"Paşinyanı devirmək məqsədiylə Rusiyanın hərbi bazasından istifadə oluna bilər" - POLİTOLOQ

                  Nəzakət Məmmədova: "Dekabrda seçki keçirilsə, Paşinyan tərəfdarları parlamentdə üstünlük qazanacaq"
"Respublikaçılar Partiyası, "Daşnaksütyun" və "Çiçəklənən Ermənistan" isə siyasi səhnədən silinəcək, çox zəifləyəcəklər"
Ermənistanın baş naziri Nikol Paşinyan Kremlin bu və digər formalı müdaxilələrinə rəğmən, hakimiyyəti tam şəkildə ələ almağa, "Qarabağ klanı"nı mühüm postlardan, o cümlədən parlamentdən uzaqlaşdırmağa çalışır. Məhz elə bu məqsədlə də o, bir müddətdir ki, növbədənkənar parlament seçkilərinin keçirilməsində israrlı mövqe sərgiləyir. Budur, artıq son məlumatlara görə, bu ilin dekabr ayında düşmən ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək.
Heç şübhəsiz ki, Paşinyan nəyin bahasına olursa-olsun parlamentdə çoxluğa sahib olmağı və bununla da iqtidarını möhkəmləndirməyi planlaşdırır. Lakin Rusiyanın buna seyrci qalmayacağını nəzərə alsaq, o zaman dekabrda baş tutması planlaşdırılan seçkilərin olduqca gərgin ab-havada keçəcəyini qəti əminliklə demək mümkündür.
Əslində, elə indidən bunun əlamətləri özünü açıq şəkildə büruzə verməkdədir. Belə ki, bəzi siyasi şərhçilərin qənaətincə, "Qarabağ klanı" Kremldən aldığı təlimatlara uyğun olaraq Paşinyanı devirmək, yenidən hakimiyyəti ələ almaq üçün çevriliş planı hazırlaya bilər. Onu da vurğulamaq lazımdır ki, Ermənistanda növbədənkənar parlament seçkilərinə qarşı Serj Sarkisyanın nəzarətində olan parlamentin "Reqlament haqqında" qanunu qəbul etməsi və bununla da parlamentin buraxılması prosudurunu çətinləşdirməsi Paşinyanın əl-qolunu bağlayır. Bu barədə Respublikaçılar Partiyasının yaydığı bəyanatda deyilir ki, "Reqlament haqqında" qanuna dəyişiklik yalnız bir məsələni hədəfləyir ki, o da hansısa süni baryer və fövqəladə hal ortaya çıxdıqda, parlamentin qanuni fəaliyyətini təmin etməkdir. Həmçinin, bəyanatda bildirilib ki, sözügedən qanuna dəyişiklik konstitusiya ilə tam şəkildə bağlıdır: "Dəyişikliyin lonstitusiyaya zidd olduğu barədə bütün spekulyasiyalar manipulyasiyadır. Çünki layihə konstitusiyanın heç bir maddəsini dəyişmir, zidd deyil və müddətlə bağlı pozuntu yoxdur. Qanun tam demokratik olsa da, Nikol Paşinyanın çağırışı ilə yalnız danışıqları qoruyub saxlamaq üçün səsvermə təxirə salınmışdı". Respublikaçılar Partiyası hesab edir ki, qanun layihəsinin səsverməsi təxirə salındıqdan sonra Paşinyan gözlənilmədən növbədənkənar parlament seçkilərinin dekabrda keçiriləcəyini elan etməklə, danışıqlarla bağlı razılaşmanı pozub: "Bu, respublikaçıları məcbur etdi ki, növbədənkənar iclas çağıraraq, dəyişikliklərin qəbulunu səsə qoysun. Növbədənkənar seçkilərin dekabrda keçirilməsi haqda baş nazirin çıxışı qanun layihəsi ilə bağlı deyil, bu, Paşinyanın əvvəlcədən hazırladığı qərardır. Həmçinin, Paşinyan parlamentə fraksiyalarla müzakirə aparmağa gəldiyini demişdi, ancaq əslində o, ultimatum verməyə gəlmişdi". Respublikaçılar Partiyası bəyan edir ki, Nikol Paşinyanla heç bir razılıq əldə olunmayıb və ona vəd verilməyib. Ümumiyyətlə, Serj Sarkisyanın nəzarətində olan adıçəkilən siyasi təşkilat hesab edir ki, növbədənkənar seçkilərin 2019-cu ilin may-iyun aylarında keçirilməsi haqda Paşinyanın vaxtaşırı olaraq bildirdiyi mövqe qorunmalıdır.
