Rusiya müxalifətinin lideri Aleksey Navalnının hər araşdırması ölkədə əsl zəlzələ effekti verə bilir. Onun özünün “youtube” kanalında baş nazir Dmitri Medvedev, bir çox hökumət üzvləri, rusiyalı oliqarxlar haqqında, yaydığı videomaterillar Rusiya gündəmini uzun müddət məşğul edib.
Navalnı təhqiqatlarında Putin rejiminn korrupsioner mahiyyətini ortaya çıxardığını iddia edir və bununla ictimaiyyətin önəmli kəsimlərində rəğbət də görür.
Aleksey Navalnının növbəti “ilişdiyi”adam ölkə idarəçiliyində 3-cü şəxs sayılan, Dövlət Dumasının spikeri Vyaçeslav Volodin olub.
“Novaya qazeta”nın xəbərinə görə, Navalnının rəhbərlk etdiyi Korrupsiya ilə mübarizə fondu (KMF) Rusiya dövlət reyestrindən çıxarış etdiyi sənədlə Vyaçeslav Volodinin anası, 82 yaşlı Lidiya Petrovna Barabanovanın Moskva şəhərində, “Vorobyovı qorı” bölgəsində yerləşən “Belıy lebed” adlı elitar yaşayış kompleksində mənzl aldığını bəyan edib. Fondun hesablamalarına görə, 400 kv m.lik mənzilin bazar qiyməti 230 milyon rubl (təxminən 3 milyon yarım ABŞ dolları-red.) təşkil edir.
Rusiyalı müxalifətçinin iddiasına görə, bu ilin avqustun əvvəlində keçmiş tərbiyəçi və ibtidai sinif müəlliməsi Lidiya Barabanova 10 milyon rublluq kapitala malik “Holding Dneprovo” şirkətinin təsisçisinə çevrilib. Bundan başqa, Barabanova daha 9 şirkətin sahibəsidir.
Keçən il isə “Meduza” saytı Lidiya Barabanovanın ilk şirkətini 72 yaşında açdığı xəbərini yaymışdı. Saytın məlumatına əsasən spikerin 82 yaşlı anası 14 min hektarlıq torpağın mülkiyyətçisidir. Üstəlik, ona aid olan 70 min hektarlıq torpaq sahəsi isə 49 il müddətinə ovçuluq təsərrüfatlarına icarəyə verilib.
Vyaçeslav Volodin isə gazeta.ru-ya verdiyi müsahibədə Navalnının gətirdiyi faktları qismən təsdiq etməyə məcbur olub.
Belə ki, o, anası Lidiya Barabanovanın həqiqətən “Belıy Lebed”də mənzil yiyəsinə çevrildiyini bildirib.
Volodinin sözlərinə görə, onun qoca, uşaq tərbiyəçisi və ibtidai sinif müəlliməsi işləmiş anası bu sərvətə 2007-ci ildə əlində olan səhmlərin satışından sonra nail olub.
Dövlət Dumasının spikeri özünün və anasının 1999-cu ildə ”Solneçniye produktı” holdinqinin səhmdarlarına çevrildiyini, həmin səhmləri sonradan yuxarıda göstərilən tarixdə əllərindən çıxardıqlarını söyləyib.
“Daşınmaz əmlak gəlirli sahə sayılır. Anam da əlində olan vəsaitini həmin sahəyə ayırıb. Bunun üçün onun kifayət qədər pulu var. Ona mənzil almağıma anamın ehtiyacı yoxdur”,- V.Volodin bildirib.
Lakin Volodin bu zamana qədər anasının aktiv bizneslə məşğul olmadığı halda onun hansı yollarla minlərlə hektarlıq torpaq sahələrini aldığını izah etməyib.
Bundan başqa, Vyaçeslav Voludinin bu yaxınlarda rusiyalı pensiyaçılar qarşısında uğursuz çıxışı da heç yerinə düşməyib. Yaşlı bir qadının “pensiya yaşlarını artırdınız, biz bundan sonra necə yaşayacağıq” sualına spikerin cavabı qəzəb və heyrətə səbəb olub: “Necə yəni yaşamayacaqsınız. Bəs bu qədər tikilən idman meydançaları kimə lazımdır”....
Musavat.com