Rusiya və Türkiyə Suriyanın bu şəhərində üz-üzə gələ bilər - Böyük savaşın astanasında
Suriyada qısa müddət davam edən sakitlikdən sonra döyüşlər başlayıb. Rusiyanın döyüş təyyarələri 22 gündən sonra Suriyanın İdlib şəhərini bombalayıb. Bu əməliyyatda Suriya ordusu da onlara kömək edib.Suriyanın İdlib şəhəri Türkiyə ilə sərhəddə yerləşir və hərbi-siyasi cəhətdən çox önəmlidir.
Bu şəhər uğrunda qızğın döyüşlərin başlayacağı barədə məlumatlar var. Hətta İdlib şəhərinin bölüşdürülməsi uğrunda Rusiya və Türkiyənin də üz-üzə gələcəyi ehtimal olunur.
Bəs kim nə istəyir?BBC-nin Türkiyə nümayəndəliyinə danışan mütəxəssislər İdlibin Suriyada 2011-ci ildə başlayan vətəndaş müharibəsinin gedişində önəmini vurğulayıblar. Onların sözlərinə görə, bu şəhər uğrunda aparılan mübarizə Suriyada vətəndaş müharibəsini sonlandıra bilər. Amma şəhər uğrunda başlayan yeni müharibənin ağır nəticələr verəcəyi bildirilir. Birləşmiş Millətlər Təşkilatının verdiyi son açıqlamadan məlum olur ki, şəhərə hücum başlasa, 3 milyon insan oranı tərk etməli olacaq. Bu isə yeni humanitar fəlakət deməkdir. BMT bəyan edib ki, bu son illərin ən böyük qaçqın böhranı ola bilər.
Rusiya və Suriya şəhərdən terrorçuların təmizlənməsinə qəti qərar verib. Amma Türkiyə qaçqın böhranına görə bu əməliyyatlara qarşıdır. Hazırda İdlib şəhərində müxtəlif silahlı dəstələrə üzv olan 30 min döyüşçü var.Şəhər Türkiyə üçün niyə bu qədər önəmlidir?İdlib, Astana sammiti çərçivəsində Suriyada təşkil olunan 4 təhlükəsiz bölgədən biridir. İmzalanan sənədlərə görə, Türkiyə İdlib şəhərinə 12 nəzarət məntəqəsi qurub. Bundan başqa, şəhərdə Rusiyanın 10, İranın isə 7 nəzarət məntəqəsi var. İdlib bölgənin aparıcı dövlətləri üçün xüsusi önəmə sahibdir. Əgər Bəşər Əsəd İdlib şəhərinə nəzarəti ələ keçirsə, Türkiyə nəzarət məntəqələrini itirməli olacaq.
Rusiya və Türkiyə İdlib şəhərində üz-üzə gələ bilərlərmi?Bu sual Suriya böhranından xəbəri olan hər kəsi maraqlandırır. Çünki Suriyadakı vətəndaş müharibəsi bir neçə dəfə Rusiya və Türkiyəni üz-üzə qoyub. Xatırladaq ki, Türkiyə Rusiyanın SU-24 qırıcı təyyarəsini vurmuşdu. Münasibətlər bu səbəbdən kəskinləşsə də, hazırda Türkiyə Rusiyadan S-400 raket sistemi almağa başlayıb. Bu isə münasibətlərin yüksək səviyyədə olması deməkdir.
Moskva və Ankara İdlibdə də qarşı-qarşıya gələ bilər. Ona görə ki, iki ölkə arasında “mülayim müxalifət” adlandırılan qrupla bağlı ciddi problemlər var.
Hələ ki, İdlib əməliyyatlarının Moskva və Ankara arasında necə razılaşdırılacağı barədə rəsmi məlumat yoxdur.Amma Rusiyanın xarici işlər naziri Sergey Lavrov avqustun 29-da Qərb ölkələrinə müraciət edərək bu ifadələri işlətmişdi: “Terrorla mübarizəyə əngəl olmayın”. Bu açıqlamanın ardından isə Türkiyə rəsmi şəkildə hansı qrupların müdafiə ediləcəyi ilə bağlı razılığın olduğunu bəyan etdi. Hər iki açıqlamada Ankara və Moskvanın ortaq hərəkət edəcəyinə işarə olunub. Suriya mütəxəssisi Aron Lund isə bu açıqlamalara təmkinli yanaşmağı məsləhət görür: Lavrov və rus diplomatlar razılığın olduğuna işarə edirlər. Rusiya və Türkiyə arasında ümumi razılaşma ola bilər.
İdlib, 2011-ci ildən bəri müxalifətin əlində qalan tək şəhərdir.
Əgər Bəşər Əsəd Rusiyanın köməkliyi ilə İdlibi özünə tabe etməyi bacarsa, bu Suriyada vətəndaş müharibəsinin hakimiyyətin qələbəsi ilə başa çatması anlamına gələcək.Fransanın xarici işlər naziri Jan-Yves Le Drian da Bəşər Əsədin artıq vətəndaş müharibəsini qazandığını etiraf edib: “Əsəd savaşı qazandı. Bunu ifadə etməyimiz gərəkdir. Amma Əsəd hələ sülhü əldə etməyib”.
Ona görə də, İdlib şəhərində paya sahib olmaq istəyən dövlətlər sona qədər mübarizə aparmaq istəyirlər.
ElvinMissiya.Az
Tarix: 5-09-2018, 15:26