ABŞ-da seçki: Rəqibləri qisasa həvəsləndirən QƏLƏBƏ


ABŞ-da seçki: Rəqibləri qisasa həvəsləndirən QƏLƏBƏ 

ABŞ-da keçirilən seçkinin nəticəsi məlum olub. 

Cebhe.info xarici KİV-ə istinadən bildirir ki, respublikaçılar Senatda mövqelərini qoruyub saxlayıblar. Parlamentin Yuxarı Palatasında onların sayı çoxdur. Aşağı Palatada isə demokratlar daha çox səs toplayıb. Buna baxmayaraq, prezident Donald Tramp seçkinin nəticəsindən razı qaldığını bəyən edib və bunu "möhtəşəm qələbə" adlandırıb. 

Nəticələrə görə, respbulikaçılar Konqresin Yuxarı Palatasında (Senat) 50 yer, demokratlar isə 41 yer qazanıb. Konqresin Aşağı Palatasına (Nümayəndələr Palatası) keçirilən seçkilərdə isə Respublikaçılar Partiyası 197, Demokratlar Partiyası isə 238 mandat alıb. Konqresə seçkilər ABŞ tarixində özünəməxsus göstəricilərlə yadda qalıb. Belə ki, ilk dəfə olaraq iki müsəlman qadın Nümayəndələr Palatasına mandat qazanıb. Demokratlar Partiyasının nümayəndələri Rəşidə Tlaib Miçiqan ştatından, İlhan Omar isə Minnesota ştatından ABŞ Konqresinə seçilib. 

Rəşidə Tlaib Fələstin əsilli amerikalı siyasətçi və vəkildir. İlhan Omar isə Minnesotadan olan Somali əsilli siyasətçidir.

Səsvermənin nəticələrini təhlil edən Amerika mediası və analitiklər yeni Konqresin fəaliyyətinin Tramp administrasiyasının siyasətinə təsir imkanlarını araşdırır. Demokratların nümayəndələr palatasında yüksək qələbəsi Donald Trampa qarşı impiçment ittihamının yenidən gündəmə gələcəyinə dair proqnozları artırıb. Lakin ölkədə işsizliyin sayının minimum həddə düşməsi, yerli istehsalın və gəlirlərin artması əhalinin respublikaçıların siyasətindən narazı qalmaq üçün əsas vermir. Siyasi müşahidəçilərin fikrincə, hakimiyyətdən narazılıq daha çox Trampın subyektiv və həddindən artıq mühafizəkar davranışları ilə bağlıdır. 

“The Washington Post”un yazdığına görə, seçkilərin nəticəsi ictimai rəyin qütbləşməsini əks etdirir və demokratların tərəfdarlarının ümid etdiyi kimi, bunu Trampa oxunan hökm hesab etmək olmaz. “Müasir dövrün ən bahalı və ən vacib aralıq seçkilərinin dramatik nəticələri xalqın ikitirəliyini əks etdirsə də, Trampa kütləvi hökm çıxarmayıb. Halbuki demokratlar “müqavimət” hərəkatlarının çəkisini artırmaq üçün buna ümid ediblər. Qeyri-leqalların ünvanına irqçi hücumları edən Tramp demokratları düşmən elan etməklə partiyasını qorxuya salan “mavi dalğanı” dayandırmaq üçün kifayət qədər seçici səfərbər edib. Prezident tələsik davranaraq seçkiləri “möhtəşəm uğur” adlandırıb. Buna baxmayaraq, demokratlar Trampın “qəbilə” mentalitetinə cavab verən şəhərətrafı sakinlərin, qadın və azlıqların dəstəyi sayəsində uğur əldə edib”-deyə qəzet yazır.  “The Washington Post” əlavə olaraq qeyd edir ki, Vaşinqtonda hakimiyyətin bölündüyü bir vaxtda, Nümayəndələr Palatasından demokratlar çox güman, prezidentin gündəliyini dayandırmağa, prezidentə və administrasiyasına qarşı yeni araşdırma başlatmağa çalışacaqlar. 

“The New York Times” bildirir ki, yaxın iki il ərzində Konqres Nümayəndələr Palatasında demokratlardan ibarət çoxluq sayəsində sadəcə vergilərin aşağı salınmasına deyil, daha çox şeyə layiq olan sadə amerikalıların maraqları ilə məşğul olacaq. “Amma demokratlar vəziyyətlərini maksimum dəyərləndirmək üçün qarşılarına real məqsədlər qoymalı, fürsət düşdükcə Trampla kompromis axtarmalı, impiçment və administrasiyaya qarşı araşdırma məsələsindən uzaq durmalıdırlar. Çünki analoji cəhdlər pis nəticələnib. Əsas məsələ doğru mövzuları və lazımi tonu tapmaqdır. Trampa nifrət edən demokratların əksəriyyəti çox güman qisas almaq istəyəcək, ancaq siyasi tamaşa sadə amerikalıların həvəsini öldürür. Nəhayət, analitiklər yazır ki, boyata çevrilmiş Demokratlar Partiyası lider dəyişikliyi haqda düşünməlidir”. 


Tarix: 8-11-2018, 22:54
Xəbəri paylaş





Xəbər lenti