“Ağ qızıl”ın gətirdiyi qara günlər – “başı pambıqla kəsilən” mütləq hakim


1966-cı il, 26 aprel, Daşkənd şəhəri... Özbəkistan KP MK-nın inzibati binasında kiçik bir dairədə müşavirə keçirilir. Fövqəladə müşavirə həmin günün səhər saatlarında, 5.23 dəqiqədə böyük dağıntılara səbəb olan güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına həsr olunub. Müşavirədə zəlzələdən dərhal sonra təyyarə ilə Daşkəndə uçan Brejnev və Kosıgin də iştirak edirlər. Müzakirələr gərgin keçir. Kremlin digər yüksəkçinli məmurlarından qənaitcilliyi ilə fərqlənən Kosıgin Özbəkistanın birinci katibi Şərəf Rəşidovun zəlzələnin nəticələrinin aradan qaldırılması üçün təklif etdiyi vəsaitin məbləği ilə razılaşmır. Elə bu gərginliyin içərisində qəfil müşavirənin keçirildiyi yeddinci mərtəbədəki kiçik akt zalının pəncərəsindən səs-küy eşidilir. Brejnev dərhal soruşur:

- Yenə zəlzələ oldu?

Rəşidov cavab verir:

- Xeyr, Leonid İliç, “Paxtakor”la Minsk komandası futbol oynayır. Özbəklər qol vurdular.

Gərginliyi aradan qaldırmaq üçün Leonid İliç zarafata keçir:

- Şərəf Rəşidoviç, Daşkəndddə heç bir zəlzələ olmayıb, sadəcə özbəklər qol vurublar.

Həqiqətən də həmin gün Daşkənd və Minsk futbolçuları vəziyyətin bu dərəcədə ağır olmasına baxmayaraq futbol matçlarını təxirə salmamışdılar.

Daha bir 30 dəqiqə müşavirə SSRİ büdcəsindən ayrılacaq vəsaitin mübahisəsi ilə davam edir. Elə bu mübahisələr əsnasında zəlzələnin növbəti təkanı bütün Daşkəndlə bərabər rəhbərlərin əyləşdiyi zalı da silkələyir. Araya sakitlik çökdükdən sonra

Rəşidov ayağa qalxaraq üzünü Kosıginə yox, Brejnevə tutur:
- Lenoid İliç, mən belə bir şəraitdə yenidən şəhər tikməliyəm. Xahiş edirəm, təkliflərimi qəbul edəsiniz.

Brejnev elə anındaca Kosıginə göstəriş verir:
- Rəşidovun təklifləri nəzərə alınaraq göstərilən məbləğdə büdcədən pul ayrılsın...

Beləliklə, Daşkəndin yenidən qurulması, tikilməsi başlanıb. Digər müttəfiq respublikalardan briqadalar, texnikalar Özbəkistana istiqamət alıb. Tikintisi digər müttəfiq respublikalarda planlaşdırılmız zavodların, fabriklərin, sosial obyektlərin inşası dayandırılıb. Rəşidov bütün bu proseslərdə yaxından iştirak edib. Saatlarla tikinti meydancalarında adi fəhlələrin yanında dayanıb. Və beləliklə yeni, müasir Daşkənd gözoxşayan bir şəhərə çevrilib.

Məhz həmin dövrdə Özbəkistan vətəndaşlarının filoloq, ziyalı, mədəni bir insan kimi tanıdıqları Rəşidov özünün qeyri-rəsmi titulunu qazanıb: “Xalqın atası”.

Şərəf Rəşidovun 25 illik Özbəkistana rəhbərliyi dövrünə baxışlar birmənalı deyil. Bəziləri onu Özbəkistanın inkişafında əvəzsiz xidmətləri olan böyük bir şəxsiyyət kimi qiymətləndirirlər. Daşkənddə metronun istifadəyə verilməsi, qızıl yataqlarının kəşfiyyatı və istismarı, çoxsaylı yaşayış massivlərinin inşası, sosial obyektlərin tikintisi kimi görülən işlər Rəşidovun adı ilə bağlı olduğundan bu fikirdə olanlara haqq qazandırır.

Digərləri isə Rəşidovu ölkəni korrupsiyaya yuvarlayan, rüşvətxorluğun baş alıb getməsinə şərait yaradan, bütövlükdə Özbəkistanı uçuruma aparan “Klan sahibi” kimi xatırlayırlar.