Bu arada, nəzərinizə çatdıraq ki, "Reqlament haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarıldıqdan və parlamentin buraxılması çətinləşdirildikdən sonra Paşinyanın çağırışı ilə mitinq başlayıb. Bundan bir qədər sonra isə Ermənistan prezidenti Armen Sarkisyan "Daşnaksütyun" və "Çiçəklənən Ermənistan" partiyalarından olan 6 nazirin - iqtisadi inkişaf və investisiya naziri Artsvik Minasyan, kənd təsərrüfatı naziri Artur Xaçatryan, enerji infrastrukturu və təbii sərvətlər naziri Artur Qriqoryan, idman və gənclərlə iş üzrə nazir Levon Varqadyan, fövqəladə hallar naziri Qraçya Rustamyan, rabitə və informasiya texnologiyaları naziri Aşot Akopyanın istefası barədə sərəncam imzalayıb. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, hazırda Ermənistanda ciddi siyasi böhran yaşanmaqdadır və bu, sonda düşmən ölkədə vətəndaş müharibəsinə gətirib çıxara bilər. Təxminən, bu mövqedən çıxış edən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, "Qarabağ klanı" Nikol Paşinyanı devirmək üçün çevriliş planı hazırlaya bilər. Beləliklə, Paşinyanın daxili siyasətdəki strategiyasının doğru olduğunu vurğulayan politoloqun sözlərinə görə, o, İrəvandakı mer seçkisində tərəfdarının mütləq qalibiyyətini təmin etdikdən sonra anladı ki, erkən parlament seçkisində də uğur qazana bilər: "Paşinyan onu da anlayır ki, erkən seçkini may ayına saxlamaq olmaz. Çünki Paşinyanın ölkə daxilində reytinqi indi yüksəkdir, maya qədər hadisələr onun əleyhinə yönələ bilər. Ona görə də seçkini dekabrda keçirib parlamentdəki mövqelərini gücləndirib indikindən güclü baş nazir olmaq istəyir. Buna baxmayaraq, müxalif qüvvələr də zəif deyillər. Parlamentdəki Respublika Partiyası anlayır ki, erkən seçki onların sonunu gətirəcək, xalqdan dəstək ala bilməyəcəklər. Ona görə də isti yerlərini itirməmək üçün müqavimət göstərirlər. Belə olan halda Paşinyan inqilab vaxtı olduğu kimi tərəfdarlarını küçəyə çağırdı ki, bu yolla qarşısındakılara təzyiqi artırsın". Paşinyanın küçədən başqa rerursunun olmadığını deyən Elxan Şahinoğlunun fikrincə, böyük ehtimalla küçə yenə parlament üzərində qələbə çalacaq: "Paşinyanın durumu ağırdır. Bir tərəfdən müxalifətin təxribatlarıyla mübarizə aparır, digər tərəfdən qarşısında ondan narazı böyük Rusiya var, üstəgəl Dağlıq Qarabağdakı erməni separatçılarına nəzarət etməlidir, üstəgəl adminstrativ resursları da kifayət qədər deyil. Ona görə də Ermənistanda hərbi çevrilişi istisna etmirəm".
