Tramp yarım trilyon itirə bilər - Səudiyyə ilə müqavilə təhlükədə…


Tramp yarım trilyon

dollar itirə bilər

 

“Amerikanın casusu qismində fəaliyyət göstərən Səudiyyə

vəliəhdinin hakimiyyət önünü açmaq uğrunda ciddi çarpışma gedir”

 

“Washington Post” qəzetinin müxbiri Camal Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda başına gələnlər dünyada yeni bir skandala səbəb olub.

 

Amerika-Səudiyyə arasındakı silah müqaviləsinin bu məsələyə görə  pozula biləcəyinə dair fikirlər durmadan artır. Doğrudur, Amerika prezidenti Donald Tramp bir həftə öncə media mənsublarının suallarını cavablayarkən bu barədə suala cavab verərək, bunun mümkünsüz olduğunu söyləyib. Amma bunun biznes düşüncəsi ilə hərəkət edən Trampın fikirləri olduğunu unutmayaq. Görünən odur ki, proseslər getdikcə gərginləşir və Tramp administrasiyası ən böyük gəlirindən məhrum ola bilər. Məhz Ağ Evin jurnalistin başına gətirilənlərlə bağlı ehtiyatlı davranışı bunu deməyə əsas verir.

Politoloq Natiq Miri bildirdi ki, Qaşıqçının Səudiyyə Ərəbistanına aparılması və öldürülməsi barədə konkret informasiya ABŞ rəhbərliyində olub: “Ağ Ev bunun qarşısını almayıbsa, demək, Amerika bu prosesin içərisində bilavasitə mövcuddur. Səudiyyənin bu gün cəzalandırılması tələbi daha çox Tramp administrasiyasında deyil,  Konqres və Senatda səslənməkdədir. Tramp məhz bunun üçün çətin vəziyyətə düşüb. 110 milyard deyilir, amma Səudiyyə şahzadəsinin etirafı onu göstərdi ki, Amerika Səudiyyəyə yarım trilyon dollar çərçivəsində silah satıb. Əslində bu, Tramp hakimiyyətinə Səudiyyə Ərəbistanının verdiyi maliyyə dəstəyidir. Vəziyyətin daha da gərginləşməməsi üçün Tramp dövlət katibini Səudiyyəyə göndərdi. Amerikanın kral ailəsi üçün cızdığı bir yol xəritəsi var. Buna uyğun olaraq bu gün Səudiyyə rəsmiləri hərəkət edirlər. Qaşıqçının öldürülməsinin təsdiq olunmasından sonra hansı xətt cızılıbsa, Səudiyyə buna uyğun davranır. Burada da əsas olan Səudiyyə şahzadəsinin kral elan olunmasıdır. Bilirsiniz ki, bu gün bütün dünya Səudiyyə şahzadəsinin növbəti kral olmasına qarşıdır. Ortada konkret təkliflər var ki, kral yeni vəliəhd müəyyən etsin. Amerikanın casusu qismində fəaliyyət göstərən Səudiyyə vəliəhdinin hakimiyyət önünü açmaq uğrunda ciddi çarpışma gedir. Bu gün Amerikanın Yaxın Şərq və digər ciddi hədəfləri var. Bunun üçün Səudiyyənin vəliəhd şahzadəsinin kral olmasına çox ciddi ehtiyac var. Strateji hədəflər ABŞ üçün bu şəxsin üzərində qurulub. Silah və digər sanksiya məhdudiyyətləri dilə gətirilsə də, Trampın əsas hədəflərindən biri şahzadənin hakimiyyətə gedən yolunun kəsilməməsi məsələsidir. Səudiyyənin nə qədər pul xərcləməsindən asılı olmayaraq, burada əsas məsələ Türkiyədir. Yəni istintaqın nəticəsi olaraq Türkiyə nəyi bəyan edəcəksə, yalnız bundan sonra vəliəhd şahzadəsinin kral olub-olmaması müəyyənləşəcək. Bütün məsələlər prezident Ərdoğanın bir barmaq işarəsindən asılı vəziyyətə gəlib”.

