ABŞ İrana qarşı sanksiya tətbiq etdikdən sonra bu ölkənin neft tankerləri görmə məsafəsindən qəfildən yoxa çıxıb. Cebhe.info xəbər verir ki, bunu ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayn Huk bildirib.
Onun sözlərinə görə, İranın neft daşıyan tankerləri avtomatik indentifikasiya sistemində transponderləri söndürüb və beləliklə də müşahidə nöqtəsindən çıxıb. Bu isə beynəlxalq naviqasiya və ekologiyaya böyük təhdid yaradır.
Hukun sözlərinə görə, gəmilərə quraşdırılan transponderlər maksimal görünmə məsafəsini təmin edir. Bu isə həm də bədbəxt hadisələrin qarşısını almağa xidmət etməklə yanaşı, gəmilərin toqquşması ilə ekologiyaya vurulacaq ziyanı aradan qaldırır. İndiki halda isə İran gəmiləri transponderləri söndürməklə təhlükə ehtimalını dəfələrlə artırıb. İndi onları müşahidə etmək, baş verə biləcək bədbəxt hadisələrin qarşısını vaxtında almaq mümkün deyil: "Əgər belə qəza baş verərsə, İranın yükdaşıma şirkətləri çətin ki, dəymiş ziyanı ödəmək qabiliyyətində olsun. Ölkələr, limanlar, administrativ kanallar, şəxsi firmalar bilməlidir ki, onlar bu qəzalar baş verəcəyi təqdirdə xərcləri qarşılamalı olacaqlar. Sanksiyalar tətbiq edildiyinə görə beynəlxalq sığorta şirkətləri belə riskli biznesdə iştirak etməyəcək və İran tankerlərinə xidmət göstərməyəcəklər".