“Üçlər ittifaqı” dağılır:Türkiyə Rusiya və İrandan ayrılır


“Üçlər ittifaqı” dağılır:Türkiyə Rusiya və İrandan ayrılır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Wall Street Journal" qəzetinə yazdığı məqaləsində rejimin İdlib vilayətinə hücumunun humanitar fəlakətə səbəb olacağını yazıb.

“Türkiyənin cənub sərhədində cinayətkar Bəşər Əsəd rejimi yeddi ildir Suriya vətəndaşlarına qarşı mübarizə aparır, onları qanunsuz həbslərə, sistemli şəkildə həyata keçirilən işgəncələrə məruz qoyur, məhkəməsiz, istintaqsız edamlar təşkil edir, onların üzərinə bombalar yağdırır, onlara qarşı kimyəvi və adi silahdan istifadə edir. 

Bu problemlərlə üzləşən Türkiyə onların siyasi yolla həll edilməsi üçün diplomatik səylər göstərir. Biz Suriya müxalifətini Cenevrədə danışıqlar masası arxasına oturtmuşuq, Rusiya və İranla birgə Astana prosesini başlatmışıq. Nəticədə Türkiyə vasitəçi kimi bir sıra bölgədə atəşkəs rejiminə nail olub, deskalasiya zonası yarada və rejim hücumlarına məruz qalan ərazilərdən mülki əhalini təxliyyə edə bilib.

Bu gün yenidən çətin vəziyyətlə üzləşmişik. Belə ki, Əsəd rejimi müttəfiqlərinin köməyi ilə təxminən 3 milyon insanın yaşadığı İdlibə kütləvi hücuma hazırlaşır. İdlib məcburi köçkünlər üçün ölkədə qalan azsaylı təhlükəsiz sığınacaqlardan biridir. Hücumun qarşısını almaq üçün hökumətimiz dekonfliktizasiya zonasının yaradılmasına yardım edib, rejim tərəfindən atəşkəs rejiminin pozulması hallarını qeydə alaraq onlar barədə dünyanı məlumatlandırmaq üçün 12 müşahidə postu quraşdırıb.

Əsəd rejimi hazırlanan hücumu əsaslandırmağa çalışır, bunun terrorizmlə mübarizə əməliyyatı olduğunu iddia edir. Şübhəsiz, dünyada heç bir ölkə terrorizmlə mübarizənin əhəmiyyətini bütün regionun təhlükəsizliyini sarsıdan Suriya münaqişəsi başladığı gündən terror hücumlarından əziyyət çəkən Türkiyə kimi yaxşı dərk etmir. Bəşər Əsəd yanlış qərar qəbul edib. Terrorizmlə mübarizə naminə günahsız insanların həyatlarını qurban vermək olmaz. Bu, yeni terrorizm və ekstremizm ocaqlarının yaranmasına gətirib çıxaracaq. İŞİD-in güclənməsi Suriyada baş verənlərin səbəbi deyil, nəticəsi olub. Beynəlxalq ictimaiyyət bu zorakılığın qarşısını almağa və terrorizmin kök atmasına yol verməməyə borcludur.

İdlibdə də analoji problemlərlə üzləşirik. Terror təşkilatları cərgəsinə aid edilən bəzi təşkilatlar, o cümlədən, “Hayat Tahrir əş-Şam” bu vilayətdə aktiv fəaliyyətini davam etdirir. Lakin həmin döyüşçülər İdlib əhalisinin sadəcə, kiçik bir hissəsini təşkil edir. İdlibdə terrorçuları, ekstremistləri məhv etmək və xarici döyüşçüləri ədalət məhkəməsinin qarşısına çıxarmaq üçün terrorla mübarizədə hərtərəfli beynəlxalq əməliyyat lazımdır. Suriyanın şimalında Türkiyənin terrorçulara qarşı apardığı mübarizədə mötədil üsyançılar əsas rol oynayıb. İdlibdə də onların yardımına, köməyinə çox ehtiyac var.

İdlibə hücum yaxınlaşdıqca beynəlxalq ictimaiyyətin bütün üzvləri öz məsuliyyətini dərk etməlidir. Passivliyin nəticəsi ağır olacaq. Suriya xalqını Bəşər Əsədin ümidinə buraxmaq olmaz. Onun İdlibə hücumunun məqsədi terrorizmə qarşı həqiqi, effektiv kampaniya deyil, müxalifəti məhv etmək tapşırığı daşıyan sistemsiz, əsassız zərbələrdir. Bu hücum ilə rejim həmçinin Türkiyə, Avropa və digər regionlar üçün ciddi humanitar risk və təhlükəsizlik problemi yaradacaq.

Bütün diqqətini kimyəvi hücumlara yönəldən ABŞ bu cür mübahisəli ölüm iyerarxiyasından imtina etməlidir. Adi silahdan daha çox insan həlak olur. Lakin qətliamı dayandırma məsuliyyəti yalnız Qərbin üzərinə düşmür. Astana prosesindəki tərəfdaşlarımız - Rusiya və İran da bu humanitar fəlakəti dayandırmaqda eyni şəkildə cavabdehdirlər.

