“Səudiyyə Ərəbistanı əvvəl-axır yolundan çıxacaq, bu, sadəcə, zaman məsələsidir. Lakin bu baş verəndə nəticələr qlobal xarakter daşıayacaq”.
Musavat.com xəbər verir ki, belə bir iddia ilə Almaniyanın “Handelsblatt” qəzetinin yazarı Mixael Volfson çıxış edib.
Yazı müəllifinin fikrincə, rejimin qatı tənqidçisi olan Camal Qaşıqçının vəhşiliklə öldürülməsi elə məhz Səud krallığının zəifliyinin göstəricisidir.
“Qaşıqçı ailəsi uzun müddət Səudiyyə dövlətinin avtoritetli və bacarıqlı sünni burjuaziyasının tərkib hissəsi olub. Lakin sünni burjuaziyası bir müddətdir monarxiya və aristokratiya tərəfindən siyasi həyatdan məhrum edilib. Krallığın maliyyə cəhətdən uğurlu və savadlı kəsimi sayılan burjuaziyanın sistemli şəkildə işlərdən kənarlaşdırılması inqilab öncəsi klassik uverturadan başqa bir şey deyil”, - Volfson yazır.
Alman icmalçı buna nümunə olaraq 1789-cu il Böyük Fransa inqilabını, İranda 1979-cu ildə baş verən islam inqilabını örnək göstərir.
“Camal Qaşıqçı Səudiyyə burjuaziyasının “aysberq”inin görünən bir hissəsini, Usama bin Laden isə başqa hissəsini təşkil edir.
İkisi də Səudiyyənin olduqca zəngin ailələrindən çıxmış şəxslərdir. Sadəcə, onların yanaşma tərzləri müxtəlifdir. Camal Qaşıqçı üçün bu islahatlar, bin Laden üçün terrordur. Lakin hədəf eynidir, bir şəkildə siyasətdə iştirak etmək və onun tərkib hissəsi olmaq... ABŞ-da 2001-ci ilin sentyabrın 11-də törədilən terror aktında iştirak edən 22 terrorçudan 19-u Səudiyyə burjuaziyasından çıxan şəxslər olublar”.
Hər halda Volfsonun rəyinə görə, sünni burjuaziyasının hakimiyyətdə iştirakı Səudiyyə Ərəbistanının fundamental problemini həll etmir.
Bu da ölkənin şərqində yaşayan şiələrlə bağlıdır. Onlar getdikcə İrana meyllənərək Tehranın köməyi ilə sünni isteblişmentə qarşı qalxa bilərlər. Onların bu sahədəki uğurları təkcə monarxiya üçün deyil, həm də ölkənin iş dünyası üçün təhlükə törədir. Çünki Səudiyyə Ərəbistanının bütün neft və qazı şərqdə çıxarılır.
“Avropa və bütün dünya Səudiyyə Ərəbistanında fundamental dəyişiklərə hazır olamlıdırlar”, - müəllif yazısını bu fikirlə yekunlaşdırır.