Avropa Birliyi Şurası 26 ölkədən ibarət Şengen bölgəsi haqqında yeni qaydaları təsdiqləyib.
Cebhe.info xəbər verir ki, yeni qaydalara görə, Şengen bölgəsinə girişində viza tətbiq edilməyən ölkələrin vətəndaşlarına səyahət üçün icazə kağızı tələb ediləcək. Səyahət etmək istəyən şəxs 7 avro verərək internetdə qeydiyyatdan keçməlidir.
Viza sərbəst olan ölkələrin vətəndaşları isə bu qərardan heç də məmnun görünmür. Buna baxmayaraq, rəsmi qurumlar yeni qaydanın təhlükəsizliyin qorunmasına xidmət etdiyini bildirir.
Yeni sistemə görə, AB məkanında vizasız səyahət edəcək bütün şəxslər internetdə 7 avro müqabilində onlayn qeydiyyatdan keçməlidir.
Ancaq məsələ təkcə 7 avro ödəməklə bitmir. Səyahət icazəsi almaq üçün şəxs şəxsiyyətini təsdiqləyən sənəd, səyahət sənədləri, qalacağı ünvan, əvvəllər məhkum olub-olmaması, olduğu ölkələr, AB ölkələrindən deport edilib-edilməməsi kimi çoxsaylı suallara cavab verməlidir.
Daha sonra bu məlumatlar sistemdəki məlumatlarla qarşılaşdırılacaq və bundan sonra şəxsə səyahət icazəsi veriləcək.
2021-ci ildə icraya yönəldiləcək qərara görə, icazə 3 il üçün keçərli olacaq.
Xatırladaq ki, Şengen zonasına bu ölkələr daxildir: Belçika, Avstraliya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, İtaliya, Litva, Latviya, Lüksemburq, Malta, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Lixtenştayn.
Ümumilikdə 60-dan çox ölkənin vətəndaşı Şengen zonasına vizasız səyahət etmək imkanına malikdir. Bundan sonra isə onlar bunun üçün icazə alacaqlar.
Avropa Birliyinə daxil olmasalar da, İslandiya, Norveç, İsveçrə vtəndaşları da Şengen bölgəsində sərbəst səyahət etmək imkanına malikdir.