ABŞ-da konqres və bir sıra ştatlarda qubernatorluq seçkiləri başa çatdı.
Lakin seçkilər 2016-cı ildən bu yana davam edən bir diskussiyanı - Rusiyanın siyasi proseslərə kibermüdaxiləsi problemini bitirməyib.
Amerikalılar hələ də Rusiyanın xüsusi xidmət orqanlarına bağlı hakerlərinin bir şəkildə Trampa kömək etdiyini düşünməkdədirlər.
“Twitter” və “Facebook”un dezinformasiya ilə mübarizə sahəsində atdığı addımlara rəğmən Rusiya öz əməllərindən əl çəkməyib”,- deyə kibertəhlükəsizlik məsələləri üzrə sahədə ixtisaslaşan “New Knowledge” şirkətinin rəhbərləri Conatan Morqan və Rayan Foks “Nyu-York Tayms” qəzetinə bildiriblər.
Şirkətin baş analitiki Kris Şaferin araşdırmasına görə, ruslar 2016-cı ildəkindən fərqli taktika həyata keçiriblər.
Təkcə keçən ay şirkət araşdrmaçıları sosial şəbəkələrdə 2018-ci il seçkiləri ilə bağlı 26 milyondan çox status aşkar ediblər.
“Biz bu məqsədlə Rusiya təbliğat strukturları tərəfindən yaradılan 400-dən çox saytı ortaya çıxardıq. Onlardan 100-ü birbaşa Rusiya hökuməti ilə birbaşa bağlıdır”,-deyə müəlliflər qeyd ediblər.
Morqan və Foksun yazdığına görə, yalnız oktyabr ayında həmin saytlardan gələn 110 min status paylaşılıb. Kremlə yaxın sayılan “Russia Today”, “Sputnik” , “The Duran” kimi saytların Demokrat partiyası əleyhinə yaydığı xəbərlər isə minlərlə şübhəli hesab tərəfindən linkləri ilə bilrikdə dəfələrlə sosial şəbəkələrdə yayılıb.
“Vaşinqton Post” qəzeti məsələyə bir qədər fərqli yanaşıb.
Qəzet yazarları Kreyq Timberq və Roni Romm oktyabr ayında “Facebook” tərəfindən spam yaydığına görə 800 yerli akkaunt və səhifəni bağladığını qeyd ediblər. Müəlliflərin fikrincə, bu "Silikon vadisi"nin mühafizəkar fikirlərə dözümsüz yanaşması ittihamlarını özü ilə bərabər gətirəcək.
“The Wall Street Journal”da isə son seçkilərdə xarici müdaxilənin əhəmiyyətli dərəcədə təsir göstərmədiyini qeyd edilib.
Jurnalist Dastin Volzun yazdığına görə, seçkidən bir gün əvvəl Facebook Inc. şirkəti ABŞ hüquq-mühafizə orqanlarının etdiyi xəbəərdarlıq əsasında “Facebook” şəbəkəsində 30, “İnstagram”da isə 85 akkauntu xarici kəşfiyyatla əlaqəsi olması şübhəsi ilə bağlayıb.
Musavat.com