Dünya bazarına Rusiyadan çıxış
Rusiya prezidenti Vladimir Putinin Bakı səfəri maraqlı açıqlamalarla yadda qaldı.Diqqətçəkən məqamlardan biri də Putinin Rusiya və Azərbaycanın birgə layihələr həyata keçirəcəyi ilə bağlı dedikləri oldu. Belə ki, Putin Rusiya və Azərbaycanın Xəzərdə birgə layihələr həyata keçirəcəyinin ilkin mesajını verdi. "Güman edirik ki, Rusiya və Azərbaycan şirkətləri Xəzər regionunda fəal şəkildə perspektivli layihələrin icrası ilə məşğul olacaqlar. İlk növbədə, bu, nəqliyyat, yük daşımaları, neft-qaz hasilatı, ekologiya və əlbəttə ki, bioloji ehtiyatları əhatə etməlidir”,-deyə Putin qeyd edib.
Maraqlıdır, Azərbaycan və Rusiya birgə hansı müştərək layihələr həyata keçirə bilər?
Politoloq Elşən Manafov “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Rusiya artıq Xəzərdə Azərbaycanla birgə fəaliyyət göstərməkdə maraqlıdır:
“Əslində Rusiya və Azərbaycan arasında Xəzərin dibinin bölünməsi ilə ilkin razılıqlar hələ iki il əvvəldən var idi. Amma digər Xəzəryanı ölkələr, İran və Qazaxıstanın Xəzərin dibinin bölünməsi ilə fərqli baxışları olduğu üçün bu məsələ uzun illərin danışığından sonra bu il öz həllini tapdı. Nəhayət Xəzərin hüquqi konvensiyası ilə bağlı Xəzəryanı dövlətlər razılığa gəldilər. Ona da qeyd etmək lazımdır ki, ümumiyyətlə, Xəzərin təbii ehtiyatlarından istifadəyə münasibətdə də bu dövlət arasından fərqli baxış və mövqelər olub. Bu məsələnin özünə münasibətdə də Rusiya Azərbaycanın mövqeyini bölüşmürdü. Burada məlum Trans-Xəzər qaz kəməri və Qazaxıstan qazının Xəzərinin dibi ilə Avropaya nəqli nəzərdə tutulur.Rusiyanın mövqeyi bundan ibarətdir ki, sözügedən kəmərlərin istifadəsi Xəzərin ekoloji durumuna ciddi şəkildə mənfi təsir göstərəcək. Bu, Rusiyanın bir dövlət olaraq konyuktur maraqlarına xidmət edən mövqedir. Çünki Rusiya Avropa qaz bazarında alternativlərin olmasını istəmir. Zamanında “Qazprom” Türkmənistan qazının Avropaya çıxarılması ilə bağlı danışıqlarda da bu maraqlardan çıxış etdi. Amma Putinin bu açıqlaması onu göstərir ki, artıq Azərbaycan və Rusiya şirkətlərinin eyni layihələrdə iştirakla bağlı müştərək mövqeləri var. Digər tərəfdən, düşünürəm ki, məlum kəmərlərin və ümumiyyətlə, Xəzərin karbohiderogen ehtiyatlarının Avropaya çıxarılması ilə bağlı Rusiya Azərbaycan və Türkmənistana maneə yaratmaq fikrində deyil”.Xəzəryanı ölkələrin birgə layihələrinə də toxunan E.Manafov Azərbaycanın imkanlarından da söz açıb. Ekspert hesab edir ki, Azərbaycan tranzit ölkə olmaqla böyük üstünlüyə sahibdir:
“Digər tərəfdən, İran yeni bir kanal çəkmək istəyir ki, region dövlətləri bu su hövzəsi vasitəsilə öz karbohidrogen ehtiyatlarını və digər zəruri məhsullarını Avropa bazarına çıxara biləcək. İran bu layihəni maliyyələşdirilməsini birbaşa üzərinə götürüb. Rusiya da İranın bu layihəsinə açıq dəstəyini göstərdi. Hesab edirəm ki, bu məsələdə də Azərbaycan Rusiya və İranla birgə əməkdaşlığa hazırdır. Çünki Azərbaycan nəqliyyat və kommunikasiya xətləri üzərində yerləşən, yüklərin tez və təhlükəsiz çatıdırılmasında tranzit ölkə kimi kifayət qədər qazanc əldə edə bilər. Digər tərəfdən də su hövzələri vasitəsilə də Avropa bazarlarına rahat şəkildə çıxa bilərik.Düşünürəm ki, Rusiya bu məsələdə Azərbaycanla birgə əməkdaşlıqla maraqlı olacaq. Bu baxımdan Azərbaycan və Rusiya əməkdaşlığı üçün imkanlar kifayət qədər genişdir. Ən əsas amil isə ondan ibarətdir ki, Xəzəryanı dövlətlər Xəzərin istifadəsi ilə razılığa gəliblər. Doğrudur, Rusiya və İran hələ də Xəzərdə gücünü qorumaq üçün güclü donanmaya sahibdir, amma Azərbaycan da öz maraqlarını qorumaq üçün kifayət qədər güclüdür”.(Cebhe.info)
Tarix: 30-09-2018, 09:01