ABŞ-ın Rusiyaya qarşı "Britaniya Solsberisində kimyəvi silahdan istifadə" ittihamı üzrə tətbiq etdiyi sanksiyalar qüvvəyə minib. Ekspertlər hesab edir ki, bu sanksiyalar onsuzda yerində sayan Rusiya iqtisadiyyatına daha da pis təsir edəcək. Ekspertlərin fikrincə, yeni sanksiyalardan sonra Rusiyada fəaliyyət göstərən iş adamlarının buradakı bizneslərini xarici ölkələrə aparacağı qaçılmazdır. İddialara görə, bundan əvvəlki sanksiyalara cüzi də olsa duruş gətirməyi bacaran Moskva, bu dəfə bunu bacarmayacaq.
ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarını şərh edn “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Cebhe.info-ya açıqlamasında bildirdi ki, Vaşinqtonun sanksiyaları dərhal təsir etmir. 2014-cü ildə Rusiyanın Ukraynaya qarşı təcavüzünü yada salan analitik hesab edir ki, həmin zaman Vaşinqtonun Moskvaya tətbiq etdiyi sanksiyalara Kreml az da olsa duruş gətirə bildi. E.Şahinoğlu qeyd edir ki, bu dəfəki sanksiyalarda Moskva arxayın olmamalıdır:
"Krım 2014-cü ildə işğal olundu. Ondan sonra ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə başladı. Həmin zaman sanksiyalar tətbiq olunanda Rusiyada Qərbə gülməyə başladılar. Moskva hesab edirdi ki, sanksiyaların heç bir təsiri olmayacaq. O zamandan 4 il keçib sanksiyalar sərtləşdikcə Rusiyada inflyasiya artır və iqitisadi vəziyyət ağırlaşır. Rubl görün nə qədər bu aylarda dəyər itirib. Dövlət olaraq sanksiyalara duruş gətirsələr də, bunu gizlətsələr də, buna baxmayaraq bu sadə vətəndaşın həyat tərzinə təsir edir. Yəni sanksiyaların psixoloji təsirləri qaçılmazdır".
Sanksiyalar tətbiq olunan kimi birbaşa iqtisadiyyata təsir etməsə də, birjalara edir deyən analitik düşünür ki, bundan ən çox biznesmenlər ziyan çəkir:
"Sanksiyaların nəticəsidir ki, artıq biznesmenlər Rusiya bazarından çəkilir. Rus oliqarxları özləri də, bu sanksiyalar qarşısında kapitallarını qorumağa çalışırlar. Bir qrupu isə xarici birjalarda səhm alır, pullarını ölkədən kənarda torpaq sahələrinə qoyurlar. Yəni bütün bu proseslər əlbəttə ki, Rusiya iqtisadiyyatına mənfi təsir edir. Sonda bu, şimal qonşumuz olan ölkənin dağılmasına, bölünməsinə gətirib çıxarmayacaq, amma onu demək olar ki, sanksiyalar davam etdikcə Rusiya iqtisadiyyatında vəziyyət normallaşmayacaq. Məsələn Vladimir Putin seçiləndə söz vermişdi ki, islahatları sürətləndirəcək, iqtisadiyyatı normallaşdıracaq, pensiyaları artıracaq. Ancaq bu sanksiyaların fonunda V. Putin bunların heç birinə əməl edə bilmədi. Deməli sanksiyalar təsir edib ki, V.Putin də sözünə əməl edə bilməyib".