorlar isə 4 il və daha çox həbs cəzası barədə danışır. Maykl Koen Trampın hüquqşünaslar komandasının "1 nömrəli” üzvü olub və həm seçki kampaniyası dövründə, həm ondan əvvəl onun maraqlarını müdafiə edib.

Koen FTB-yə təslim olduqdan sonra Nyu-York vaxtı ilə elə həmin günü Amerika vaxtı ilə saat 23.00-da məhkəməyə çıxarılıb. O, məhkəmədə hər şeyi etiraf edib, maliyyə cinayətlərini Trampın tapşırığı ilə həyata keçirdiyini bildirib.

"TRAMP SEÇKİYƏ GÖRƏ İKİ QADINA PUL VERMƏYİ TAPŞIRDI”

Koen yalan ifadə verməyəcəyinə dair and içərək hakimlərə bildirib ki, Tramp seçkilərin nəticələrinə təsir etmək məqsədi ilə ona iki qadına pul ödəməyi tapşırmışdı. Söhbət Donald Trampla intim münasibətlərdə olmuş pornoaktrisa Stefani Klifforddan və "Playboy” jurnalının keçmiş modeli Karen Makduqaldan gedir.

Tramp Melaniya ilə evli olduğu halda həmin qadınlarla intim münasibətlərdə olub. Və bu məsələnin seçki kampaniyası zamanı açıqlanmasına və nəticədə seçkilərin nəticələrinə təsir göstərməsinə imkan verməmək üçün vəkili vasitəsilə onlara yüz minlərlə dollar ödəyib.

"Əgər bu qadınlara pul ödəmək Makyl Koen üçün cinayətdirsə, o zaman nəyə görə Donald Tramp üçün də cinayət sayılmasın?” - Koenin vəkili məhkəmədə sual edib.

MƏHKƏMƏ SƏNƏDLƏRİNDƏ TRAMPIN ADI NECƏ ÇƏKİLİR?

CNN bildirir ki, Koen məhkəmədə birbaşa Trampın adını çəməyib, amma məhkəmə sənədlərində prezidentin adı "Şəxs-1” kimi keçir.

Koen məhkəmədə Trampın seçki kampaniyasını maliyyələşdirmək üçün qanunsuz yollarla 500 min dollar kredit aldığını da etiraf edib.

Koenin vəkili deyib ki, onun müdafiə etdiyi şəxs Rusiyanın seçkilərə müdaxiləsini araşdıran xüsusi prokuror Robert Mülleri maraqlandıra biləcək informasiyaya da malikdir. Vəkil Lenni Devisin bildirdiyinə görə, Koen xüsusi prokurora 2016-cı il seçkilərində Amerika demokratik sistemini gözdən salmağa yönəlmiş sövdələşmə, Trampın demokratların seçki qərargahına haker hücumları barədə məlumatlı olduğu haqda xüsusi prokurora ifadə verməkdən "xoşbəxt olacaq”.

TRAMPIN SEÇKİ QƏRARGAHININ RƏHBƏRİ NİYƏ HƏBS EDİLİB?

Maraqlıdır ki, ABŞ-a baş verən bütün proseslər president Trampın əleyhinə cərəyan edir. Belə ki, ABŞ-ın Virciniya ştatının Aleksandriya şəhərində federal andlılar məhkəməsi Prezident Donald Trampın seşkiqabağı təşviqat kampaniyası qərargahının sabiq sədri Pol Manafort barədə qərar qəbul edib. O, ittiham olunduğu 18 maddədən 8-i üzrə təqsirkar bilinib.

Məlumata görə, ittihamlar üzrə səkkiz maddədən beşi vergilərdən yayınma, biri xarici bank hesablarının rəsmən açıqlanmaması, ikisi bank fırıldaqçılığı ilə bağlıdır. Yerdə qalan 10 maddəni hakim etibarsız hesab edib. Çünki andlılar həmin maddələr üzrə ittihamlar barədə razılığa gələ bilməyiblər.

Vaşinqtondakı siyasi şərhçilər məhkəmənin hökmünü vəkil Robert Müllerin Rusiyanın 2016-cı ildə ABŞ-da prezident seçkilərinə güman edilən müdaxiləsinin araşdırılması işində mühüm qələbəsi hesab edirlər. İttiham aktının hər maddəsi uzunmüddətli həbs nəzərdə tutur. Əgər hakim andlıların nəticələri ilə razılaşarsa, P.Manafortu 80 ilədək həbs cəzası gözləyir. Belə olan halda 69 yaşlı P.Manafort ömrünün qalan hissəsini həbsxanada keçirəcək.