Politoloq Nəzakət Məmmədova isə bildirdi ki, hazırda Ermənistanda qüvvədə olan konstitusiyaya görə, parlament iki cəhddən sonra baş nazir seçə bilməsə, o zaman parlament buraxılmalıdır: "Bildiyimiz kimi, Paşinyan may ayında bu cür seçildi. Yəni birinci dəfə parlament onu seçmədi. Sonra ikinci dəfə seçildi. Əks halda, yəni parlament həmin baş naziri seçməsəydi, onda parlament buraxılmalı idi. Həmin vaxt deputatlar parlamentin buraxılmasını istəmədikləri üçün məcbur olub Paşinyanı baş nazir postuna seçdilər. Belə desək, iki pisdən daha az pisi seçməli oldular. Əslində, parlamentdəki çoxluq Paşinyanı seçməklə müəyyən vaxt qazanmaq istədilər. Bu gün isə parlament vaxtı bir qədər də uzatmaq, Paşinyan isə əksinə, ən qısa müddətdə növbədənkənar seçkilər keçirmək istəyir. Çünki bu gün reytinqi yüksəkdir və nə qədər ki, vəziyyət gərginləşməyib seçkiləri tezləşdirib qələbəsini təmin etmək niyyətindədir".
İrəvan meriyasına keçirilən seçkilərdə "Mənim addımım" siyasi blokunun qalib gəlməsinin Nikol Paşinyana müəyyən mənada siqnal olduğunu vurğulayan politoloqun sözlərinə görə, məhz bundan sonra onun parlament seçkilərində də qələbə qazanacağına dair əminliyi artıb: "Odur ki, o, yaranmış əlverişli vəziyyətdən istifadə edib dərhal seçkilər keçirmək istəyir. 6 nazirin istefası məsələsinə gəlincə, bildiyim qədər partiyalar özləri Paşinyan hökumətində təmsil olunan nazirlərini geri çağırıblar. Yəni onlar özləri hakimiyyətdə təmsil olunmaqdan imtina edib istefaya gediblər. Hər bir halda əgər Paşinyanla çalışmaq istəməyiblərsə, deməli onun zəif fiqur olmadığını qəbul edirlər. Buna görə də ona qarşı müxalifətə keçib, Paşinyanla əməkdaşlıqdan imtina edirlər". Bu gün Paşinyanın mövqelərinin heç də zəif olmadığını deyən Nəzakət Məmmədova hesab edir ki, əgər ədalətli, demokratik seçkilər keçirilərsə, o zaman onun qalib gəlmə ehtimalı daha çoxdur: "Respublikaçılar Partiyası, "Daşnaksütyun" və "Çiçəklənən Ermənistan" artıq tükənmiş partiyalardır. Çünki Ermənistan vətəndaşları artıq onlara etimad göstərmir və erməni xalqı yaxşılığa doğru ciddi dəyişiklik, dinamika istəyir. Bu dəyişikliyi isə onlara Paşinyan vəd edir. Bir sözlə, Ermənistan vətəndaşları artıq "Qarabağ klanı"nın zülmlərindən yorulublar. Odur ki, Paşinyanı dəyişikliyin simvolu kimi görürlər. Bu baxımdan, hesab edirəm ki, dekabrda seçki keçirilsə Paşinyan tərəfdarları parlamentdə üstünlük qazanacaq, Respublikaçılar Partiyası, "Daşnaksütyun" və "Çiçəklənən Ermənistan" isə siyasi səhnədən silinəcək, çox zəifləyəcəklər. Odur ki, bunu anlayan "Qarabağ klanı"nın Paşinyanı devirmək məqsədiylə çevriliş hazırlaması mümkün versiyadır. Hətta bunun üçün yeri gəlsə, Rusiyanın Ermənistandakı hərbi bazasının gücündən də istifadə oluna bilər".
Vazeh BƏHRAMOĞLU
Tarix: 5-10-2018, 22:47
Xəbəri paylaş





Xəbər lenti