Rusiya prezidenti Vladimir Putin bir neçə nazirlik və dövlət qurumlarının ümumilikdə 15 generalının işdən azad edilməsi barədə fərman imzalayıb. Yüksək rütbəli generalların işdən azad olunması Rusiyada birmənalı qarşılanmayıb. Bu fərman ictimaiyyət arasında rezonans doğurub. Bəziləri V.Putinin bu addımını ölkədə qiyam ola biləcəyi ehtimalını bildiyi üçün atdığını iddia edir. Belə ki, iddia olunur ki, işlərinə xitam verilən generallar barədə V.Putinə səhih məlumatlar daxil olandan sonra, Rusiya prezidenti dərhal onları işlərindən azad edib.
Məsələyə münasibət bildirən siyasi ekspert Natiq Miri Cebhe.info-ya açıqlamasında bildirdi ki, rusiyalı ekspertlərin sözügedən tərzdə analizləri heç də təəccüblü sayılmamalıdır. V. Putinin prezident olmazdan əvvəl təhlükəsizlik casusu olaraq uzun müddət fəaliyyət göstərən bir şəxs olduğunu xatırladan ekspert hesab edir ki, Rusiyada idaretmə həmişə bu konteksdə olub:
"Bu gün də Rusiyada idarəetmə eyni səpkidə tənzimlənir. Ona görə də, Putin bütün məmurlar, o cümlədən, hərbiləşmiş digər strukturlarda fəaliyyət göstərən yüksək rütbəli şəxslər haqqında çox konkret faktlara malikdir. Bu baxımdan zaman-zaman Putinin, eyni zamanda Rusiya hakimiyyətinin maraqlarına xidmət etməyən davranışlara yol verən generallar vəzifədən çıxarılır. Yəni, bu ilk hadisə deyil".
Rusiyada bundan əvvəl də belə hallara rast gəlindiyini qeyd edən N.Miri hesab edir ki, V.Putinin növbəti fərmanını da eyni konteksdən qiymətləndirmək olar:
"Yəni ki, 15 generalın çıxarılması ilə bağlı verilən fərmanı da təxminən bu konteksdə dəyərləndirilməlidir. Çünki səbəbsiz yerə general rütbəsinə qədər gəlmiş hərbçi və yaxud güc mərkəzlərində xidmət edən şəxs vəzifədən çıxarıla bilməz. Yenə deyirəm bu məsələdə əsas rol oynayan amillər Putin hakimiyyətinin maraqları və təbii ki, onun özünün şəxsi dünya görüşünə qarşı bir addımlar ola bilər. Düşünürəm ki, son təmizləmə də təxminən bu yöndədir. Ayrıca onu da nəzərə alın ki, Rusiya generalitesi çox yüksək səviyyədə korrupsiyalaşmış bir generalitetdir. Bu baxımdan zaman-zaman Putin təmizləmələr yolu ilə ən azından prosesi minimuma endirmək istəyir".