Rəşidovun iş prinspində xalqın arasında tez-tez görünməsi vacib şərtlərdən olub. O, tez-tez qatarla Özbəkistanın ayrı-ayrı bölgələrinə səfər edib. Sıravi vətəndaşlarla söhbət etməyi, onları dinləməyi vacib sayıb. Həmçinin o, tənqidi fikirlərdən tez nəticə çıxarmağı da bacardıb. Qabarıq şəkildə görünən səhvləri, qüsurları tez aradan qaldırıb. Bununla da Şərəf Rəşidov sadə bir rəhbər obrazını yaratmağa nail olub.

Onun həyat tərzi, iş prinspi ilə bağlı mühafizəçisi Sədullo Məhəmmədqulovun xatirələri də maraqlıdır:

“Şərəf Rəşidov zəngin biliklərə malik bir insan idi. O, ədəbiyyatı, tarixi, incəsənəti yaxşı bilirdi. Mütaliəni çox sevirdi. Unikal yaddaşa malik idi. O, nəinki rayon və şəhərlərin birinci katiblərinin, hətta bir çox kolxoz və sovxoz rəhbərlərinin də adını, ata adını və soyadını əzbər bilirdi. O, Özbəkistanın inkişafı üçün mümkün olan bütün variantlara əl atırdı. Bir də gürürdün ki, əvvəlcədən planlaşdırılmadan, qəfil Moskvaya gedirdi. Qayıdanda isə əliboş olmurdu, yeni bir layihənin təsdiqi ilə qayıdırdı. O və həyat yoldaşı xidməti personala qarşı çox diqqətli və mehriban idilər. Heç bir kobudluqdan söhbət gedə bilməzdi.
Yaxşı xatırlayıram, birinci dəfə idi Rəşidovla Moskvaya getmişdim. Kremldə liftə mindik. O mənə hansı mərtəbəyə qalxacağımızı söylədi və mən həmin mərtəbənin düyməsini basdım. Bir neçə saniyə keçdi, lift tərpənmədi. Mən bir az həyəcanlı şəkildə onun üzünə baxdım, o isə gülümsəyərək düyməciklər olan lövhənin birinci sırasındakı düyməni basdı, çox sakit tonla başa saldı ki, liftin hərəkətə gəlməsi üçün bu düyməni basmaq lazımdır, sonra isə bir sual verdi:

- Sədullo, Moskvada birinci dəfədir olursan?

Az qala bir az da günahgarcasına cavab verdim ki, bəli.

- Onda mən ümid edirəm ki, növbəti dəfə liftimiz bizi vaxtında “yuxarı”lara çatdıracaq.

Rəşidov savadlı mütəxəssislərə xüsusi diqqət ayırardı. Gənc yazıçı və şairlərlə tez-tez görüşürdü. Dəvət aldığı tədbirlərdən çalışardı ki, heç vaxt qalmasın. Sonradan bütün baş verənlərə, baş verənlərin həqiqət olub-olmamasına baxmayaraq mən Şərəf Rəşidovu xoş təəssüratlarla xatırlayıram...”

Sözsüz ki, bunlar Şərəf Rəşidovun görünən tərəfləri olub. Görünməyən tərəflərdə isə onun haqqında Kremlə ünvanlanan minlərlə məktublardakı, teleqramlardakı şikayətlər, narazılıqlar idi.

Bu şikayətlərdə nələr öz əksini tapırdı?

Şərəf Rəşidov mütləq hakim və heç kimlə hesablaşmadan həlledici söz sahibi idi.

Ən adi kadr məsələləri belə Rəşidovun “xeyir-dua”sı olmadan belə həyata keçirilə bilməzdi.

Müvafiq qurumlardakı ittifaq nomenklaturalı kadrların təyinatı yalnız Rəşidovun razılığı ilə baş tuta bilərdi.

Şərəf Rəşidov Özbəkistanda “Pambıq mafiyası”nın yaranmasında təşəbbüskar, təşkilatçı və başçı kimi də yadda qalıb. Saxtalaşdırılmış rəqəmlər (“pripiska”), real məhsulla kağız üzərindəki rəqəmlərin tərs mütənasib olması, içi boş vaqonların içi pambıq dolu vaqonlar kimi Rusiyanın fabriklərinə üz tutması həmin dövrdə Özbəkistanda adi hala çevrilib. Və bütün bunların sayəsində o dövr üçün ağılasığmaz məbləğlər, milyonlar Rəşidovun şəxsi xəzinəsinə axıb. Bu pullardan yalnız kiçik bir qismini birinci katib ən yaxın adamları olan “səriştəli icraçı”lara pay verib.

