Kremlin 300 minlik ordu ilə Qərbə mesajı: Hərbi toqquşma...

 ABŞ sanksiyalarının Rusiyaya qarşı gücləndiyi bir vaxtda rəsmi Moskvanın genişmiqyaslı hərbi təlimlərə başlaması ilk hadisə deyil.
Bu sözləri Axar.az-a açıqlamasında beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev deyib. O bildirib ki, “Şərq-2018” hərbi təliminə əvvəlkilərdən fərqli olaraq, daha genişmiqyaslı hərbi kontingent və texnika cəlb olunacaq:
“Bunun da səbəbi ABŞ-Rusiya münasibətlərində olan gərginliyin Soyuq müharibə zamanından bu yana ən pik həddə qalxmasıdır. Bu təlimi birmənalı olaraq, Rusiyanın rəqiblərinə əzələ nümayişi kimi qəbul edə bilərik. Az müddət öncə ABŞ öz hərbi büdcəsini indiyə qədər olmayan həddə artıracağını bəyan etmişdi. Artırılan məbləğin böyük hissəsini isə NATO-nun Avropa ərazisində olan bazalarının gücləndirilməsinə, oradakı kontingentin və silahların artırılmasına sərf edəcəyini bəyan etmişdi. Bu bazaların əksəriyyətinin Rusiya ilə sərhəd olan dövlətlərin ərazilərində olduğunu nəzərə alsaq, Moskvanın buna münasibətini təxmin etmək çətin olmaz”.
Ekspert vurğulayıb ki, bu təlimlər ABŞ və Avropa dövlətlərinə mesaj olaraq keçirilir:
“Bununla bildirmək istənilir ki, iqtisadi sanksiyaların tətbiqini gücləndirmək son mərhələdə hərbi toqquşmaya gətirib çıxara bilər. Bu toqquşmaların necə nəticələnəcəyini isə təlimlərlə göstərməyə çalışır. Yəni bir növ bu təlimləri Rusiyanın özünüqoruma instikti kimi dəyərləndirmək olar. Sözsüz ki, region dövlətləri proseslərin bu şəkildə getməsindən çox narahatdırlar və problemin qaynar fazaya keçməsindən qorxurlar. Amma ABŞ Rusiyanın münasibətləri hərbi müstəviyə keçirməyəcəyinə, daha doğrusu, Kremlin buna cəsarət etməyəcəyinə müttəfiqlərini inandırmağa çalışır. Hətta belə hal olsa belə, Avropanın müdafiəsinə qarantı öz üzərinə çəkir. Müşahidələrim isə onu göstərir ki, bütün bunlara baxmayaraq, Qərb dövlətlərinin narahatlığı hələ də davam edir”.
Qeyd edək ki, Rusiya sentyabrın 11-də “Şərq-2018” hərbi təlimini keçirəcək. Təlimdə 300 min hərbçi iştirak edəcək. Təlimə həmçinin Çin və Monqolustan hərbçiləri də cəlb olunacaq.
Tarix: 31-08-2018, 08:12
Xəbəri paylaş





Xəbər lenti