Ağ Ev İranda XALQ ÜSYANI hazırlayır


Ağ Ev İranda XALQ ÜSYANI hazırlayır

ABŞ-ın tətbiq etdiyi sanksiyalar İran iqtisadiyyatının əsas sahələrini hədəfləməyə, Tehranın öz istiqamətini dəyişdirməsinə hesablanıb. Bu ilin əvvəllərində prezident Donald Tramp ABŞ-ı çoxtərəfli sazişdən çıxarıb. Bu saziş İranın nüvə proqramını sərt şəkildə məhdudlaşdırır. İndi isə ABŞ İranın neft və maliyyə sektorlarına sanksiyalar elan edib. ABŞ-ın tətbiq etdiyi sanksiyalar İrana 6 istiqamətdə fəaliyyəti qadağan edir: İran dövlətinin dollardan istifadəsini; İranın dövlət istiqrazlarını satmasını; Qiymətli daşlar və digər metalların ticarətini; Sərnişin təyyarəsi alması və detallarını idxal etməsini; Xarici şirkətlərin İranda avtomobil sənayesinə yatırım etməsini və ABŞ-a püstə və xalça ixrac etməsini.

Qeyd edək ki, İran qaz ehtiyatlarına görə dünyada üçüncü, neft ehtiyatlarına görə isə 4-cü yerdə qərarlaşır. Hazırda gündəlik 2,2 milyon barel neft hasil edən İranın bu sanksiyalardan sonra hasilatının gündəlik 500 min barel azalacağı güman edilir. Noyabr ayındakı sanksiyaların qüvvəyə minməsindən sonra isə ölkənin neft hasilatının 1 milyon barel olması gözlənilir. Bu da İranın illik 60 milyard dollar olan neft gəlirinin 43 milyard dollara qədər azalmasına gətirib çıxaracaq. ABŞ prezident Donald Trampın Tehranla dünya gücləri arasında 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxdığını elan etməsindən sonra İrana qarşı sanksiyaları bərpa edib. Donald Tramp Birləşmiş Ştatların Tehranın nüvə proqramının məhdudlaşdırılması müqabilində ölkə iqtisadiyyatına böyük zərər vuran sanksiyaların aradan qaldırılmasını nəzərdə tutan 2015-ci il razılaşmasından çıxdığını may ayında elan edib. ABŞ bundan sonra İrana qarşı sanksiyaların bir hissəsini yenidən bərpa edib.

Maraqlıdır, bu sanksiyalar İranda hansı siyasi dəyişikliklə nəticələnəcək?

Politoloq Nəzakət Məmmədova “Cümhuriyət” qəzetinə bildirib ki, sanksiyaların siyasi və iqtisadi məqsədləri var:

“Sanksiyaların başlıca məqsədi daxili siyasətdə dəyişikliklərə səbəb olmaqdır. Rəsmi Vaşinqton noyabrın 4-də İrana qarşı sanksiyaların ikinci mərhələsinin tətbiqinə başladı. Bu sanksiya İranın energetika sahəsini əhatə edir. İran böyük neft və qaz ehtiyatlarına malik ölkədir və gəlirlərinin böyük hissəsi bu məhsullardan formalaşır. ABŞ İranın energetika sektoruna sanksiya tətbiq etməklə gəlirlərin azalmasına səbəb olacaq. İranla neft-qaz sahəsində əməkdaşlıq edən şirkətlərə də embarqo qoyulacaq. Bu isə şirkətlərin İrandan geri çəkilməsi ilə nəticələnəcək ki, bu da büdcə gəlirlərinə də təsirsiz ötüşməyəcək. Təbii ki, bu zaman dövlətin sosial yönümlü xərcləri də azalır. İqtisadi böhranın ölkə iqtisadiyyatına və əhalinin yaşayışına tədricən mənfi təsir göstərəcək. Həm siyasi, həm də sosial narazılıq artacaq. ABŞ İranda birbaşa hərbi əməliyyatları həyata keçirməyə risk etmir. Çünki bu, böyük vəsait tələb edir. İranla müqayisədə Suriya və İraq zəif ölkədir. ABŞ bilir ki, İrana hərbi müdaxilə etsə, bu, rəsmi Vaşinqtonun məğlubiyyəti ilə nəticələnəcək. Buna görə də ABŞ sanksiya tətbiq etməklə İranı zəiflədir. Büdcəsi yoxsullaşmış bir ölkədə əhalinin hakimiyyətə qarşı üsyana qalxması gözləniləndir. Necə ki, 2017-ci ilin sonu 2018-ci ilin əvvəllərində İranda sosial partlayış baş vermişdi. O dövrdə İranın büdcəsindən 11 milyard dollar Yaxın Şərqdəki əməliyyatlara “İslam İnqilabının Mühafizəçiləri Korpusu” - “SEPAH”, Hizbullah, Həmas və rəsmi Tehranın maliyyələşdirdiyi digər təsisatlara ayrılmışdı. Əhali də buna etiraz etmişdi. Sanksiyalar istər-istəməz ölkədə vəziyyəti gərginləşdirəcək. Əhali yenə baş qaldıracaq və hökumət qarşısında konkret tələblər qoyacaq. Hesab edirəm ki, bu zaman hakim rejim məcbur olub əhalinin tələblərinə qulaq asmalıdır. İran ABŞ-ın terrorçu hesab etdiyi Fələstinin İslami Müqavimət Təşkilatı "Həmas"ı, Hizbullah və digər qruplaşmaları büdcəsindən maliyyələşdirir. ABŞ-ın məqsədi odur ki, sanksiyalarla İranın büdcəsini zəiflətsin və beləliklə həmin terrorçu qruplaşmalara pul ayrılmasın. Məlum olduğu kimi Yəməndə Hizbullah İsrailə qarşı əks qüvvə kimi müharibə aparır. Səudiyyə Ərəbistanı və İran arasında regional liderlik uğrunda şiddətli mübarizə gedir. ABŞ Yaxın Şərqdə İranın planlarına mane olmaq və Amerikanın terrorçu hesab etdiyi qruplaşmaların maliyyələşmənin dayandırmaq üçün İranın büdcəsinin boşalmasını istəyir. Beləliklə əhali də hökumətdən həmin vəsaitin vətəndaşlara xərclənməsini tələb edəcək. Amma İranın böyük geosiyasi planları var, o elə dövlətdir ki, öz sərhədləri çərçivəsində qalmaq istəmir. Əslində İran Yaxın Şərqdə fars şovinizmini yayır. Livan, Suriya, Yəməndə və ümumiyyətlə, Yaxın Şərqin bir çox ölkələrində İranın böyük təzyiqi var. İran coğrafi baxımından şiə hilalı olan ölkələri maliyyələşdirməklə qalmır, həm də onların siyasətinə qarışır. Bu da ABŞ-ın ən yaxın müttəfiqi olan İsrailin və Səudiyyə Ərəbistanının mənafeyinə uyğun deyil. Buna görə də sanksiyaların əsas hədəfində İranın Yaxın Şərq planlarına, eləcə də silahlı qruplaşmaları maliyyələşdirməsinə mane olub öz sərhədlərinə çəkməkdir. Eyni zamanda əhalinin hakimiyyətə qarşı çıxmasını təmin etməkdir”.

