Gürcüstan demokratikləşir, ciddi siyasi mübarizə, ictimai fəallıq poliqonunu xatırladır. Sevindiricidir. Milli azadlıq mübarizəmizin hədəflərindən birini Gürcüstanın timsalında yaşamaqdayıq. Mühafizəkar zehniyyətlə yeni, demokratik zehniyyətin mübarizəsi göz önündədir. Demokratiyanın və ümumiyyətlə islahatların Saakaşvili modeli o qədər sürətli və heyranedici idi ki, bu sürətə vərdiş etmək və ya ondan daha sürətli islahat modelini tətbiq etmək mümkünsüz idi. Keçid dövrü üçün baş verənlər inqilabi yeniliklər idi. Təbii olaraq, postsovet zehniyyəti bu sürətə və pozitiv dinamikaya hazır deyildi.
Saakaşvili dönəmində proseslərin bəhrəsini hər kəs, bu və ya digər formada dadsa da, sovet mühafizəkar düşüncəsi tamamilə aradan qalxmamışdı. Bdzina İvanişvili oliqarx və fikrimcə mühafizakar xəttin nümüyəndəsi olaraq bəlli səbəblərdən altı il öncə hakimiyyətə yiyələnə bildi. Hakimiyyətə həm də pulla, daha çox siyasi kapitalla yiyələnə bildi. Bütün narazı təbəqə İvanişvilinin tezislərinə aldanaraq, demokratiyanı yana itələyib, daha gözəl gələcək arzusu ilə kapitalı seçdi. İvanişvili məhz populist şüarlarla daha cazibəli və daha sürətli islahatlar aparacağına and içərək narazı elektoratı öz təsirr altına sala bildi. Amma nə sürətli gedə, nə də verdiyi vədlərə əməl edə bildi.
İvanişvilinin soydaşlarımıza verdiyi vədlərin bəzilərini xatırladacam. Toponimləri bərpa edəcəyinə, qanunsuz yolla mənimsənilmiş torpaqları kəndliyə qaytaracağına, soydaşlarımızı ən yüksək dövlət vəzifələrinə, hətta İcra başçıları, nazirlər təyin edəcəyinə, eləcə də əmək haqlarının və təqaüdlərin bir neçə dəfə artıracağına söz vermişdi. Sual edirəm. Hansı biri yerinə yetirildi? Heç biri. Bu azmış kimi, rayon prefekti və parlament seçkiləri vaxtı soydaşımın halal haqqını məhz saxtakarlıqla əlindən aldı.
Məhz onun diqtəsi ilə 2014-cü ildən ictimai fəal olaraq mənim Gürcüstana girişimə əsassız qadağa qoyuldu. Bunun ardınca hər il iyul ayının 26-da Dmanisidə keçirilən, artıq Türk dünyasına nüfuz etmiş və soydaşlarımızın milli mədəniyyətinin nümayiş meydanı olan mədəni-kütləvi tədbir – “Borçalı Türklərinin Elat Mədəniyyəti günü” tədbirini – ELAT bayramını faktik yasaqladı. Soydaşımın varlığına dözümsüzlük nümunəsi göstərməklə Elat bayramının adını və məzmununu dəyişərək , “Dmanisoba” ilə əvəzlədi. İnteqrasiya prosesində bir sıra humanitar layihələr məhz bu hakimiyyətin diqtəsi ilə durduruldu. Unutmayaq ki, 6 ildir Gürcüstanı İvanişvilinin komandası və pulu idarə edir.
Yalanlar seriyası yenə davam etməkdədir. Rusiyanın marağına uyğun olaraq Gürcüstanın milli qüruruna təcavüz hesab oluna biləcək “Rusiya ilə müharibəni Saakaşvili başladı” kimi təhdidedici bəyanatlar da bu komandaya aiddir. Unutdu ki, gürcü insanı bu məsələlərdə kifayət qədər həssasdır. İvanişvilinin indiki namizədi Zurabişvilinin antitürk ovqatı da artıq heç kimə sirr deyildir.
Seçkinin birinci turunda saxta praymeriz düzəldib para hesabına MSK-ya və xalqa sayğısızlıq göstərərək qələbə şadyanalığı etmək də saxtakarlıq vərdişinin nəticəsidir.
Artıq prezident seçkisinin birinci turunun nəticəsi ümumu götürəndə müxalifətin xeyrinə yekunlaşıb. Cənab Bdzina populizmlə gəldi. Amma hesablaya bilmədi ki, demokratiyanı dadmış Gürcüstan insanının müqayisə imkanları yetərincədir. Saakaşvilini öz ölkəsindən didərgin salsa da, unutdu ki, Saakaşvilinin səpdiyi həqiqət toxumlarının cücərtiləri meydanlardadır. Unutdu ki, gürcü seçicisi və onun içərisində soydaşımız İvanişvili zehniyyətinin saya salmadığı qara kütlə deyil. O, ayıqdır. Onu pulla, yalan vədlərlə əla almağın mümkün olmadığını artıq İvanişvili komandasının ağıllı təbəqisi duymaqdadır. Ən son şans olaraq seçicinin duyğuları ilə oynamağa başladı, kredit borclarını ödəyəcəklərini bəyan etməklə, seçicini dolayı yolla ələ almağa cəhd edirlər. Düşünürəm ki, Knyazlıq ənənələrini qoruyan və onunla öyünən gürcü millətini bu cür ucuz vasitələrlə aldatmaq mümkün olmayacaqdır.
Gürcüstan insanı müvəqqəti kənara qoyduğu demokratiyaya, demokratik islahatlara yenidən qucaq açmaqda, mühafizəkar əski düşüncə ilə birdəfəlik vidalaşmaqdadır. Eyni zamanda, öz milli-mənəvi saflığı ilə nümunə olan soydaşımız da ona dəyən zərbələrin, Gürcüstanı səhv səmtə aparmaq istəyən komandanın yanlışlıqlarının fərqindədir. İnanırıq ki, soydaşlarımız da daxil, Gürcüstan seçicisi birinci turda göstərdiyi qətiyyəti 28 noyabr təkrar seçki günü də göstərəcək, daha da səfərbər olunaraq demokratiyanı, demokratik islahatlar xəttini, Saakaşvili modelini seçəcək və Cənubi Qafqaz da daxil, postsovet məkanında pozitiv inqilabi dirçəlişin əsasını qoyacaqlar. Bizlər də soydaş olaraq qələbəyə sevinəcəyik…
Allah qismət eləsin!!!
————————————————————————————
P.S.
Gürcüstan əsil-nəslimin ömür qoyduğu vətəndir. Öz doğma bildiyim ölkədə baş verənlərə biganə qala bilmərəm. Mən soydaşam, soydaş! Mənəvi vəzifəmi yerinə yetirməkdəyəm.