Xüsusi vəkil Robert Müller və onun prokuror komandası Pol Manaforta qarşı hələ fevral ayında ittiham irəli sürüb. İki həftə davam edən məhkəmə araşdırması zamanı vəkil Pol Manafortun dəbdəbəli həyatının xərclərini ödəməsi məqsədilə ABŞ hökuməti orqanlarından milyonlarla dollarları gizlətdiyini sübut etmək və dəlilləri nümayiş etdirmək üçün onun onlarca mühasibini və köməkçisini məhkəmə qarşısında sorğu-sual edib. ABŞ Prezidenti Donald Tramp Pol Manafort barədə hökmü "rüsvayçılıq” adlandırıb.

Bununla yanaşı, sentyabrda Vaşinqtonda P.Manafortun lobbiçilik fəaliyyəti üzrə dinləmələr başlanacaq.

PREZİDENT VƏKİLİNİ NƏDƏ SUÇLADI?

Diqqətçəkən məqam budur ki, Donald Tramp seçki qərargahının rəhbərinin həbsindən daha çox, vəkilinin etiraflarına reaksiya verib. O, etiraflar edən keçmiş vəkili Maykl Koeni kəskin tənqid edib.

Avqustun 22-də yazdığı bir neçə "Twitter" postunda Tramp bildirib ki, Koen pis vəkil olub və o, ABŞ prokurorlarının təzyiqlərinə tab gətirə bilməyib, elə buna görə də sövdələşmə əldə etmək məqsədilə özündən əhvalatlar uydurub.

Tramp bunu da yazıb ki, Koen avqustun 21-də özünü təqsirli bildiyi maliyyə pozuntuları əslində cinayət deyil. Lakin bir çox hüquqşünaslar prezidentin bu mülahizəsini qəbul etməyə də bilərlər.

"TRAMP CİNAYƏT EDİB, ONA İTTİHAM İRƏLİ SÜRÜLMƏLİDİR”

Bu arada Koenin vəkili Lenni Devis "CBS News" kanalına deyib ki, Koenin etirafı və Manhetten məhkəməsində verdiyi ifadələr onun qanunsuz ödənişlər etməyə Tramp tərəfindən sövq edilməsinin aşkar göstəricisidir:

"Bu tamamilə qəti və mübahisəsizdir ki, Donald Trampın vəkilləri xüsusi prokuror Robert Mullerə yazdıqları məktubda prezidentin göstəriş verdiyini qeyd edirlər. Bu isə Maykl Koenin and altında dünən məhkəmədə verdiyi ifadədə işlətdiyi eyni ifadədir”.

Devis deyib ki, Tramp cinayət törədib və ona qarşı ittiham irəli sürülməlidir:

"Əgər o, prezident olmasaydı, aydın şəkildə ittihamla üzləşməli və cinayətinə görə həbsxanaya salınmalı idi. Lakin onun bir prezident kimi ittiham oluna biləcəyi məsələsi barədə qərarı Ali Məhkəmə çıxarmalıdır”.

TRAMPIN SABİQ MÜŞAVİRİ DƏ ƏKS TƏRƏFƏ KEÇDİ

Bu arada isə ABŞ prezidenti Donald Trampın sabiq müşaviri Maykl Kaputo Ağ Ev liderinəm əleyhinə çıxıb. O bildirib ki, impiçment məsələsi çox realdır.

Kaputo "CNN”ə açıqlamasında impiçmentin ABŞ prezidentinin keçmiş şəxsi vəkili Maykl Koenin ifadəsindən sonra baş tutacağını bildirib.

Eyni zamanda, Koen etiraf edib ki, Trampın göstərişi ilə pornoaktrisa Stormi Deniels və "Playboy” modeli Karen Makduqalla susmaları üçün pul ödəyib.

Kaputo bildirib ki, bu, impiçment üçün kifayətdir.

TRAMP ONU TAXTDAN SALMAQ İSTƏYƏNLƏRİ HƏDƏLƏDİ


ABŞ president Tramp isə onu taxtdan salmaq istəyənlərə boyun əymək niyyətində deyil. Üstəlik, o, əlehdarlarını təhdid etməkdən də çəkinməyib.

Tramp ittihamlara və prezidentliyinə son vermək istəyənləri Amerika iqtisadiyyatı ilə hədələyib. Əlavə edib ki, ABŞ prezidentinə impiçment elan olunması ölkə iqtisadiyyatı üçün acı fəsadlara gətirib çıxaracaq.

O, "Fox News"a müsahibəsində özünün prezidentlik dönəmini də tərifləyib, ölkə iqtisadiyyatının indiyədək olmadığı ən yüksək zirvəyə yetişdiyini bildirib: "İndi mən başa düşə bilmirəm, bu qədər gözəl iş görənə necə impiçment elan etmək olar. Əgər nə vaxtsa, mənə qarşı impiçment elan etsələr, bazarlar çökəcək, hamı çox kasıb olacaq".

