AVROPA İTTİFAQI VƏ NATO PARÇALANMA TƏHLÜKƏSİ İLƏ ÜZ-ÜZƏDİR

 Natiq Cəfərli: "Böyük Britaniyanın Avropa Birliyindən çıxması ittifaqın imicinə, gələcəkdəki fəaliyyət perspektivlərinə zərbə vurur"
"Təbii ki, bu da Avropa Birliyinin gələcəyi ilə bağlı ciddi suallar və problemlərin olacağına işarədir"
Sülhəddin Əkbər: "Bunun həm beynəlxalq, həm də regional təsirləri qaçılmazdır"
"Böyük Britaniyanın Avropa İttifaqından çıxması Tramp administrasiyasının strategiyasına uyğun olan, eyni zamanda Rusiyanın geopolitik maraqlarına cavab verən addımdır"
Ötən sayımızda qeyd etdiyimiz kimi, Böyük Britaniyanın baş naziri Tereza Mey "Breksit" məsələsi ilə bağlı təkrar referendum keçirilməsi variantını qəti şəkildə rədd edib. Böyük Britaniya parlamentinin deputatı Anna Sobri isə hazırda ölkəsinin ağır seçim qarşısında olduğunu bildirib. O, bu qənaətdədir ki, Avropa İttifaqı ilə mövcud "Breksit razılaşması" Britaniyanın maraqlarına xidmət etmir və parlament üzvlərinin əksəriyyəti tərəfindən dəstəklənmir. Deputatın fikrincə, Avropa İttifaqından razılaşma olmadan çıxmaq fəlakətə çevrilə bilər. Lakin buna rəğmən, Britaniya hökuməti ölkənin Avropa Birliyindən çıxması ilə bağlı təkrar referendum keçirilməsini qəbul etmir. Məhz elə bu səbəbdən də baş nazir Tereza Mey bugünlərdə verdiyi açıqlamasında qəti əminliklə bildirib ki, Böyük Britaniya gələn ilin mart ayının 29-da Avropa İttifaqını tərk edəcək.
Gördüyünüz kimi, İngiltərə Avropa Birliyindən çıxmaqda israrlıdır. Lakin bunun həm Böyük Britaniya, həm də Avropa İttifaqı üçün viddi fəsadları ola bilər. Məsələn, beynəlxalq analitiklərin fikrincə, Britaniyanın Avropa İttifaqından çıxması dünyanın beşinci böyük iqtisadiyyatını qeyri-müəyyənliyə sürüyəcək, ABŞ prezidenti Donald Trampın qeyri-ənənəvi siyasəti və Rusiya ilə Çinin artan təcavüzü şəraitində Qərbi, o cümlədən Avropa İttifaqını və ardınca NATO-nu parçalayacaq. Bu yaxınlarda yaşanan olayları, o cümlədən səsləndirilən siyasi bəyanatları nəzərə alsaq, o zaman deyilənlər öz təsdiqini tapar. Belə ki, büdcə və insan resursları üzrə Avropa komissarı Günter Ettinger bu ilin sentyabr ayında verdiyi açıqlamasında qeyd edib ki, hazırda Avropa İttifaqını dağıtmaq istəyən ölkələr var: "Fikrimcə, Avropa İttifaqı layihəsi ölüm təhlükəsi ilə üz-üzədir. Avropada bəzi ölkələr, Macarıstan, Polşa, Rumıniya və İtaliya hökuməti Aİ-ni zəiflətmək, hətta məhv etmək istəyir". Bundan başqa, ABŞ prezidenti Donald Trampın bu ilin yayında fransalı həmkarı Emmanuel Makrona Avropa İttifaqının tərkibindən çıxmağı təklif etməsi, əvəzində ona gəlirli ticarət müqaviləsi vəd etməsi bir daha onu deməyə əsas verir ki, Avropa Birliyi həqiqətən də ciddi təhlükə ilə üz-üzədir və hər an parçalana bilər. Nəzərinizə çatdıraq ki, eyni tale NATO-nu da gözləyə bilər. Çünki analitiklərin bir çoxu Emmanuel Makronun Avropanın öz ordusunu yaratmalı olduğunu bəyan etməsini, Almaniya kansleri Angela Merkelin isə bu fikri dəstəkləməsini məhz NATO-nun iflası kimi xarakterizə edirlər.
 
