“Əfqan bataqlığı”nın növbəti qurbanı amerikalılar ola bilər

Nizami ordular partizanlar qarşısında niyə davam gətirə bilmir?

1989-cu il fevralın 15-də SSRİ silahlı qüvvələrinin sonuncu birləşməsi Əfqanıstanı tərk edəndə bayram edən ABŞ strateqlərinin ağlına gəlməzdi ki, oxşar aqibəti 30 ildən sonra özləri yaşayacaq. Bütün müqayisələr qüsurludur, amma nəticə etibarı ilə bu gün amerikalılar da sovetlərin taleyini yaşayır, yəni Əfqanıstandan əliboş dönürlər.

Əgər sovetlər Əfqanıstanda 10 il (1979-1989-cu illər - K.R.) ərzində 15 minə yaxın itki vermişdisə, amerikalıların itkisi yalnız müharibənin əsas mərhələlərində, yəni 2001-2014-cü illər ərzində 2356 nəfər olub, rəsmi sənədlərə görə. Bura on minlərlə yaralı və 686 milyard dollar rəsmi büdcəni də əlavə etmək lazımdır. Üstəlik, ötən 4 ildə, yəni 2015-ci ilin 1 yanvarından başlayan “Qərarlı Dəstək” kampaniyası da can almaqda davam edir.

Oktyabrda ABŞ-ın Əfqanıstana müdaxiləsinin 17 ili tamam olub. İki gün əvvəl isə ABŞ Silahlı qüvvələri Birləşmiş Qərargahlar Komitəsinin sədri (baş qərargah rəisi) general Cozef Danford Əfqanıstandakı “Taliban” hərəkatına güclərinin çatmadığını etiraf edib.

âTalibanâ ile ilgili görsel sonucu

“Halifax” Təhlükəsizlik Forumundakı çıxış zamanı baş qərargah rəisi bildirib ki, “Taliban” müharibədə uduzur. Eyni zamanda o, Əfqanıstanda müharibənin hərbi yolla başa çatdırılmasının mümkün olmadığını söyləyib.

“Hazırda Taliban döyüşlərdə qalib gəlir. Məncə, bunu etiraf etmək daha ədalətli olar,” - deyə amerikalı general bildirib.

Yeri gəlmişkən, bunu bir il əvvəl ABŞ müdafiə naziri də demişdi. Vaşinqton hələ 2010-cu ildə Talibana qalib gəlməyin mümkünsüzlüyü və danışıqlara getmək barədə çağırış edib.

Çox uzaq olmayan keçmişdə ABŞ kəşfiyyatı gələcək Talibanın özəyini təşkil edəcək ssilahlılara hər cür dəstək verirdi. Hətta 1983-cü ildə savaşın qızğın günlərində əfqan savaş komandirləri Vaşinqtona - Ağ Evə dəvət olunur və “Oval ofisdə” prezident Reyqanla görüşürlər. Bu zaman iştirakçılar arasında olan Talibanın mənəvi lideri Məhəmməd Yunis Xalis Reyqan “saqqal saxlayıb, İslamı qəbul etməyə” dəvət edir. Amerikalılar İslamı qəbul eləməsələr də mücahidlərlə yaxşı ittifaq qurdular və sovetlərə ağır zərbə vurdular.

Ancaq Əfqanıstan ruslara “qalmadığı” kimi amerikalılara da qalmadı. Bundan 170 il əvvəl isə Əfqanıstanı ələ kçeirmək istəyən ingilislər eyni aqibəti yaşamışdılar. 170 il əvvəl 1838-ci ildə ilk dəfə ingilislər Əfqanıstanı işğal etməyə cəhd ediblər, amma hər dəfəsində uğursuzluğa düçar olublar. Həmin il Kabilə qədər irəliləyən ingilislər daha sonra şiddətli müqavimətə rast gələrək bütün ordularını itirirlər. 1842-ci ildə yenidən hücum edən ingilislər yenidən Kabilə qədər gəlsələr də, yenidən Əfqanıstanı tərk etmək məcburiyyətində qalırlar.

Britaniyalılar Birinci Əfqan savaşından 40 il sonra 1878-ci ildə yenidən 40 minlik ordu ilə Əfqanıstana hücum edir və ölkənin Kabil şəhəri də daxil olmaqla böyük hissəsini işğal edirlər. Hətta yerli hakimiyyətlə anlaşma da imzalanır. Ancaq tezliklə üsyanlar başlayır və səfərbər olan silahlı əfqanlar bir neçə savaşda ingilis ordunu məğlub etdikdən sonra Britaniya ordusu növbəti dəfə Əfqanıstanı tərk etmək məcburiyyətində qalır. Ancaq daha sonra sülh anlaşması qüvvədə saxlanılır. Anlaşmaya əsasən daxili hakimiyyət əfqanlarda olur, xarici əlaqələr isə Britaniya Krallığında.

