İnqilabların müsəlmanlara fəlakət gətirməsinin səbəbləri...


2011-ci ildən etibarən bir sıra ərəb ölkələrində inqilab pərdəsi adı altında Qərb dünyası tərəfindən təşkil olunan hadisələrin həmin dövlətləri fəlakətə sürüklədiyi göz önündədir. “Ərəb baharı” adlanan həmin proseslər nəticəsində o ölkələr hələ də özlərinə gələ bilməyiblər, aclıq-səfalət o yerlərdə hökm sürməkdə davam edir.

7 il öncə həmin proseslər baş verən vaxt Tunis, Liviya, Yəmən kimi müsəlman dövlətlərinin diktatorları devrildi və əksəriyyət bu ölkələrin əhalisinin xoşbəxt günlərə çıxacağını düşünürdü. Lakin hər şeyin tam əksi baş verdi. On minlərlə insan həyatını itirdi, öz doğma vətənindən didərgin düşdü. Suriyanın timsalında o faciələrin hələ də davam etdiyini söyləmək olar. Həmin vaxt bu ölkələrdə baş verən proseslərin təsiri digər müsəlman dövlətlərinə də keçməyə başlamış, son anda bu ölkələr fəlakətin bir addımlığından geri dönmüşdülər.

İslam dünyasındakı bu hadisələrdən fərqli olaraq, son 15 ildə bəzi xristian ölkələrində baş verən inqilablardan sonra o dövlətlərdə fərqli inkişaf modeli seçilir, insanların illərlə qanı tökülmür. Nə üçün müsəlman ölkələrindəki hakimiyyət dəyişiklikləri özü ilə fəlakət gətirir, xristian dövlətlərində isə fərqli nəticələrə səbəb olur?

ÐаÑÑинки по запÑоÑÑ politoloq Qabil Hüseynli

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirdi ki, Şərqlə Qərbi, Avropa ilə Asiyanı müqayisə etmək bir qədər çətindir: “Burada bir-birinə əks mövqelər çoxdur. Avropa mədəniyyətinin daşıyıcıları hesab edirdilər ki, dünyada mədəniyyətin beşiyi Avropadır. Şərqə isə daim dinin, cəhalətin hökm sürdüyü, ictimai tərəqqiyə meylin kasad olduğu bir məkan kimi baxıblar.

Müsəlman Şərqində inqilabların nəticəsiz qurtarmasının səbəbini orada hökm sürən cəhalətdə görür, fikir azadlığının zəif olması ilə əlaqələndirirəm. Ərəb ölkələrinin üzərindən inqilab dalğası bir-birinin ardınca keçdi. Hər inqilabdan sonra ziddiyyətlər yaşanmağa başladı, hakimiyyət uğrunda haqqı oldu-olmadı hər kəs mübarizə apardı, ambisiyalar meydan suladı. Bu da son nəticədə vətəndaş qarşıdurmasına, müharibəsinə gətirib çıxardı. Şərq özünün ziddiyyətləri ilə çox maraqlı bir məkandır. Burada orta əsr cəhalətini birdən-birə yarıb keçib müasir sivilizasiyanın yüksək nailiyyətlərinə qovuşdurmaq fəlakətsiz ötüşmür. Liviya kimi bir ölkədə Qəddafinin dövründə rejim kəskin bir rejim olsa da, ölkədə bir sabitlik var idi. Bunun da içərisində Qəddafinin sosializm adlandırdığı bir rifah cəmiyyəti var idi. Liviya halındən məmnun ola biləcəyi bir halda inqilaba meylləndirildi və nəticədə ölkənin nizamı bütünlüklə pozuldu. Belə məlum oldu ki, bu cəmiyyətə bir az azadlıq nəfəsi verdikdə bu cür durum yaranır. Ambisiyalı şəxslər silahlı dəstələr yaradır, ideologiyaları olmadan bir-biri ilə hakimiyyət uğrunda mübarizəyə başlayırlar. Əslində Qəddafi dövründən daha mütərəqqi cəmiyyət qurmaq arzusu ortada olduğu halda vətəndaş qarşıdurmaları ölkəni xaosa, hələ də başını yığmaq mümkün olmadığı sistem pozuqluğuna gətirib çıxardı. Eyni sözləri İraq kimi müsəlman ölkələri barədə də deyə bilərik”.

Politoloq müsəlman dünyasında müasir dövrün “məxməri” və “narıncı inqilablar”ını həyata keçirməyin asan olmadığını da söylədi: “Burada əsas səbəb kimi dinin hakim olmasını görürəm. Bunun nəticəsində din faktoru milli olan hər şeyi üstələyir. O ölkələrdə din cəmiyyətin ayrılmaz atributu kimi çıxış edir. Bu səbəbdən də siyasi sistem öz hədəflərini seçə bilmir, seçsə belə həyata keçirmək üçün imkan qazanmaq mümkün olmur. Ona görə də rəngli inqilabları inkişaf səviyyəsi o qədər də yüksək olmayan, dinin pərdəsində sıxılan ölkələrdə tətbiq etmək çətin olur. O ölkələrin müəyyən tarixi prosesləri keçmələrinə hələ çox ehtiyac var”.

Cavanşir ABBASLI

Tarix: 11-09-2018, 09:32
Xəbəri paylaş





Xəbər lenti