Mövzu ilə əlaqədar mövqeyini öyrəndiyimiz Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli hesab edir ki, Böyük Britaniyanın Avropa İttifaqından çıxması NATO ilə bağlı hər hansı problemin yaranmasına səbəb olmayacaq: "Çünki NATO tək Avropa ölkələrinin təmsil olunduğu təşkilat deyil. Belə ki, ABŞ, Kanada və Türkiyə də alyansda iştirak edir. Odur ki, NATO sırf Avropa Birliyi projesi deyil. Bununla bağlı bir problemin yaşanacağını düşünmürəm. Amma Avropa Birliyi ilə İngiltərə arasında ticarət və iqtisadi münasibətlərin kəskin zəifləməsi müşahidə oluna bilər. Təsadüfi deyil ki, bu xəbərlərin fonunda dünəndən (srağagün-red.) etibarən Britaniya funt sterlinqi çox ciddi şəkildə dəyər itirməyə başlayıb. Çünki Britaniya Avropa Birliyinin xüsusi statuslu üzvü idi. Yəni özünün valyutasını və viza sistemini saxlamışdı, Şengenə və Avrozonaya daxil olmamışdı. Lakin ümumi Avropa Birliyi qaydaları çərçivəsində büdcənin formalaşması, ticarət münasibətlərinin aparılmasında iştirakçı idi".
Natiq Cəfərlinin fikrincə, Böyük Britaniyanın Avropa Birliyindən çıxması onun ittifaqla ticarət münasibətlərinin yenidən baxılmasına, yeni gömrük rüsumlarına, gömrük tarifləri və gömrük baryerlərinin yaranmasına səbəb olacaq: "Eyni zamanda, vergiləndirmə və vergi dərəcələrinin dəyişməsinə səbəb olacaq ki, bu da ümumi dünya iqtisadi potensialına, dünyadakı iqtisadi artıma mənfi təsir göstərə bilər. Heç də təsadüfi deyil ki, artıq onlarla şirkət baş ofislərini Britaniyadan kontinental Avropaya, əsasən də Almaniya, İsveçrə, Fransa kimi ölkələrə köçürməyə başlayıb. Halbuki London dünyanın maliyyə mərkəzlərindən biri, bəlkə də birincisi idi. Bu da öz növbəsində, Britaniyada on minlərlə iş yerinin bağlanması deməkdir. Yəni bu proses kifayət qədər problemlərlə müşayət olunacaq və təsadüfi deyil ki, keçid dövrü kimi 2020-ci ilə qədər bunun davam edəcəyi gözlənilir. İki il müddətdə bu proses davamlı şəkildə gedəcək. Bunun səbəbi isə problemlərin gözləntilərdən daha çox olması və onların həlli üçün daha çox əmək sərf etməyə məcbur olmaqları ilə əlaqədardır".
Politoloq bu qənaətdədir ki, İngiltərənin Avropa İttifaqından çıxmasının ümumi ticarət dövriyyəsinə mənfi təsir göstərməsi qaçılmaz olacaq: "Çünki Britaniya hökuməti yeni gömrük tariflərinin müəyyən olunmasına çalışacaq. Həm də bu, işçi, iş yerlərinin mübadiləsini daha da çətinləşdirəcək. Yəni Britaniyanın bu addımı onun Avropa Birliyi ilə iqtisadi münasibətlərinin mənfi yöndə davam etməsinə səbəb olacaq". Avropa İttifaqının taleyinə gəlincə, Natiq Cəfərli bildirdi ki, Böyük Britaniya kimi bir ölkənin birlikdən çıxması ittifaqın imicinə, gələcəkdəki fəaliyyət perspektivlərinə də zərbə vurur: "Bir çox ölkələrin, o cümlədən İtaliya, Fransa və İspaniyanın bəzi siyasi qüvvələri, partiyaları gələcəkdə öz ölkələrinin də həm Avrozonadan, həm də Avropa Birliyindən çıxması ilə bağlı ciddi fikirlər səsləndirirlər. Halbuki əvvəllər bu fikirlər çox marginal qruplar arasında səslənirdisə, indi əhali arasında da kifayət qədər rəğbət görməyə başlayıb. Təbii ki, bu da Avropa Birliyi kimi ciddi bir qurumun gələcəyi ilə bağlı ciddi suallar və problemlərin olacağına işarədir".
 
Böyük Britaniyanın Avropa Birliyindən çıxmasını çox ciddi geopolitik hadisə kimi dəyərləndirən Azad Demokratlar Partiyasının sədri, təhlükəsizlik eksperti Sülhəddin Əkbər isə hesab edir ki, bunun həm beynəlxalq, həm də regional təsirləri qaçılmazdır: "Lakin onu nəzərə almaq lazımdır ki, bu proses hələ başa çatmayıb. Bununla bağlı həm Avropa Birliyində, həm də Böyük Britaniyanın daxilində çox ciddi müzakirələr gedir. Eyni zamanda, Britaniya daxilində ciddi problemlər yaranıb". Böyük Britaniyanın Avropa İttifaqından çıxmasının Tramp administrasiyasının strategiyasına uyğun olan, eyni zamanda Rusiyanın geopolitik maraqlarına cavab verən addım olduğunu deyən Sülhəddin Əkbər qeyd etdi ki, bu, həm də İngiltərə və Avropa Birliyi üçün ciddi problemlər yarada bilər: "Belə ki, artıq Britaniyada ciddi siyasi böhran yaranıb. Son məlumata görə, bununla bağlı hökumətin qərar verməsindən sonra artıq 4 nazir istefa verib. Bundan başqa, Şotlandiya yenidən müstəqilliklə bağlı referendum keçirmək haqda qərar verməyi düşünür. O cümlədən, İrlandiya ilə bağlı ciddi problemlər ortaya çıxıb. Təbii ki, Avropa Birliyi üçün də müəyyən problemlər yaranıb. Amma düşünmürəm ki, Böyük Britaniyanın ittifaqdan çıxması, ABŞ və Rusiyanın səylərinə baxmayaraq, Avropa Birliyinin parçalanmasına səbəb olacaq. Tam tərsinə, Avropa Birliyinin möhkəmlənməsi istiqamətində ciddi addımlar atılır. Onlardan biri də Avropa ordusunun yaranması haqqında səylərin artırılmasıdır. Artıq Fransa prezidenti Makron bu barədə yeni təşəbbüslə çıxış edib və Almaniya kansleri Merkel də buna müsbət cavab verib. Bildiyiniz kimi, Fransa və Almaniya Avropa Birliyinin aparıcı dövlətləridir və onlardan başqa 7 dövlət də bu təşəbbüsə qoşulub. Ona görə də hələlik bu prosesi yaxından ciddi şəkildə izləmək, eyni zamanda uzaq gedən nəticələr çıxarmağa tələsməmək lazımdır".
 Hurriyyet.org
Tarix: 17-11-2018, 14:07
Xəbəri paylaş





Xəbər lenti