Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyan bank hesabındakı dondurulmuş pullarının üzərindən həbs götürülərsə, bir hissəsini büdcəyə təhvil verməyə hazır olduğunu bəyan edib. O, eyni zamanda şəxsi vəsaitlərinin qeyri-qanuni olaraq dondurulduğunu bildirib. Ermənistan Baş Prokurorluğunun məlumatına görə, Aleksandr Sarkisyanın bank hesabına Milli Təhlükəsizlik Xidməti (MTX) İstintaq İdarəsinin qərarı ilə cinayət işi üzrə mülki vəsatəti və mülkün ehtimal olunan müsadirəsini təmin etmək məqsədilə hələ iyulun 9-da həbs qoyulub. Lakin məlumatda hansı vəsatətdən söhbət getdiyi bildirilmir.
Yerli ekspertlər hesab edir ki, sabiq prezidentin qardaşı A.Sarkisyanın bu bəyanatı Serj Sarkisyanın ailəsini və ətrafını Nikol Paşinyanın təhlükəsindən qorumaq məqsədi daşıyır. Siyasilər düşünür ki, Sarkisyan ailəsinə və ətrafına olan təqiblərin qarşısını pulları geri qaytarmaqla almaq istəyir.
Məsələyə münasibət bildirən politoloq Natiq Miri Cebhe.info-ya açıqlamasında Sarkisyan və Qarabağ klanının Nikol Paşinyanın onları tamamilə zərərsizləşdirmək məqsədini anladığını deyib.
Onun sözlərinə görə, Sarkisyan bilir ki, Paşinyan həm ermənilərə verdiyi vədlər kontekstində, həm də öz siyasi perspektivini təmin etmək üçün yolunda sədd olan Qarabağ klanı adı altındakı kol-kosu təmizləməlidir:
“Yəni, siyasi cəhətdən zərərsizləşdirməlidir. Ona görə də Qarabağ klanına qarşı artıq bu hüquqi prosedur başladılıb. Bu proses görünür ki, bir çox dairələri əhatə edəcək. Bunlar bilavasitə Sarkisyan klanına aid olan keçmiş oliqarxik sistemin tör-töküntüləridir. Təbii ki, bu sırada öndə gələn keçmiş prezident Sarkisyanın qardaşları və qardaşı uşaqlarıdır. Məlumdur ki, onlar erməni xalqının milyardlarla varidatını bu vaxta qədər mənimsəyərək,iqtisadiyyatı monopoliyaya alaraq Ermənistanı iqtisadı çöküş vəziyyətinə gətiriblər. Ona görə də dolayısı ilə həbsdə olan və olmayan Sarkisyan rejiminə aid oliqarxlara, onların ailəsinə çatdırılır ki, yalnız oğurladıqları milyardları qaytardıqları təqdirdə bağışlana bilərlər".
“Oğurlanan milyardları büdcəyə qaytarandan sonra təbii ki, bu insanların Ermənistanda yaşaması mümkün olmayacaq” ,- deyən N.Miri düşünür ki, onlar öz təhlükəsizliklərini təmin etmək üçün mütləq mənada Rusiya və ya digər ölkələrə qaçmaq məcburiyyətində qalacaqlar:
"Bu gerçəyi Paşinyan da bilməmiş deyil. Ona görə də Ermənistanın indiki çətin vəziyyətində büdcəni digər maliyyə qaynaqlarından doldura bilməyən Paşinyan Sarkisyan rejiminin təmsilçisi olan oliqarxların bankdakı pullarını yenidən büdcəyə qaytarmaq istəyir. Paşinyan ən azından indiki kritik vəziyyətdən çıxmaq üçün bu milyonları büdcəyə qaytarmaqla müəyyən mənada seçkilərə qədər Ermənistandakı iqtisadi böhranı tənzimləməyə çalışır".
Elmir Murad