Rusiyanın müdafiə naziri Sergey Şoyqu Suriya sahillərində, Aralıq dənizi akvatoriyası üzərində vurulan İl-20 kəşfiyyat təyyarəsinə görə rəsmən İsraili günahlandırıb. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu haqda Şoyqu İsrail müdafiə naziri Aviqdor Libermanla telefon danışığı zamanı bildirib.
Sergey Şoyqunun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyi dəfələrlə müxtəlif kanallarla İsrail ordusunu Suriyaya zərbələrdən çəkinməyə çağırmışdı. O, habelə qeyd edib ki, Moskva İsrailə münasibətdə sonrakı addımlar barədə hüququnu özündə saxlayır.
Xatırladaq ki, göyərtəsində 14 Rusiya hərbçisi olan İl-20 kəşfiyyat-radioelektron mübarizə təyyarəsi Hmeymim bazasına qayıdarkən vurulub. Həmin vaxt İsrail qırıcıları Latakiyə və Tartus şəhərlərindəki hədəflərə raket zərbələri endirirdi. Suriyanın Hava Hücumundan Müdafiə qüvvələri isə İsrail qırıcılarını vurmağa çalışırdı. Lakin suriyalıların buraxdığı S-200 raketi İsrail qırıcılarına yox, həmin rayonda uçan Rusiya təyyarəsinə dəyib.
* * *12:14
Rusiya Müdafiə Nazirliyinin verdiyi məlumata görə, “İl-20” təyyarəsinin göyərtəsində olan 15 hərbçinin hamısı həlak olub.
Virtualaz.org “LifeShot” telegram-kanalına istinadən xəbər verir ki, Rusiya MN-in məlumatına əsasən, İsrail ordusunun F-16 təyyarələri Rusiya təyyarəsinin S-200 raket kompleksi tərəfindən vurulmasına səbəb olublar.
“Biz müvafiq cavab hərəkətlərinə haqqımızı qoruyub saxlayırıq”, - Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.
* * *12:05
Rusiyaya məxsus “İl-20” təyyarəsi Suriya HHQ-yə aid S-200 raket kompleksi tərəfindən vurulub.
Virtualaz.org RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.
“F-16-ya nisbətən daha böyük effektiv əksetmə səthinə məxsus İl-20 təyyarəsi S-200 kompleksinin raketi ilə vurulub”, - əlavə edib.
* * * 08:19
Rusiyanın İl-20 radioelektron kəşfiyyat və mübarizə təyyarəsi Suriyadakı Hmeymim aviabazası rayonunda radarlardan “itib”. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, təyyarənin göyərtəsində 14 hərbçi olub, onların taleyi məlum deyil. Təyyarənin axtarışı üçün axtarış-xilasetmə əməliyyatı başlayıb.
Rusiya Müdafiə Nazirliyi bildirir ki, təyyarə İsrail qırıcılarının Latakiyə əyalətində Suriyaya aid obyektlərə raket zərbələri endirdiyi bir vaxtda radarlardan itib. Həmin vaxt təyyarə Aralıq dənizi akvatoriyası üzərində uçurdu. Fövqəladə vəziyyət təyyarənin sahildən 35 kilometr məsafədəki Hmeymim aviabazasına qayıtması zamanı baş verib.
Rusiya Müdafiə Nazirliyinin bildirdiyinə görə təyyarənin radarlardan itdiyi vaxtlarda radiolokasiya vasitələri tərəfindən həmin rayonda mövqe tutan Fransa dəniz qüvvələrinin “Auvergne” freqatından raket buraxıldığı qeydə alınıb. “Auvergne” çoxtəyinatlı freqatdır, sualtı qayıqlara qarşı mübarizə və hava hücumundan müdafiə üçün nəzərdə tutulub, habelə quru obyektlərinə və suüstü hədəflərə raket zərbələri endirə bilir.
ABŞ hökumətindəki mənbə isə CNN-ə bildirib ki, Rusiya kəşfiyyat təyyarəsi Suriyanın hava hücumundan müdafiə sistemləri tərəfindən vurula bilərdi. Belə ki, İsrail aviasiyasının Latakiyə rayonuna zərbələr endirdiyi vaxt Suriyanın hava hücumudan müdafiə sistemləri bu hücumu dəf etməyə çalışıb. Telekanala məlumat verən digər mənbə də təyyarənin itdiyi vaxtda İsrailin Suriya ərazisinə hava reydi həyata keçirdiyini bildirib. Reyddə İsrailin F-16 təyyarələrinin iştirak etdiyi bildirilir, İsrail isə bu məlumatları şərh etmir.