Ağ Evdə Trampa qarşı qiyam başlayıb. ABŞ rəhbərinin hakimiyyətdən getməsi müzakirə olunur.
Xatırladaq ki, son zamanlar ABŞ mətbuatında prezident Donald Tramp haqqında çox ciddi tənqidi yazılar dərc edilir. “The New York Times” qəzetindəki məqalə Trampı özündən çıxarıb. Çünki dərc olunan yazı birbaşa Ağ Evdə yaranan rezonansla əlaqəlidir. Yazı müəllifinin Tramp administrasiyasında çalışan adı açıqlanmayan şəxs olduğu bildirilir. Prezidenti tənqid edən yazar onu “yarı bişmiş, zəif məlumatlandırılmış və bəzən püskürən qərarlar qəbul edən” adlandırıb, həmçinin “demokratiya və ticarət əleyhdarı” və “əxlaqsız” olduğunu bildirib.
Tramp hələ də yazı müəllifinin kimliyini araşdırır. O, bildirib ki, ölkənin baş prokuroru və ədliyyə naziri Ceff Seşns araşdırma aparmalı və “The New York Times” qəzetindəki qalmaqallı məqalənin müəllifinin kim olduğunu müəyyən etməlidir. Yerli mətbuatda yayılan digər məlumatlara görə Ağ Evdə Trampa qarşı “müqavimət hərəkatı” fəaliyyət göstərir ki, onlar prezidentin qərarlarını sabotaj edir. Məqsəd Trampı hakimiyyətdən uzaqlaşdırmaqdır. ABŞ politoloqlarının fikrincə, sözün əsl mənasında Amerika administrasiyasında üsyan başlayıb. Əgər göstərilən faktlar həqiqətdirsə, Tramp öz ətrafındakılara nəzarət edə bilmir. Artıq 20-yə yaxın yüksək rütbəli şəxs, o cümlədən, 59 yaşlı vitse-prezident Mayk Pens, 67 yaşlı müdafiə naziri Ceyms Məttis və 54 yaşlı dövlət katibi Mayk Pompeo məqalənin müəllifi olmadıqlarını bildiriblər. Hələlik “üsyankarı” tapmaq mümkün olmayıb.
Siyasi şərhçi Natiq Miri “Cümhuriyət” qəzetinə şərhində deyib ki, Trampın prezidentliyi dövründə hadisələrin təxminən bu səviyyədə olacağı bəlli idi: “Seçkilər öncəsində verdiyimiz proqnozlarda qeyd edirdik ki, Tramp bütövlükdə beynəlxalq münasibətlərə adekvat şəxs deyil, siyasətdən uzaqdır və hər şeyi biznes mənfəəti çərçivəsində düşündüyü üçün dünyaya müsbət mənada verəcəyi heç bir töhfə yoxdur. Tramp Ağ Evə gələndən bəri dünyada da münasibətlər sistemi tamamilə alt-üst olub. Bütün ticarət sistemi çöküb. ABŞ dünyanın ən güclü ticarət tərəfdaşları ilə bu gün münaqişə vəziyyətindədir. Hətta strateji müttəfiqi olan Avropa Birliyi, Kanada kimi ən yaxın dövlətlərlə belə bu gün ticarət müharibəsi səviyyəsində münasibətlər tənzimlənir. Artıq strateji müttəfiqləri belə Trampa qarşı kənarda konkret ortaqlıqlar, birliklər təklif edirlər. Xatırladım ki, bir müddət əvvəl Avropa Birliyinin bilavasitə bizneslə bağlı nümayəndəsi Ankaraya gəlib və Türkiyənin Odalar və Ticarət Birliyi başqanı ilə görüşüb. O, maraqlı bir cümlə işlədib ki, “Tramp bu gün bir ilan olaraq bütün dünya dövlətlərini çalır və biz bir siçan olaraq bunun qarşısında durmuşuq. Ancaq əgər biz Türkiyə ilə bir olarıqsa, hər şey tərsinə çevrilər. Yəni ilan biz, siçan isə Tramp olar”.
Bu gün məhz Trampın fəaliyyəti çərçivəsində ABŞ bütün sferada təklənmiş durumdadır. Həm hərbi, həm siyasi, həm iqtisadi, həm də ticari yöndə Amerika çox sürətlə təklənməkdədir. Bu cür dirəniş təkcə strateji müttəfiqlər və ABŞ-ın rəqibləri səviyyəsində deyil. Tramp Administrasiyasında fəaliyyət göstərən öz komandasının üzvləri belə Trampın qeyri-adekvat, anormal addımları və verdiyi qərarlara, yazdığı tvitlərə qarşı dirənməyə başlayıb. Əslində ölkə mediasında dərc olunan məqalə və ABŞ-ın ən məşhur yazarlarının yazdığı kitablarda da göstərilir ki, Amerika bu gün çox uğursuz bir zolağa girib. Bu zolaqdan necə çıxmaq barədə ABŞ-da ən ağıllı insanlar baş sındırmağa başlayıb. Təsəvvür edin bu gün ABŞ-ın prezidenti “The New York Times”da yazılan anonim bir məqalənin yazarını öz komandası içərisində axtarır və bunun üçün Mərkəzi Kəşfiyyat İdarəsindən casusluqla bağlı mütəxəssislər dəvət edib ki, qeyri-rəsmi olaraq Ağ Evdə 12 şəxsi sorğulasın. Hansı ki, bu addım ABŞ Konstitusiyasına daban-dabana zidddir. Bu məsələnin Konstitusiya çərçivəsində ciddi surətdə müzakirə olunması və istintaqın başlanması üçün hüquqi zəmin var”.
Politoloqun sözlərinə görə, Tramp bu gün Ağ Evi elə bir vəziyyətə gətirib ki, artıq amerikalılar onun qeyri-normal addımlarına vərdiş ediblər: “Bu gün “dərin dövlət” Trampı növbəti seçkilərdən necə başından edəcəyi ilə bağlı düşünməkdədir. Noyabrda konqresdə həm ABŞ xalqı, həm də “dərin dövlət” səviyyəsində Trampa olan münasibəti görəcəyik. Bəlli olacaq ki, Trampa münasibət ABŞ-da necədir. O ki qaldı Trampın tamamilə qeyri-konstitusion addımlarına yönəlik impicment məsələsinə, bu, o qədər də asan görünmür. Tramp bu gün konqresdə çoxluq təşkil edən yəhudi lobbisi tərəfindən dəstəklənir. Eyni zamanda ABŞ-ın bütün strukturlarına ciddi şəkildə sirayət edən dini təriqətin üzvləri də Trampı dəstəkləyirlər. Hətta bu insanların ABŞ-da 100 milyondan çox səsə malik olduğunu deyənlər də var. Ona görə də yaxın zamanlarda düşünmürəm ki, Trampa qarşı impicment məsələsini qoymaq mümkün olsun. Rusiyanın seçkiyə müdaxiləsi ilə bağlı uzun müddətdir ki, xüsusi prokuror Müllerin apardığı bir istintaq var. Amma bu istintaq nədənsə başa çatdırıla bilmir. O demək deyil ki, əldə ciddi hüquqi dəlillər yoxdur. Bu o deməkdir ki, məsələyə ciddi surətdə əngəllər var. Amerikada ciddi gücə sahib olan yəhudi lobbisi və yevangelis məzhəbi buna imkan vermir”.
Cebhe.info