Ermənistan paytaxtında 2 oktaybrdan bəri yaşanan gərginlik bölgələrə də sirayət edib. Bu gün axşamüstü Şirak vilayətində fövqəladə vəziyyət yaranıb.
Musavat.com erməni mətbuatına istinadən xəbər verir ki, vilayətin 15-dən artıq icması İrəvan-Gümri avtomobil yolunu bağlayıb. Onlar icma rəhbəri Artak Gevoryanın sakit buraxılmasını və onun işinə müdaxilə edən şəxslərin cəzalandırılmasını tələb edirlər. Etirazçılar mərkəzi hakimiyyətin və Şirak administrasiyasının rəhbərliyinin qarşısına hüquqi addımların atılması tələbini qoyublar.
Ancaq maraqlısı odur ki, paralel olaraq Maralikdə ikinci bir aksiya da keçirilir. Onlar A.Gevorkyanın əleyhdarlarıdır və icma başçısının istefasını tələb edirlər.
Son aylarda Maralikdə gərginlik səngimir. Bu arada isə Gevorkyanın əleyhinə olan insanlar administrasiya binasını ələ keçiriblər, çıxış-girişi bağlayıblar və bütün fəaliyyəti iflic ediblər. Onlar israrla icma başçısından istefaya getməsini tələb edirlər.
Belə görünür ki, İrəvandakı hakimiyyət-müxalifət qarşıdurması bölgələrə də sirayət edib və yerlərdə əhali iki hissəyə bölünüb. Bu isə Ermənistandakı proseslərin qansız başa çatmayacağı ehtimalını artırır.