TRAMPI MAYK PENS ƏVƏZLƏYƏCƏK?

Son olaraq qeyd edək ki, Amerika qanunlarına görə, əgər Tramp vaxtından əvvəl taxtdan salınarsa, onu ölkənin vitse-prezidenti əvəzləyəcək. Yəni prezidentlik postu konqresin təsdiqi ilə avtomatik olaraq vitse-prezident Mayk Pensə ötürülə bilər.

Unutmayaq ki, ABŞ tarixində belə hal bir dəfə təkrarlanıb.

Onu da qeyd edək ki, ABŞ mətbuatı Pensi Amerikanın "Boz kordinalı” adlandırırlar. İddia edirlər ki, Trampı prezident postuna, əslində, Pens gətirib. O, kölgədə qalaraq, Trampın seçki prosesi zamanı yolunu açan ən vacib fiqur olub. İndisə onun özünün prezident postuna oturması reallığa daha yaxındır.

MAYKL PENS HAQDA BİLİNMƏYƏN HƏQİQƏTLƏR

Qeyd edək ki, bunu hələ bir müddət əvvəl "Tramp haqqında həqiqət” kitabının müəllifləri -jurnalistlər Maykl D`Antonio və Peter Aysner hələ xeyli əvvəl yazıblar.

Həmin jurnalistlərin yeni yazdığı "Kölgə prezidenti: Mayk Pens haqqında həqiqət” kitabı bu ilin avqustun 28-də oxuculara təqdim olanacaq.

ABŞ mətbuatının yazdığı məlumata görə, həmin kitabda Pensin bu günə qədər həyat yolu haqda ən xırda incəıliklərə qədər yazılıb. Kitabda qeyd edilir ki, İndiana ştatının qubernatoru olmuş Pensin fikrincə, onun dilindən çıxan hər iti kəlmə ilahi bəyandır: "Tanrı istəmədiyi təqdirdə, Tramp – prezident, Pens – vitse-prezident olmayacaqdı. Onun təqdiri ilə Oval Offisə yol açılıb, bu, Tanrının böyük planıdır”.

D’Antonio deyir: "İnsanlar Pensin kim olduğunu anlamırlar. O, dindar-fanatikdir”.

D’Antonionun fikrincə, Pens Ağ Evə, düşünüləndən daha erkən, hətta Trampın impiçment perspektivi nəzərə alınmadan sahib ola bilər: "Mən onun Bill Klinton kimi siyasi cəhətdən möhkəm, səbatlı olduğunu düşünmürəm. O, partizan döyüşünü sevmir. Yalnız onu sevən insanların mitinqlərinə gedir. Buna görə də Pensə daha diqqətlə baxmaq lazımdır”.

İddiaya görə, "Kölgə prezidenti” o qədər fanatik dindardır. Hətta siqaretin xərçəngə səbəb olduğuna inanmır və iqlim dəyişikliyi ilə əlaqədar həyəcan siqnallarının "hökumətin insanların həyatına nəzarəti gücləndirilməsinə dair gizli səylərin idarəedilməz şeytani məqsəd” sayır.

Kitabda deyilir ki, 2016-cı ilin seçkilərinə Rusiyanın müdaxiləsi ilə əlaqədar yüksək səviyyəli bir brifinqdə kəşfiyyat səlahiyyətliləri Pensə bu müdaxilənin nəticələrini hələ müəyyən olunmadığını bildirib. Amma sonradan Pens açıq şəkildə heç bir təsirin olmadığını iddia edib.

D’Antonio deyir: "Pens öz əxlaqi baxışının dövlət siyasətinə əks olunması vacibliyinə mütləq şəkildə inanır”.

D’Antonio’nun kitabına görə, "Pens özünü və xristian döyüşçülərini müqəddəs, lakin məzlum bir qrup olaraq görür və onun gələcək ümidinə əsasən, seçilmiş insanlar kimi, mühafizəkar yevangelistlər düşmənlərini məğlub edəcək və xristian ümmət yaradacaqlar”.

D’Antonio iddia edir ki, əgər Pens Trampın prezidentliyinin ilk dövrünün ikinci yarısında iqtidar sahibi olarsa, 2020 və 2024-cü ildə namizədliyini irəli sürmək haqqı qazanacaq və potensial olaraq 10 il Ağ Evə sahiblik edəcək.

SON

Xatırladaq ki, bu il noyabrın 6-da ABŞ Konqresinə aralıq seçkilər keçiriləcək. Demokratlar Partiyasının bu seçkilərdə çoxluq qazanacağı gözlənilir. O zaman isə Respublikaçılar Partiyasını təmsil edən Donald Trampa qarşı impiçment elan edilməsi prosesi həyata keçirilməsinə şübhə edilmir.
Siam.az