İdlibdəki fəlakət yaxınlaşır. Əgər Avropa və ABŞ da daxil olmaqla, beynəlxalq ictimaiyyət təcili hərəkətə keçməsə, buna görə nəinki günahsız suriyalılar, həmçinin bütün dünya bədəl ödəyəcək. Qonşu ölkədə qətliama yol verməmək üçün Türkiyə əlindən gələni edir. Bu səylərdə uğur əldə etməyimiz üçün yerdə qalan ölkələr də mənfəətpərəst maraqlarından imtina etməli və siyasi həlli dəstəkləməlidir”.

Məqalədə vurğulanan məqamları təhlil etdikdə, həm Qərbə, həm də Rusiyaya və İrana ünvanlanmış kifayət qədər ciddi siyasi mesajların yer aldığını görmək olar. Belə ki, İran, Türkiyə və Rusiya prezidentlərinin sentyabrın 8-də Tehranda keçirilmiş görüşündən sonra bu üçlük formatı daxilində fikir ayrılığı açıq müşahidə olunmağa başlayıb. Rusiya və İranın Bəşər Əsəd ordusu ilə birlikdə İdlib üzərinə hərbi əməliyyatlar keçirməkdə israr etməsi Türkiyəni demək olar ki, təklənmiş duruma salıb. Prezident Rəcəb Tayyib Ərdoğanın İdlibdə atəşkəs elan edilməsinə dair təklifi isə qəbul olunmadı. Sentyabrın 10-dan başlayaraq Rusiya və Suriya aviasiyası İdlib şəhərini anti-terror əməliyyatları adı altında bombalayır. Aviazərbələr nəticəsində onlarla mülki şəxs, o cümlədən, uşaqlar həlak olub.

30 mindən artıq insan Türkiyə sərhədini keçmək üçün şimala qaçıb. Buna baxmayaraq, hərbi əməliyyatları dayandırmaq üçün Rusiya və Bəşər Əsəd Türkiyənin çağırışlarına məhəl qoymur. Yaxın vaxtlarda plana əsasən İran ordusu Həma istiqamətindən Suriya hökumət qüvvələri ilə birlikdə hücuma hazırlaşır. Lakin müttəfiqlər “Əl-Qaida” terror təşkilatına bağlı olan “Həyat Tahrir əş-Şəm” qruplaşmasına qarşı mübarizə adı altında Türkiyə tərəfindən dəstəklənən Azad Suriya Ordusunu da məhv etməyi qarşıya məqsəd qoyub. Bu isə rəsmi Ankaranın Suriya siyasətində Rusiya və İranla münasibətlərində çatın yaranmasına səbəb olub.

İkinci problem qaçqınlarla bağlıdır. 2012-ci ildə Suriyada vətəndaş müharibəsinin başlanmasından sonra Suriyadan Türkiyə ərazisinə 3 milyon nəfərə yaxın qaçqın gəlib. Onların Türkiyə ərazisində yerləşdirilməsi və maddi təminatı ilə bağlı Türkiyənin dövlət büdcəsindən 5 milyard dollardan artıq vəsait xərclənib. Ancaq indi Türkiyənin maliyyə durumunda yaranmış problemlər İdlibdən miqrasiya edəcək 3 milyondan artıq növbəti qaçqın dalğasını qarşılamağa imkan vermir. Təbii ki, bu məsələ Avropa ölkələrini də narahat edir. Hətta İdlib ərazisini tərk edəcək “Əl-Qaida”çıların qaçqınlarla birlikdə Avropaya keçmək riski yaranacaq. Ona görə də prezident Ərdoğanın məqaləsindəki ABŞ və Avropa Birliyinə ünvanlanmış çağırışlar yaranmış təhlükənin miqyasının Qərbdən yan keçməyəcək qədər geniş olduğunu əks etdirir. 

Üçüncüsü, qeyd edilən məqalədə Türkiyə prezidentinin Rusiya və İran tərəfindən dəstəklənən Əsəd rejiminin devrilməsi üçün ABŞ-a və Avropa Birliyinə hərəkətə keçməyi təklif edir. Bu, dolayısı ilə taktiki müttəfiqləri tərəfindən təklənmiş Türkiyənin Qərblə anlaşmaya getməyə hazır olduğuna dair mesaj kimi başa düşülə bilər.

