Ekspertlərə görə, bu həm də Avropaya və NATO-ya mesajdır...
Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın Krımda nüvə silahı yerləşdirəcəyindən ehtiyatlanır. XİN rəhbəri Pavel Klimkin bu cür şübhələr üçün əsasların olduğunu bəyan edib. XİN rəhbəri onu da vurğulayıb ki, rəsmi Kiyev Krımın hərbiləşdirilməsi ilə bağlı BMT-yə qətnamə layihəsi təqdim edəcək.
Politoloq Natiq Miri bildirdi ki, bu açıqlamanın həm obyektiv, həm də subyektiv səbəbləri var: “Ukrayna rəsmilərinin belə açıqlamalarının bir səbəbi də dünyanın diqqətini Krım məsələsinə cəlb etməkdən ibarətdir. Çünki nüvə silahının regionda, xüsusilə Avropanın sərhədləri yaxınlığında yerləşdirilməsi Avropa ölkələrinə, NATO-ya bir təhdid kimi dəyərləndirilir. Klimkin zaman-zaman bu tipli açıqlamalarla dünyanın diqqətini Rusiyanın nə qədər təhlükəli olmasına çəkmək istəyir. Bu açıqlamanın həqiqət yükü çox böyükdür. Çünki Rusiya-NATO qarşıdurmasında müşahidə olunan səhnə ondan ibarətdir ki, Rusiya sərhədləri ciddi şəkildə NATO tərəfindən çevrələnib, yəni şimal qonşumuz mühasirəyə alınıb.
Rusiya düşdüyü vəziyyətdən çıxış yolu üçün bölgəyə nüvə silahı yerləşdirməklə hədəfdən yayınmaq istəyir. Krım, Qara dəniz strateji baza və liman olduğu üçün düşünürəm ki, Klimkinin dediyində çox böyük həqiqətlər var. Rusiyanın özü də maraqlıdır ki, bu cür informasiyalar daha çox yayılsın. Çünki NATO üçün çəkindirici bir ölkə olmaq görüntüsü vermək istəyir. Hazırda Rusiya Aralıq, Egey dənizlərinə ciddi şəkildə donanmasını yerləşdirməkdədir. Rusiya-NATO qarşıdurması nəinki regionda, digər bölgələrdə də ciddi şəkil almaqdadır. Son olaraq, Norveçdəki hərbi təlimləri də bunun üstünə gəlsək, açıqca görünür ki, Rusiyanın bu addımları NATO-ya bir cavabdır”.
Siyasi təhlilçi Əhəd Məmmədli Rusiyanın hər şey edə biləcəyini vurğuladı: “Rusiya Krımda gizli və ya açıq şəkildə, fərq etməz, hər şey edə bilər. Sanksiyaların daha da şiddətlənməsi təhlükəsi ilə bağlı ola bilsin nüvə arsenalını Krıma Moskva açıq yerləşdirmədi. İstənilən halda Rusiya ərazisi saydığı məkanlarda istədiyini edə bilər və buna nə Ukrayna, nə BMT, nə də NATO mane ola bilmək gücündədir. Kreml Krımda nüvə arsenalı yerləşdirsə, bu, Avropa qitəsinə yeni təhdid mesajı olacaq, Krımı Rusiya platsdarm kimi Avropaya qarşı istifadə edəcək. Kiyev xəbərdarlıqlarında haqlıdır. Rus ilhaqı altında olan bu yarımadanın silah bazasına çevrilib, nüvə bazasına çevrilməyəcəyinə də heç kəs qarantiya verə bilməz. Kiyevin artıq narahatlığından keçib. Krım, Donbasın yarısı işğal altındadır. Və bu ərazilər rus işğalı altında olana qədər Kiyev üçün rahatlıq yoxdur. Rusiya bir dövlət kimi, ən azı indiki hüdudlarında dağılmayana qədər rus nüvəsi həmişə dünya üçün əsas təhdid mənbəyi olaraq qalacaq. Krım məsələsi rus nüvə arsenalının bu yarımadaya yerləşdirilmə təhlükəsi altında gündəmə gələ bilər. Kiyev də diplomatik addım olaraq bu mövzunu gündəmə gətirə bilər. Amma bu cür yollarla təbii ki, işğal altındakı ərazilərini geri qaytara bilməz. Çünki qarşısında Rusiyadır. Ukrayna KTMT, Avrasiya ittifaqına üzv olmaqla ancaq Donbası qaytara bilər. Təbii ki, buna da Ukraynanın getməsi mümkünsüzdür. Qərbə gəldikdə isə Rusiya daxildən qarışmasa (qarışdırılmasa), onu hər hansı təzyiqlə geri çəkmək mümkün olmayacaq. Tarixdən də irəli gələrək bunu söyləyə bilərik ki, Rusiyanın geri çəkilməsi üçün bu ölkədə ya inqilab, ya dövlət çevrilişi, ya da vətəndaş müharibəsi baş verməlidir. SSRİ ilk çatı milli zəmində qarşıdurmalarla verdi, milli zəmində qarşıdurmalar mərkəzə qarşı üsyanla sonunclandı. Bunun nəticəsi kimi də Çingiz xandan sonra dünya tarixinin ən böyük imperiyası dağıldı. Zənnimcə, özünü SSRİ-nin varisi hesab edən Rusiyanı da eyni aqibət gözləyir. Rusiya Federasiyasında hər an yenidən milli muxtariyyətlərdə qarşıdurmalar yarana bilər. Artıq bunun işartıları da görünür. Hələlik Kreml güc və dotasiyaların sayəsində vəziyyəti stabil olaraq saxlaya bilir. Lakin Rusiyada sanksiyalar nəticəsində iqtisadi vəziyyət gərginləşsə, bu çoxmillətli, çoxkonfessiyalı ölkədə sosial və milli zəmində çaxnaşmalar hər an başlaya bilər”.
“Yeni Müsavat”