ElÅÉn Mustafayev ile ilgili görsel sonucu

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev ABŞ-ın regionda ən yaxın müttəfiqinin Səudiyyə Ərəbistanı olduğunu söylədi: “Bu müddət ərzində ilk baxışda iki dövlət arasında münasibətlərin pisləşməsinə səbəb ola biləcək bir çox problemlər yaşansa da, son olaraq müttəfiqlik yenə də davam edib. Yəni baş verən hadisəni ABŞ gözardı etməyəcək və bununla bağlı Ər-Riyada təzyiqlərini davam etdirəcək. Amma bu o anlama gəlməməlidir ki, ABŞ Səudiyyə ilə münasibətləri dayandıracaq, sanksiyalar tətbiq edəcək və s. Hesab edirəm ki, həmin cinayətin araşdırılmasında və günahkarların müəyyənləşdirilib cəzalandırılmasında qeyri-rəsmi olaraq ABŞ iştirak edəcək. Səudiyyənin buna etiraz etməsi belə mümkün olmayacaq. Nəticə etibarı ilə ABŞ-a bu dövlətlə münasibətlərin davamlı olması vacibdir. Nəzərə alsaq ki, Səudiyyə monarxiya dövlətidir və çoxsaylı şahzadələr mövcuddur. O zaman ehtiyac yarandığı təqdirdə fərdlərdə rotasiyanın olunmasında elə də problem olmaya bilər. Bir məsəni diqqətdən qaçırmaq lazım deyil ki, ABŞ-ın Səudiyyə Ərəbstanına satacağı silahlar son nəsil müasir silahlardır. Bu cür məsələlərdə ABŞ çox diqqətli davranır. Yəni nə qədər pul ödəməsindən asılı olmayarq ABŞ-ın belə silahları hər dövlətə satmamaqla silah satışında əsas məqsədin silahların satışından əldə elədiyi pul olmadığı, hədəfin daha böyük olduğu anlaşılır. Bu isə həmin silahların düşdüyü əllərə arxayın olmasından və ehtiyatlanmamasından qaynaqlanır. Bu müqaviləni bağlayanda ABŞ-ın arxayınçılığı olub, o, bu gün də davam edir. O ayrı məsələdir ki, Qaşıqçı cinayətinə görə bu işdə əli olanların cəzalandırılmasına nail olmağa çalışacaq, kimlərinsə qulağını çəkəcək. Dediklərim münasibətlərin qeyri-rəsmi tərəfidir. Rəsmi tərəf təbii ki, başqa cür olmalıdır. Yəni silahların Rusiyadan, Çindən alına biləcəyi ehtimalları və s. deyilməlidir.

Ona görə də müqavilənin pozulma ehtimallarına o qədər də inanmıram. Amma baş vermiş cinayətin üzərinə bütün vasitələrlə gediləcəyinə inanıram. İlkin olaraq 110 milyardlıq, ümumilikdə 300 milyard silahın satılması isə hesab edirəm ki, ABŞ-ın regionda qüvvələr nisbətini Səudiyyə timsalında istədiyi kimi saxlamaq istəyindən irəli gəlir. Teokratik monarxiya quruluşundan, daxilində elementar demokratik dəyərlərin, insan haqlarının mövcud olmamasından asılı olmayaraq Səudiyyə digər region dövlətlərindən fərqli olaraq daxilində daha sabitdir. Hesab edirəm ki, ABŞ gələcək üçün oranı özünün forpostu kimi gücləndirmək niyyətindədir. Ona görə də satılan silahların əsas təyinatının fərqli olması ehtimalları da böyükdür. Bu isə ABŞ-ın milli təhlükəsizlik siyasətindən irəli gələ bilər. Bütün bunları nəzərə almaqla deyə bilərəm ki, Tramp nə bağladığı silah müqaviləsindən geri çəkiləcək, nə də cinayətin günahkarlarının müəyyənləşdirilib cəzalandırılması tələblərindən”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Tarix: 23-10-2018, 10:19
Xəbəri paylaş





Xəbər lenti