Məsələni “Cümhuriyət” qəzetinə şərh edən NATO Əmkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov hesab edir ki, Rusiya-Türkiyə-İran ittifaqı dağıla bilər. Bunun səbəbi adıçəkilən üç dövləti birləşdirən vahid dəyərlər sisteminin olmamasıdır: “Rusiya Suriyada qalmaq üçün, İran özünə qarşı təhlükələri uzaqlaşdırmaq üçün, Türkiyə isə milli təhlükəsizliyini qorumaq və parçalanma təhlükəsinin qarşısını almaq üçün savaşır. Hər üç ölkələrin milli maraqları digərinin milli maraqlarına ziddir. Rusiyanın bu bölgədəki fəaliyyətiı Türkiyənin milli təhlükəsizliyinə zərbədir. İranın Yaxın Şərqdə qalaraq radikal dini qruplara dəstək verməsi Türkiyədəki terror hadisələrinə gətirib çıxara bilər. Ona görə də bu üç ölkənin ittifaqı tezliklə fiaskoya uğrayacaq. Tehran görüşündə də Rusiya prezidenti Vladimir Putin diplomatik yolla Rəcəb Tayyib Ərdoğanı İdlibdə terrorçulara dəstək verməkdə ittiham etdi.

Putin bildirdi ki, həmin ərazidə Türkiyənin dəstəklədiyi və Qərbin də müxalifət hesab edərək maliyyələşdirdiyi qüvvələri Rusiya və İran terrorçu hesab edir. Bu isə üçlük formatının siyasi çöküşünün əsasını qoydu. Bundan sonra Türkiyə prezidentinin "Wall Street Journal" qəzetində belə bir məqalə dərc etdirməsi normaldır. Rəsmi Ankara İdlib ərazisində Bəşər Əsədə qarşı vuruşmayacağını yaxşı başa düşür. Əsəd gücsüz bir varlıqdır və Türkiyə asanlıqla Dəməşqə qədər gedib çıxa bilər. Türkiyə yaxşı bilir ki, qarşısındakı real qüvvə İran və Rusiyadır. Prezident Ərdoğan həmin məqaləni yazmaqla ABŞ-a, Avropa Birliyinə və İsrailə mesaj verdi ki, Rusiya qalib gələrsə, sizin Yaxın Şərq layihəniz iflasa uğrayacaq. Rusiyaya və İrana qarşı birgə mübarizə aparmaq üçün mənə kömək edin. Bu proses isə Əsəd rejiminə qarşı mübarizə adı altında həyata keçiriləcək. Bu mesaj birbaşa Rusiya və İranla bağlı idi. Belə davam edərsə, Türkiyənin Rusiya ilə strateji əhəmiyyətli layihələrindən, o cümlədən, “S-400”-lərin alınmasından imtina edəcəyi istisna edilmir.

Düşünürəm ki, Türkiyəyə dəstək verilməldiir. ABŞ prezidenti Trampın yanlış siyasəti Avropa Birliyini bəzi məsələlərdə geri addım atmağa vadar etdi. Amma növbəti miqrant böhranı ilə üzləşməmək üçün sülhə nail olmaq lazımdır. Eyni zamanda, Azad Suriya Ordusu Suriyada gələcək hakimiyyətin formalaşmasında iştirak edəcək bir qurumdur. Azad Suriya Odusu həm də siyasi hərəkatdır. Bu səbəbdən ABŞ və Avropa Birliyi müxalifətin bu qoluna dəstəyiini davam etdirməlidir. Əks təqdirdə, Avropa qaçqın böhranı ilə üzləşəcək. Türkiyənin də iqtisadi vəziyyəti həmin qaçqınları qarşılamağa hazır deyil. Əgər Putin durdurulmasa, Yaxın Şərqi böyük böhranlar bürüyəcək”.

Politoloq onu da bildirdi ki, ABŞ-ın Suriyadakı Əsəd rejiminə məxsus hərbi bazalara, o cümlədən, Rusiyanın və İranın hərbi obyektlərinə raket zərbələri endirəcəyinə dair məlumatlar var. Rusiya və Suriya aviasiyasının İdlibdə zəhərli farel bombalarından istifadə etməsi bu əməliyyatı həyata keçirmək üçün tutarlı arqument olacaq: “Bu əməliyyat Yaxın Şərqdə qüvvələr balansını tamamilə məhv edəcək. ABŞ ordusunun İsrail və Türkiyə ilə birlikdə İraqda olduğu kimi quru əməliyyatlarına başlayacağı istisna edilmir. Rusiyanı durdurmaq üçün Əsədə qarşı əməliyyatlar mütləqdir. Prezident Ərdoğan yaxın günlərdə ABŞ-a səfər edərək BMT Baş Assambleyasında çıxış edəcək və Əsəd rejiminə qarşı mübarizədə dəstək istəyəcək. Hətta keşiş Endryu Bransonu ABŞ-a gedərkən özü ilə aparsın, yaxud ondan sonra ABŞ-a təslim etsin. Onu da qeyd edim ki, Əsəd rejiminin devrilməsi planını Almaniya və İsrail də dəstəkləyir. Bizi Suriyada çox ağır nəticələrə hesablanmış böyük hərbi əməliyyatlar gözləyir”. 

Müşfiq Abdulla
Cebhe.info

Tarix: 13-09-2018, 21:24
Xəbəri paylaş





Xəbər lenti