Ermənistan aclıqla üz-üzə: Seçkidən sonra kütləvi həbslər gözlənilir


Ermənistan aclıqla üz-üzə: Seçkidən sonra kütləvi həbslər gözlənilir

Ermənistanda siyasi gərginlik artdıqca ölkə dərin iqtisadi böhrana yuvarlanır.

Onsuz da Ermənistanın iqtisadi durumu ağır idi, siyasi gərginlik fonunda isə vəzıiyyət daha da çətinləşir. Artıq erməni siyasi-elitası mövcud vəziyyəti Nikol Paşinyanın ayağına yazıb. Müdafiə naziri Vigen Sarkisyan qeyd edib ki, o bundan sonra yeni hökumətlə müxalif partiya kimi mübarizə aparacaq. Bu barədə Ermənistan KİV-ləri yazır. Siyasi ekspertlər hesab edirlər ki, respublikaçıların bu qərarı parlamentdə üstünlüyü ələ almağa çalışan Nikol Paşinyanın planlarını poza bilər.

Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov isə Nikol Paşinyanı səriştəsizlikdə ittiham edib. Onun sözlərinə görə, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında mövqelərinin zəifləməsində günahkar məhz Paşinyandır. E.Şarmazanov bildirib ki, hərbi birlikdə itirilənlərin əsas günahkarı indiki hakimiyyətdir. Paşinyan bütün günü korrupsiya ilə mübarizədən danışır, eyni zamanda, ölkənin təhlükəsizliyini qurban verir. Gürcü ekspert Mamuka Areşidze də Paşinyanın böyük siyasətdə təcrübəsinin olmadığını açıqlayıb. Onun sözlərinə görə, baş nazir səlahiyyətlərini icra edən bu şəxs hər şeyi öz əlinə alıb. O, birpartiyalı parlament yaratmağa çalışır. Yenicə buraxılan parlamentdə əsas səs çoxluğu keçmiş hakim partiyanın əlindədir. Yeni Milli Şurada da onlar üstünlüyü ələ ala bilərlər. Bu isə N.Paşinyana ciddi problemlər yaradacaq. Ermənistanın sabiq prezidenti Robert Köçəryanın vəkilləri isə müdafiənin təmin edilməsilə əlaqədar İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət ediblər.

Göründüyü kimi, Ermənistanda siyasi gərginlik artır, seçkiqabağı mühit qarşıdurmaya doğru gedir. İqtisadi böhran içində olan Ermənistanda aclıq ehtimalı artır.

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə açıqlamasında siyasi gərginliyin Ermənistanda iqtisadi tənəzüllə yol açacağını deyib. N.Cəfərli hesab edir ki, Ermənistanda hər şey seçkilərin nəticəsindən asılı olacaq: “Çünki Ermənistanda kifayət qədər maraq qrupları var ki, onlar parlamentdə Paşinyanın üstünlük qazanmasını istəmir. Paşinyanın hələ də əlini-qolunu bağlayan onun parlamentdə azlıqda olmasıdır. Hökumətin qeyri-effektiv fəaliyyəti də ən çox bununla bağlı idi. Çalışacaqlar ki, müxtəlif yollarla Paşinyan komandasının parlamentdə üstünlük qazanmasına mane olsunlar. Bunun üçün iqtisadi sabotaj ehtimalı da var. Ermənistanda müxtəlif iqtisadi sabotajlar, qiymət artımları ola bilər. Çünki Sarkisyan hakimiyyəti dövründən qalmış güclü inhisarçılar var ki, onlar qiymətləri artıra bilirlər. Bununla da seçkinin nəticəsinə təsir etmək şanslarını artırarlar.

Bu baxımdan dekabrda baş tutacaq seçkilərə qədər Ermənistanda qeyri-sabit mühit olacaq. Seçkilərin nəticəsindən də çox şey asılı olacaq. Əgər bütün bu problemlərə baxmayaraq Paşinyan komandası parlamentdə böyük üstünlük qazana bilsə və öz hökumətini formalaşdırmağa nail olsa, bu sabotajlar gələcəkdə davam edə bilər. Çünki Paşinyan çox güman ki, seçkilərdən sonra keçmiş hakimiyyətin nümayəndələrinə qarşı səlib yürüşünə başlayacaq. Xalqdan daha çox dəstək və xal qazanmaq üçün populist addımlar da ata bilər. Məsələn, korrupsiya ilə mübarizə adı altında böyük həbslər ola bilər. Keçmiş böyük məmurların əmlaklarının müsadirəsi, həbs olunması mümkündür. Bu da iqtisadi təlatümlərə səbəb olacaq. Digər məsələ isə Paşinyanın Rusiya ilə münasibətindən asılıdır. Əgər rəsmi Moskva Paşinyan hökumətini qəbul etməsə və problemlər daha da dərinləşsə, Rusiyanın Ermənistanda iqtisadi tənəzülə yol açmağa kifayət qədər güclü rıçaqları var.”

  Cebhe.info

Tarix: 15-11-2018, 07:41
Xəbəri paylaş





Xəbər lenti