ABŞ-a qarşı yeni MÜBARİZƏ ÜSULU


ABŞ-a qarşı yeni MÜBARİZƏ ÜSULU

Rusiya hökuməti bildirib ki, Avrasiya İqtisadi Birliyi (AİB) ilə İran arasında azad ticarət sazişinin ilkin layihəsini ratifikasiya edib və parlamentin müzakirəsinə göndərib.

Belarus, Qazaxıstan, Ermənistan, Qırğızıstan və Rusiyadan ibarət beş ölkənin iqtisadi bloku mayın 17-də Astanada keçirilən İqtisadi Forum çərçivəsində İranla müvəqqəti sərbəst ticarət sazişi imzalayıblar. Müvəqqəti saziş tərəflərin yekun müqavilə imzalayacağı müddətə qədər 3 il qüvvədə qalacaq. Sazişin məqsədi rüsumları azaltmaq, həmçinin öhdəliyin artırılması və qarşılıqlı ticarətin gücləndirilməsi üçün qeyri-tarif maneələrinin aradan qaldırılmasıdır.

Ekspertlər hesab edir ki, sözügedən sazişin imzalanması Amerika Birləşmiş Ştatlarının (ABŞ) tətbiq etdiyi sanksiyalardan sonra iqtisadi böhranla üz-üzə qalan dövlətlərin mövcud vəziyyətdən çıxmasına hesablanmış addımdır. İran və Rusiya ilə vəziyyət onsuz da aydındır. ABŞ hər iki ölkə haqqında sanksiya qərarını artıq verib. ABŞ-Türkiyə münasibətləri də hazırda gərginləşən xətt üzrə davam edir. FETÖ lideri Fətullah Gülən və Keşiş Branson məsələsi ilə başlayan gərginlik hazırda qarşılıqlı “ticarət müharibəsinə”  çevrilib.

Hazırda Türkiyədə milli valyuta ucuzlaşıb və iqtisadi problemlər getdikcə daha da artır. Bu amilləri nəzərə alaraq, ekspertlər hesab edir ki, İran və Rusiya arasında imzalanacaq sazişə Türkiyə də qoşulacaq. Rusiya, İran və Türkiyə üçlüyü ABŞ-a qarşı bu cür mübarizə üsulundan istifadə edərək, mövcud iqtisadi problemlərdən xilas olmaq istəyir. Maraqlıdır, bu saziş dövlətlərə nə verə bilər?

Politoloq Zaur İbrahimli “Cümhuriyət” qəzetinə açıqlamasında Türkiyənin də bu sazişə qoşulacağını istisna etməyib. Z.İbrahimli hesab edir ki, bu, daha çox Vaşinqtonun Ankaraya münasibətindən asılı olacaq: “Şübhəsiz ki, İran-Rusiya-Avrasiya İqtisadi Birliyi ilə İran arasında iqtisadi əlaqələrdə dinamikanın artması  məhz Moskva-Vaşinqton qarşıdurmasının gücləndiyi zamana təsadüf edir. Son iki ilə  qədər iki ölkə arasındakı ticarət dövriyyəsi heç 3 milyard dollara çatmırdı. Rusiya və İranın eyni vaxtda ABŞ-ın çox sərt sanksiyalara məruz qalması hər iki ölkə üçün alternativ   mexanizmlərin meydana çıxmasını zəruri edib. Hələ ki, ABŞ sanksiyalara qarşı effektiv əks-mexanizm qoymaq gücündə deyil. Bununla belə, müxtəlif yollar sınaqdan çıxarılır. Bu yollardan biri kimi ölkələr daxili bazarları açmaq, qarşılıqlı ticarət üçün maksimum əlverişli şərtlər yaratmağa çalışırlar. Həmçinin, həm İran, həm də Rusiya sərbəst ticarət edə biləcəkləri çoğrafiyanın genişlənməsinə və ölkələrin sayının artmasına çalışırlar.

Avrasiya İqtisadi Birliyi (AİB) ilə İran arasında azad ticarət sazişinin ilkin layihəsinin ratifikasiyası məhz bu məqsədə xidmət edir. Aydındır ki, İran üçün əsas diqqət Rusiya bazarlarına yönəlib. İran kənd təsərrüfatı seqmentində öz rolunu artırmağa çalışır, ruslar isə qarşı tərəfi metal məhsulları, və avadanlıqları alan ölkə kimi nəzərdən keçirirlər. Türkiyənin bu sazişə qoşulub-qoşulmayacağı isə ABŞ-ın münasibətindən asılı olacaq. Rusiya və İranla müqayisədə Türkiyə üçün tətbiq edilən ABŞ sanksiyaları o qədər də təhlükəli deyil və daha çox psixoloji effektə malikdir. Əgər Vaşinqtondan Ankaraya qarşı iqtisadi sahədə təzyiqlər davam edərsə, Ankara üçün bu saziş qoşulmaq alternativlərdən biri ola bilər”. 

Politoloq sonda vurğulayıb ki, mövcud vəziyyətdə iqtisadi potensialı nəzərə almaq lazımdır. Z.İbrahimlinin sözlərinə görə Türkiyə üçün Avropa bazarı daha vacibdir:

“Həmçinin Türkiyə iqisadiyyatı qlobal bazarlardan daha çox asılıdır. Ankara yalnız çox güclü təzyiqlə üzləşdiyi halda alternativləri nəzərdən keçirə bilər”.

Vilayət Muxtar

Cebhe.info

Tarix: 19-09-2018, 21:22
Xəbəri paylaş





Xəbər lenti