Özbəkistan Moskvada öz üzərinə hər il yeni pambıq öhdəçiliyi götürüb. Kremlin Qurultaylar sarayında öhdəçiliklə bağlı rəqəmləri Rəşidov səsləndirəndə hamı bir nəfər kimi bilib ki, bu mümkünsüz olan bir məsələdir. Ancaq yenə də həmişə olduğu kimi “Rəşidovun rəqəmləri” sürəkli alqışlarla qarşılanıb.

Brejnev baş verən bu cinayətlərə göz yumub. Nəinki cəza haqqında düşünüb, nə az, nə çox, düz 10 dəfə Şərəf Rəşidovu Lenin ordeni ilə təltif edib. Təbii ki, bu təltiflər qarşılıqlı “mükafat mübadiləsi” ilə müşayiət olunub. Və Rəşidov Kreml məmurları ilə normal münasibət saxlasa da, yalnız Brejnevlə hesablaşıb.

Bu cür saxtakarlıqların ölkəni iflasa aparacağını hiss edən Andropov Özbəkistanda törədilən iqtisadi cinayətlərə son qoymaq üçün öz adamını çox çətinliklə Özbəkistan DTK-sına sədr təyin etdirməyə nail olub. Eduard Nordman Daşkəndə yollanıb. Bu, Rəşidov üçün arzuolunmaz olsa da, o yeni DTK sədrini qonaqpərvərliklə qəbul edib. Kadr məsələsində işini mükəmməl tutan Rəşidov qısa müddətdən sonra böyük “peşəkarlıqla” Nordmanı Özbəkistandan yola salıb. Özü də necə? Adi iş günlərinin birində Rəşidov DTK sədrini kabinetinə dəvət edib. Ona Moskvadan məxfi poçtla gələn teleqramı təqdim edərək “təəsüfləndiyini” bildirib: “Siz təcili olaraq Özbəkistanı tərk etməlisiniz...”.

Bu hadisədən iki gün öncə Rəşidov ölkənin birinci şəxsi ilə Moskvada, “təmtəraqlı” bir məclisdə Nordmanın məsələsini həll etmişdi. Beləliklə, SSRİ DTK-sının rəhbəri bu dəfə də Rəşidovun qarşısında mat vəziyyətinə düşmüşdü.

Brejnevin vəfatından sonra Andropovun hakimiyyətə sahib olması Rəşidovun özünün də bildiyi kimi onun üçün siyasi karyerasının sonu demək idi. “Pambıq işi” ilə bağlı başlayan araşdırma əvvəlcə “Qdlyan-İvanov” işi ilə əvəzlənsə də, bu da Rəşidovun xeyrinə olmayıb. Rəşidov yaxşı dərk edib ki, məsələni müxtəlif bəhanələrlə uzatmağın mənası yoxdur. Və mütləq hakim olan Rəşidov onu da dərk edib ki, “Ağ qızıl”ın gətirdiyi qara günlər onun bir neçə addımlığındadır.

Şərəf Rəşidov 1983-cü ildə “Ağ qızıl”ın bərq vuran qaranlığını görmədən vəfat edib. Onun vəfatı ilə bağlı bir çox versiyalar söylənilib. Qəfil ürəktutma, intihar, zəhərlənmə və daha nələr, nələr...

Cinayətlərin tüğyan etdiyi Özbəkistanda Rəşidovun dəfni SSRİ rəhbərliyinin diqqətindən yayınıb. Rəşidovu sevən tərəfdarları onu Daşkəndin mərkəzində, sarayda dəfn ediblər. Ancaq sonralar 25 illik mütləq hakimin paytaxtın mərkəzində qalmasına etirazlar səslənib. Şərəf Rəşidovu sonuncu dəfə “narahat” edərək Çiğatay qəbirstanlığında dəfn ediblər...

İlham Cəmiloğlu, Musavat.com

Tarix: 20-10-2018, 15:23
Xəbəri paylaş





Xəbər lenti