Amerika Birləşmiş Ştatları (ABŞ) dünya ölkələrinə qarşı sərt siyasətini davam etdirir.
Rusiya, İran, Çin və digər ölkələrə qarşı ABŞ-ın elan etdiyi iqtisadi müharibə bu gün Birləşmiş Ştatların öz müttəfiqlərinin də narazılığına səbəb olur. Ancaq görünən odur ki, ABŞ tutduğu yoldan dönmək niyyətində deyil. Ötən gün ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasının 73-cü sessiyasındakı çıxışında Suriya, Yəmən və İranla bağlı sərt bəyanatlar verib. Tramp BMT-də İranı və Əsədi hədələyib, eyni zamanda İnsan Haqları Komitəsindən çıxdıqlarını elan etdi.
Politoloq Əhəd Məmmədli “Cümhuriyət” qəzetinə şərhində deyib ki, ABŞ-ın siyasəti dünyanı müharibəyə sürükləyir:
“ABŞ ötən əsrdən İranı, Suriya diktatoru Hafiz Əsədi, indi də oğlu Bəşər Əsədi hədələyir. Yəni, bu yenilik deyil. Tramp ölkəsini siyasətçidən daha çox iqtisadçı kimi idarə edir. Tramp dünyaya deyir ki, əgər istəyirsiz, biz sizin təhlükəsizliyinizi qoruyaq, pul xərcləyin. Amerika daha heç kəsin təhlükəsizliyini müftə müdafiə edən deyil. Tramp bu cür addımları ilə Avropadakı müttəfiqlərindən onları qoruduqları üçün pul almaq istəyir. Tramp Avropa və Asiyadakı müttəfiqlərinə mesaj verir ki, daha biz sizi Rusiyadan, Çindən, İrandan və qlobal dini fundamentalizmdən öz pulumuzla qoruyan deyilik, qorunmaq istəyirsizsə, pul xərcləyin. Bu, əsl biznesmen yanaşmasıdır. Məsələn, amerikalılar bu cür yanaşma ilə ərəb monarxiyalarından silah satışı adı ilə kifayət qədər pul qoparıblar”.
Amerikanın İnsan Haqları Komitəsindən çıxmasına gəlincə, politoloq deyib ki, bu heç nəyi dəyişməyəcək: “Bununla böyük miqyasda heç nə dəyişən deyil. Sadəcə, Tramp şoumen siyasətçilərdən olduğundan bu cür addımları ilə diqqətdə qalmağı sevir. Lakin ABŞ tək prezident tərəfindən idarə olunmadığından geosiyasət yenə də Amerika üçün prioritet məsələ olaraq qalacaq. Amerikanı fövqəldövlət edən onun gücüdür. Təbii bu gücdən Vaşinqton heç bir halda Vaşinqton imtina edən deyil”.
Siyasi şərhçi Məhəmməd Əsədullazadə də ABŞ-ın dünyaya qarşıdurma və savaş gətirdiyini deyb: “ABŞ-da mühafizəkar qüvvələr hakmiyyətə gəlişindən sonra Obama dövründəki liberalizm siyasətindən imtina edildi. Tramp Obama dövründəki Yaxın Şərq siyasətindən imtina etdi, daha kəskin və radikal siyasət apardı. O, nüvə sazişini özündə ehtiva edən “Altılıq” ölkələr ilə İran arasında bağlanan “Hərtərəfli birgə fəaliyyət” müqaviləsindən çıxdı, İrana qarşı birtərəfli sanksiyalar tətbiq etdi. Bundan əlavə, ABŞ prezidentinin Yaxın Şərqə turnesi məhz regionda yeni siyasətin başlayacağından xəbər verirdi. İrana qarşı sanksiyaların bərpası siyasəti, Suriyada hərbi əməliyyatlarda iştirak, Qüdsün İsrailin paytaxtı kimi tanınması Ağ Evin dünyada təhlükəsizliyi təhdid etmək, ABŞ-ın beynəlxalq jandarm roluna qayıtmaq siyasətidir”.
Politoloq hesab edir ki, Trampın BMT kürsüsündə İranı hədəf alan açıqlamaları, bu ölkəyə qarşı növbəti ssenarilərin başlayacağından xəbər verir: “BMT tribunasından hədə dolu açıqlamaları ABŞ-ın yeni dünya nizamı formalaşdırmaq niyyətindən xəbər verir. İranın Suriyada hərbi fəaliyyəti ABŞ-İsrail birliyini narahat edən əsas faktordu”.
Vilayət Muxtar
Cebhe.info