İranın “şimal nəfəsliyi” də bağlanır


İranın “şimal nəfəsliyi” də bağlanır

Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla neft bazarını müzakirə edib.

Vladimir Putin Sinqapurda jurnalistlərə verdiyi açıqlamasında Birinci Dünya müharibəsinin başa çatmasının 100 illiyi münasibətilə Parisdə keçirilən mərasimdə ABŞ prezidenti ilə neft bazarını müzakirə etdiyini deyib. O qeyd edib ki, neftin qiymətinin bir barel üçün 70 dollar ətrafında olması Rusiya üçün məqbuldur. Rəsmi Moskva qlobal xam neft istehsalının həcmi üzrə Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ilə əməkdaşlığı davam etdirəcək.

Maraqlıdır, müzakirələr qlobal neft bazarlarına nə vəd edir?

“Neft Araşdırmaları” Mərkəzinin rəhbəri İlham Şaban “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Rusiya və ABŞ prezidentləri arasındakı müzakirənin dünya neft bazarında qiymətlərin tənzimlənməsinə ciddi təsiri olmayacaq: “Çünki bu məsələdə Rusiya və ABŞ prezidentlərinin ayrı-ayrılıqda öz fikirləri var. İndiyə qədər Rusiya və ABŞ-ın neftin qiymətinin formalaşmasındakı baxışları fərqli olub. İstər 1970-1980-ci illərdə, istərsə də ondan sonrakı dövrlərdə və ya OPEC səviyyəsində olsun, iki ölkə arasında ortaq məxrəcə gəlinməyib. Buna görə də Putinlə Tramp arasında neftin qiymətləri və bazara uyğun baxışların olması barədə deyilənlər nağıldan başqa bir şey deyil. Rusiya ilə Səudiyyə Ərəbistanının neft bazarları və qiymətləri ilə bağlı ortaq fikirləri ola bilər. Çünki hər iki dövlətin iqtisadiyyatı neftdən asılıdır. Hər iki dövlət istəyər ki, bazarlarda neftin qiyməti müəyyən səviyyədən aşağı həddə düşməsin. Ancaq Putin Trampla belə bir məsələni müzakirə edə bilməz. Amerika istəyir ki, kimlərsə bazara müdaxilə etməsin, yəni, hər şeyi bazar özü tənzimləməlidir. Tələb və təklif əsasında birjada qiymətlər formalaşır”.

Sanksiyalardan sonra İran neftinin Rusiya nefti adı altında satılmasına gəlincə, ekspert qeyd edib ki, burada söhbət gündəlik 100 milyon barel neftin barter edilməsi sxemindən gedir: “İranın neft məhsulları Xəzər dənizi üzərindən Rusiya limanlarına daşınır və satılır. Məhsul iki ölkə arasında barter edilir. Bu üsul İrana sanksiyalar tətbiq olunmamışdan öncə də həyata keçirilirdi. Məsələ burasındadır ki, bunun qarşısını ABŞ ala bilməz. Çünki burada ABŞ-ın hər hansı bir təsir imkanları yoxdur. Ona görə ki, Rusiya və Azərbaycan arasında açıq su hövzəsi var. İranda emal olunmuş neft ikinci ölkənin daxili bazarına satılır. Rusiya ilə İran arasında ticari əlaqələr genişdir. Rusiya idxal etdiyi neftin dəyərini pul şəklində yox, digər məhsullarla ödəyə bilər. Təbii ki, barter üsulu ticarət iki ölkə arasında razılaşdırılmış şəkildə həyata keçirilir”.

Yeganə Oqtayqızı


Tarix: 18-11-2018, 21:42
Xəbəri paylaş





Xəbər lenti