3-cü ingilis-əfqan savaşı əfqanların ingilis koloniyası Pakistana (o zaman Hindistan) hücum etməsi ilə başlayır. 1919-cu il mayın 3-də Britaniya Hindistanına hücum edən əfqan qüvvələrinə qarşı ingilis hökuməti 3 gün sonra Əfqanıstana müharibə elan edir. Bir neçə döyüşdən sonra əfqanlar geri oturdulsa da, ingilis ordusu irəliləyə bilmir və avqust ayında Ravalpindi sülhü imzalanır. Və Əfqanıstan tam müstəqil olur.

âTalibanâ ile ilgili görsel sonucu

Əfqanıstana ingilislər bir də 82 il sonra - 2001-ci ildə ABŞ ordusu ilə birlikdə qayıtdılar. Ancaq ötən 17 il ərzində ABŞ və müttəfiq qüvvələri Əfqanıstanı tam nəzarət altına ala bilmədi. Və artıq bu gün etiraf edirlər ki, Talibanla savaşda qalib gələ bilmirlər. Amma burada məsələ heç də Taliban deyil. Ən azı son 200 ilin hərb tarixi, yəni Napoleonun İspaniyaya hücumundan bu yana baş verən müharibələrin statistikaları göstərir ki, nizami ordular partizan qrupları ilə savaşda qalib gələ bilmir. Napoleon ispanlara uduzdu, amerikalılar vyetnamlılara, sovetlər əfqanlara, İsrail Hizbullaha qalib gələ bilmədi. Hətta qalib gəldikdə belə, bu, “Pirr qələbəsi” olur. Yəni məğlubiyyətə bərabər, itkiləri qazancından çox olan bir qələbə. İndi isə ABŞ baş qərargah rəisi etiraf edir ki, Talibana qalib gələ bilmirlər.

Məsələ ondadır ki, dünyada hər nə qədər hərb elmi, silah və texnika inkişaf etsə də, savaşın taleyini silahlı insanlar həll edir. Bunun ən bariz nümunəsi sonuncu Suriya savaşı oldu. ABŞ koalisiyası havadan və artilleriya ilə nə qədər güclü olsa da, hətta Raqqa, Mosul və ya Kobani kimi şəhərlərdə az qala bütün şəhəri yerlə bir etsələr də, savaşın taleyini əli silahlı döyüşçülər həll etdi. Bu zaman isə nizami ordular daha çevik, yaxşı hazırlaşmış və ən əsası ölməyə hazır olan insanlardan təşkil olunan birliklərə məğlub olur.

Maraqlıdır ki, Rusiya son Suriya kampaniyası zamanı Əfqanıstandan dərs çıxarmış kimi görünürdü. Ruslar aktiv əməliyyatlarda bir il iştirak etdilər və quru qüvvələrini demək olar ki, Suriyaya gətirmədilər. Daha çox hava zərbələri və artilleriya-raket gücündən istifadə edən ruslar quru əməliyyatlarını daha çox yerli silahlılara və Suriya ordusuna buraxdı. Maraqlıdır ki, Bəşər Əsəd də ona qarşı savaşan qüvvələrə qarşı demək olar ki, nizami ordunu çıxarmadı. Suriya prezidenti sayı ən kritik vaxtlarda 360 minə çatan və mühüm bir hissəsi əcnəbilərdən ibarət olan üsyançılara qarşı partizan dəstələri ilə savaşdı. “Şəbbiha”, “Bəəs gəncləri”, “Fatimiyyun” (əfqan silahlıları) və müxtəlif etnik və dini qrupların silahlı dəstələri Suriya ərazisində üsyançılarla savaşdı və bu gün də savaşmaqda davam edir. Bu səbəbdən də Suriya ordusu ötən 7 ildə üsyançılara qoşulan hərbçilər və cüzi itkilər nəzərə alınmasa, demək olar ki, dağılmadı.

İlgili resim

2006-cı ildə Livana hücum edən İsrail ordusu gözlənilmədən ciddi müqavimətlə üzləşdi. 1967-ci ildə Livan da daxil olmaqla Misir, Suriya kimi qüdrətli ərəb dövlətlərini 6 günə darmadağın edən İsrail ordusu 33 günə Beyruta gedib çıxa bilmədi. Hazırlıqlı və yaxşı silahlanmış Hizbullah hər biri 200 nəfərdən ibarət olan 30 mobil silahlı qrupla qüdrətli İsrail ordusuna ağır zərbələr vurmuşdu. Partizanlar yenə də nizami orduya qalib gəlmişdi.

Həm Əfqanıstan müharibəsi, həm də son Yaxın Şərq münaqişələri də göstərdi ki, güclü nizami ordu ilə işğal təcrübəsi keçmişdə qaldı. Ən son ABŞ baş qərargah rəisinin etirafı da göstərir ki, xarici işlər ənənəsi artıq tarixdə qalıb.

“Yeni Müsavat”

Tarix: 22-11-2018, 09:04
Xəbəri paylaş





Xəbər lenti