Politoloqun sözlərinə görə, ABŞ-ın planlarından biri də İranın parçalamasına nail olmaqdır:

“Orta Şərq xəritəsində Yaxın Şərqin 22 ölkəsinin parçalanması planı var idi. Bu ölkələr arasında İran da var. Planda, hətta Təbriz də daxil olmaqla Cənubi Azərbaycanın Azərbaycana birləşdirilməsi də əks olunurdu. Amma bu, yaxın perspektivdə baş tutası plan deyil, çünki İran güclü dövlətdir, onun parçalamaq çətindir. Suriyanı parçalaya bilmədilər. Bu baxımdan İranın da müttəfiqləri var, Rusiya, Türkiyə, Çin, eləcə də Avropa Birliyi qətiyyən buna imkan verməyəcək. Avropa Birliyi İranla ən böyük dəstək verən ölkələrin təşkilatıdır və sanksiyalara da qarşı çıxır. Əslində, İran inqilabını Avropa həyata keçirdi. İranın eks-prezidenti Ayətullah Xomeynini Fransa hakimiyyətə gətirmişdi. Yəni, bugünkü İran bir növ Avropa Birliyinin proyektidir. Buna görə də İranın parçalanmasına nə Avropa Birliyi, nə Türkiyə, nə Rusiya, nə də Çin göz yumar. Çünki indiki İran bir çoxlarına sərf edir. Əks təqdirdə regionda sabitlik pozulacaq, xaos yaranacaq”.

Nəzakət Məmmədova İranda milyonlarla kürdün yaşadığını da vurğulayıb:

“Həmin kürdlər birləşib dövlət yaratmaq istəyirlər ki, bu da nə Suriyaya, nə Türkiyəyə, nə də İrana sərf edir. ABŞ-da müxtəlif qüvvələr var ki, onların İrana yanaşması da fərqlidir. Bəziləri deyir ki, ümumiyyətlə, İranı yer üzündən silmək lazımdır, onlar daha radikaldır. Bəzi qüvvələr də var ki, onlar rejimin dəyişməsinin tərəfdarıdır. Bəzi maraqlı qüvvələr də hazırkı İranın qalmasını və iqtisadi ticarət əlaqələrinin qurulmasında maraqlıdır. ABŞ-da təkcə Tramp deyil, müxtəlif güc mərkəzləri var ki, onlar dövlət strukturlarında yer tutublar. Həmin güc mərkəzlərinin Konqresdə İrana qarşı fərqli mövqeləri var və ortaq qərara gələ bilmirlər. Yəhudi lobbisi İrana birbaşa hərbi müdaxilənin tərəfdarıdır. ABŞ-da İrana fərqli yanaşmalar olduğuna görə planlar da müxtəlifdir. Hansı qruplaşmanın sözü daha çox keçirsə, onun İran planı həyata keçir. Hazırda ABŞ-da sanksiyaların tərəfdarı olan qruplaşma üstünlük qazanıb. Hərbi şirkətlər müharibənin başlamasın istəyirlər ki, İrana qarşı döyüşən ölkələrə silah satsın. Burada hər kəs öz maraqlarından çıxış edir”.(Cebhe.info)


Tarix: 10-11-2018, 22:31
Xəbəri paylaş





Xəbər lenti