“Ay mişar, tələs, mişar, Camalı tez kəs, mişar”


Uzun illər öncəydi, hansısa jurnalisti möhkəm döymüşdülər. Elə döymüşdülər ki, xəbəri manşet olmuşdu.

İndi nə qədər düşünürəm, adamın kim olduğu dəqiqliyi ilə yadıma düşmür. Gümanım dostlardan beş-altısının üstünə gedir, amma adlarını çəkmək istəmirəm. Bəlkə onlar heç o qəmli xatirələri yenidən yada salmaq istəmirlər?

Amma burası dəqiq idi ki, qəzetlərin hamısı bu hadisədən yazırdı, xeyirdə-şərdə hamı jurnalistin döyülməsindən danışırdı. Heç dəqiqliyi ilə bilinmirdi də, adamı səhiyyə naziri Əli İnsanov döydürüb, yoxsa “Quska” ləqəbli Hüseyn Abdullayev, ya da hökumətin başqa bir nüfuzlu adamı.

Bircə orası dəqiq idi ki, jurnalisti durduğu yerdə, yaxud da başqa bir məkanda döyməmişdilər, öz yaşadığı məhəllədə döymüşdülər. Bu üzdən heç kəs Allahını danıb deyə bilməzdi ki, onun gecə vaxtı orda nə işi vardı ki, döyəydilər.

Bilirsiniz, bu ifadə (“onun gecə vaxtı orda nə işi vardı?”) ona işarədir ki, o, farağat adam deyilmiş, lotuluğa gedib, tutulub, döyülüb, döyənin də kimliyini bilir, amma ifşa olunmamaq üçün ad çəkə bilmir.

Məsələ elə deyildi. Həmkarımızı sırf yazı-pozu üstə döyüb manşetlik eləmişdilər. Amma söz bunda deyil.

Söhbət ondadır ki, həmin günlər idi, bir simsar adamın hüzr məclisində iştirak edirdim, üzbəüzdə oturan və orta ranqdan xeyli aşağıdakı vəzifələrdən birini tutan gənc qohumla söhbət edirdik. Mövzu jurnalistin döyülməsiydi, yaxınımda olanlar məndən hadisənin mahiyyəti barədə ifadə alırdılar. Mən də, təbii ki, yeri olmadığı üçün “bu, söz və mətbuat azadlığına qarşı hücumdur” demədim, dedim, bilmirəm, görünür, nəsə yazıb, kiminsə xoşuna gəlməyib.

Bu söz üzbəüzdə oturan hokumət adamını – qohumu qane eləmədi, dedi, nə oldu, hər gün bu şəhərdə 147 adam döyülür, heç birinin səs-küyü çıxmır, amma bir jurnalist döyülən kimi, deyirsiniz, onu hökumət döydürüb, bütün ölkə də bundan danışır.

Əslində qohum bir qədər haqlıydı, amma haqsız tərəfi də o idi ki, o aralar jurnalistlər adətən məişət zəminində döyülmürdülər. (Düzdür, bəzən elə haqq-hesablar da olurdu, ancaq bu, hər saat ajiotaj-filan doğurmurdu).

Ona görə də təvazökarlığı qatlayıb qoydum yas mağarasının bayırına, dedim, əmoğlu, təsəvvür elə, burdan çıxırıq və yolu keçəndə yarım saat fasilə ilə ikimizi də maşın vurur, məni təsadüfən, yol keçən biri vurur, amma səni pislik elədiyin adamlardan birinin sifarişi ilə qəsdən vururlar. “Bilirsən, bu, mediaya necə çıxacaq?”- ritorik sual verdim və özüm cavabladım: “Yazacaqlar ki, jurnalistə sui-qəsd edilib və hamı bundan yazacaq, amma sənə qarşı edilən sui-qəsd adicə yol-nəqliyyat hadisəsi kimi sənədləşdiriləcək, heç kim yazmayacaq, yazsalar da, uzağı, qəzetlərin kriminal xəbər bölümündə veriləcək”.

Dedim, bax, bu işlər belədir, ədalətsizlikdir, amma bu cürdür.

İndi budur, Camal Qaşıqçı adlı jurnalist Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna girib və geri çıxmayıb. Adamın öldü-qaldısı dəqiq məlum deyil. Bütün dünya jurnalistin konsulluqda “ay mişar, tələs, mişar, Camalı tez kəs, mişar” sədası altında mişarlanmasından danışır, yazır. Amma hiss olunur ki, bu, Səudiyyənin konsulluğunda və ya başqa bir idarəsində yoxa çıxan ilk adam deyil. Sadəcə, bu trend gəlib-gəlib, jurnalistlə bağlı olanda partlayış verib.

Gələn informasiyalardan birində deyilir ki, bundan əvvəl Londonda yaşayan şahzadələrdən birini də aldadıb Qahirədəki konsulluğa aparmaq istəyirmişlər. Ancaq şahzadə başına gələcəkləri bildiyindən, 30 dəfə görüş xahişi edilməsinə baxmayaraq, konsulluğa getməyib.

Kim bilir, cənab Qaşıqçının başına bu iş gəlməsəydi, hələ neçə-neçə müxalif fikirli insanlar ordan-burdan oğurlanıb ər-Riyada aparılacaqdı, ya da öldürülüb dərin suların dibinə atılacaqdı. Nə izləri-tozları tapılacaqdı, nə də bunun bir səsi-küyü çıxacaqdı.

Bəs niyə eyni şey jurnalistin başına gələndə səs-küy qalxır, ajiotaj qopur?

Doğrusu, bunun real səbəbini özüm də bilmirəm. Görünür, nəsə bir əsası var. Ola bilər, burada həmkarlıq həmrəyliyi ciddi rol oynayır. Ya da bütün dünya, eləcə də siyasətçilər insan haqlarına aid qırmızı xəttin jurnalistlərin qaşqa-köks-büzdüm nahiysəsindən keçdiyini düşünürlər.(Samir SARI)

Tarix: 14-10-2018, 09:11
Xəbəri paylaş





Xəbər lenti