Harvard universitetinin professoru: “ABŞ-da ikinci vətəndaş müharibəsi baş verə bilər”

“ABŞ vətəndaş müharibəsinin astanasına gəlib. Özü də bu uzaq perspektivdə deyil, yaxın dövrlərdə baş verə bilər”.
Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, Harvard universitetinin professoru, tarixçi Nil Fergüson belə bir iddia ilə çıxış edib .
Böyük Britaniyanın “The Sunday Times” qəzetində xüsusi məqalə çıxış edən N.Fergüsonun fikrincə, 2020-ci ildən sonra Amerika cəmiyyəti ölkəni vətəndaş münaqişəsi həddinə gətirib çıxara biləcək parçalanma ilə üz-üzə qalacaq.
Tarixçi alimin bildirdiyinə əsasən ABŞ son zamanlarda daxili ziddiyətlərlə parçalanır, cəmiyyətin özündə də mədəni münaqişə baş verməkdədir. Professorun qeyd etdiyi kimi, bu gün Amerikanın internet seqmentində “vətəndaş müharibəsi” artıq gedir. Özü də bu savaş Konqres seçkiləri öncəsi daha da dərinləşib.
Müəllif ABŞ-ın keçmiş prezidenti Barak Obama və keçmiş dövlət katibi Hillari Klintona bombalı paketlərin göndərilməsini də vətəndaş müharibəsinin əlamətlərindən biri sayır.

Professor Fergüson bütün bunların Donald Trampın prezidentlik kürsüsünə əyləşməsindən sonra sürətləndiyini vurğulayıb. O, hazırkı prezidentin dövründə qaradərili əhalinin respublikçılara olan nifrətinin həddindən çox artdığını düşünür.
Hətta Trampın zamanında afro-amerikalılar arasında işsizlik səviyyəsinin tarixi minimuma enməsi belə onların fikirlərini dəyişməyib.
Nil Fergüson buna nümunə olaraq 2017-ci ildə Şarlotsvill şəhərində ağ irqçilərin nümayişləri zamanı baş verənlərin hadisələri örnək göstərir. Həmin ilin avqustun 12-də 1860-1865-ci illərdə baş verən vətəndaş müharibəsi zamanı Cənub ordusuna rəhbərlik edən general Robert Linin abidəsinin müdafiəsi üçün nümayiş keçirən bir qrup irqçiyə cavab olaraq qarşı tərəf də “Bütün milləti öldürün” adı altında aksiya keçirmiş və tərəflər arasında toqquşma baş vermişdi. Nəticədə 20 yaşlı irqçi gəncin maşınını etiraz edən kütlənin üzərinə sürməsi nəticəsində bir hamilə qadın həlak olmuş, 19 nəfər isə yaralanmışdı.
Həmin hadisədən sonra çıxış edən ABŞ prezidenti Donald Tramp günahı irqçilərə etiraz edənlərin üstünə yıxmışdı. O hətta abidəni qorumaq üçün çıxanların heç də hamısının ağ irqin üstünlüyünü müdafiə edənlərdən ibarət olmadığını söyləmişdi.
Trampın bu çıxışı ABŞ mediası tərəfindən hiddətlə qarşılanmış, mətbuat bunu prezidentin irqçiləri müdafiə etməsi kimi qiymətləndirmişdi.
Tarix: 1-11-2018, 08:33