Moskva İrəvanda axtarışa başlayıb: Qarabağdakı görüşün PƏRDƏARXASI - Erməni mətbuatı yazır
"Mən deyə bilərəm ki, parlament seçkiləri 9-10 dekabrda, bir neçə gün fərqilə keçiriləcək. Bu səbəbə görə mən 16 oktyabradək öz vəzifəmdən getməyə hazıram".Cebhe.info xəbər verir ki, bunu “France24”ə müsahibəsində baş nazir Nikol Paşinyan deyib.
Erməni mətbuatının yazdığına görə isə mandatların 67 faizini Paşinyanın partiyasının qazanacağına şübhə azdır. İndi əsas məsələ yerdə qalan 33 faizin kimlərin arasında bölüşdürüləcəyidir.
Mətbuat yazır ki, hazırda Rusiya da özünə Ermənistanda tərəfdaş axtarışındadır:
“Son illər Moskva axtarmalı olmamışdı, gah hakimiyyətə, gah müxalifətə "stavka" edirdi, indi isə öz maraqlarının təminatçısı kimi konkret partiya seçmək məcburiyyətindədir”.Məsələ burasındadır ki, sabiq prezident Robert Köçəryan seçkidə iştirak etməyəcəyini deyib. Üstəlik işarə edib ki, yeni hakimiyyət təhlükəsizlik və maraqların qorunması yönündə əsas məsələləri həll edərsə, o, buna mane olmayacaq.
Digər tərəfdən, hakimiyyəti illərində Ermənistanın Rusiyanın vassalı olmasını möhkəmləndirən Respublika Partiyası dağılmaq ərəfəsindədir. Seçkidə iştirak etməmək ehtimalı yüksəkdir. Buna baxmayaraq, xarici siyasət və təhlükəsizlik məsələsində öz xidmətini təklif edir. Yeni hökumətin tərkibində bu partiyadan nazirləri görmək də istisna olunmur.
Belə bir həssas zamanda rusiyalı emissarlar da aktivləşib. Dövlət Dumasında MDB məsələləri üzər komitəsinin sədr Konstantin Zatulin İrəvana səfər edib və Ermənistanda Lazarev klubu açmağı təklifini verib. "Çiçəklənən Ermənistan" Partiyasının liderinin dəvətilə "Vahid Rusiya" fraksiyasının üzvləri də İrəvana səfər edib. Sergey Neverov ümid etdiyini bildirib ki, Çarukyanın Partiyası parlamentə düşə biləcək. Ermənistanda isə bu çıxışı Rusiyanın Çarukyanla işləmək istəyi kimi dəyərləndiriblər. Təbii ki, əgər başqa qüvvə ortada olmazsa...
ABŞ və Fransaya səfərdən sonra Ermənistan prezidenti Armen Sarkisyan gözlənilmədən Moskvaya səfər edib. Onun Sergey Lavrovla xoş atmosferdə keçən şam yeməyi də diqqətdən qaçmayıb. Bazar günü isə prezident işğal olunmuş Qarabağa gəlib. Güman edilir ki, Lavrov məhz Sarkisyanla görüşdə Qarabağ münaqişəsinə dair bəzi fikirlər səsləndirib və səfərdə məqsəd bu fikirləri separatçı rejimlə müzakirə etmək olub.
Bu da hələ son deyil. Oktyabrın sonunda Dumanın spikeri Vyaçeslav Volodin İrəvana gedəcək. Görünən odur ki, onun səfəri yeni Ermənistana qarşı Rusiyanın siyasətini müəyyən etməyə yönəlib. İndiki halda Rusiya Ermənistanda işləyə biləcəyi partiya axtarmağa çalışır.
Tarix: 15-10-2018, 15:00