Raket müharibələri dövrü qayıdır - GƏRGİNLİK


Raket müharibələri dövrü qayıdır - GƏRGİNLİK

Rusiyanın ətrafı boyu  qarşıdurma genişlənir  

Rusiyanın və ABŞ-ın Kiçik və Orta Mənzilli Raketlərin İstifadəsinə dair Müqavilədən çıxması yaxın perspektivdə dünyada  gərginliyin artmasına səbəb ola bilər. Çünki “soyuq müharibə” dövründə olduğu kimi, Rusiya və  ABŞ raketlərinin yenidən bir-birinə qarşı tuşlanması beynəlxalq təhlükəsizliyi ciddi risk altına düşməsi deməkdir. 

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp ötən ay bəyan edib ki, ölkəsini ingiliscə qısaldılmış adı INF olan 1987-ci il sazişindən çıxarmaq niyyətindədir. O Rusiyanın yeni bir raket hazırlamaqla bu müqaviləni pozduğuna dair iddiaları əsas gətirib.

1987-ci ildə imzalanmış bu müqavilə iki ölkəyə 500 kilometrdən 5000 kilometrədək uçan raketlərin istehsalını, saxlanması və yerləşdirilməsini qadağan edir.

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın əsas nüvə silahları müqaviləsindən çıxması təhlükəsi məsələsini müzakirə etmək üçün ölkəsinin yüksək rütbəli hərbi komandanları ilə görüşüb.  Vaşinqton Moskvanı 1987-ci il Ortamənzilli Raketlərə dair Müqavilənin şərtlərini pozmaqda ittiham edib.

Putin  Moskvada, Müdafiə Nazirliyində keçirilən görüşdə deyib ki, “ABŞ-ın bu müqavilədən çıxması bizim tərəfimizdən cavabsız qalmayacaq”.

O əlavə edib ki, Moskva bu məsələni Vaşinqtonla müzakirə etməyə hazırdır.

Rusiya bildirib ki, əksinə ABŞ-ın Avropada yerləşdirdiyi raket sistemlərinin bəzi komponentləri sözügedən sazişin müddəalarına ziddir.

Putin bəyan edib ki,  Moskva ABŞ-ın bu hərəkətinə istənilən raket sipərini yara biləcək yeni silahların istehsalı ilə cavab verib. Rusiya lideri bundan əvvəl xəbərdarlıq etmişdi ki, ABŞ-ın INF müqaviləsindən çıxmaq niyyəti yeni “silahlanma yarışına” səbəb ola bilər.

“The Guardian”ın yazdığına görə, Avropa Birliyi rəsmiləri tərəflər arasında vasitəçilik edərək  Vaşinqtonun və Moskvanın sazişdən imtina etməsinin qarşısını almağa çalışıb. Lakin Avropalı diplomatlar ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun müqaviməti ilə üzləşib. Yəni sərt siyasi kurs tərəfdarı olan Con Bolton ABŞ prezidentini müqavilədən çıxamağın vacibliyinə inandırıb. 

Ekspertlərin proqnozlarına görə, tərəflərin sazişdən çıxması  Rusiyanın  əsasən şərq və qərb sərhədlərində hərbi qarşıdurma yaradacaq. Rusiya Şərqi Avropada,  Çinlə, Şimali Koreya  və 1956-cı ildən bəri tarixi sülh müqaviləsi imzalamağa hazırlaşdığı Yaponiya ilə sərhəddə kiçik və orta mənzilli raketlər yerləşdirə bilər. “Soyuq müharibə”nin dərinləşməsi Şimali Koreyanın nüvə probleminə dair sülh danışıqları prosesinə mənfi təsir göstərəcək. NATO-nun üzvü olmasına baxmayaraq,  son illər Kremllə  taktiki müttəfiqlik münasibətləri  qurmuş Türkiyənin öz ərazisindən Rusiyaya qarşı istifadəsinə icazə verəcəyi inandırıcı görünmür.  Rusiyanın cənub sərhədlərindəki vəziyyət isə ABŞ-ın sanksiyalarından sonra İrandakı daxili proseslərin gedişindən asılı olacaq. ABŞ İrandakı rejimin dəyişdirilməsinə nail ola bilsə, o zaman Cənubi Qafqazda Rusiya ilə hərbi və geosiyasi qarşıdurma artacaq. Türkiyə ilə münasibətlərdə məsafə yaranan Vaşinqton NATO-ya üzv olmağa hazırlaşan Gürcüstanı  ərazisində kiçik və orta mənzilli raketlər yerləşdirməklə bu rəqabətə cəlb edə bilər. Bu da öz növbəsində, Qara dəniz  regionu və Cənubi Qafqazda ABŞ-Rusiya münasibətlərinin gərginləşməsi üçün zəmin yaratmış olar. Rusiya ABŞ-ın Gürcüstan istiqamətindən gələn təhlükəsinin qarşısını  almaq üçün  Ermənistandakı “İsgəndər-M” raketlərini  tuşlamağı planlaşdırır. Lakin Ermənitanda siyasi vəziyyət  dəyişib və ABŞ-a meylli qüvvələr Rusiyaya bağlı klanı hakimiyyətdən salıb. Ona görə də Nikol Paşinyan hökumətinin Ermənistan ərazisindən Gürcüstana qarşı orta mənzilli raketlərdən istifadəyə icazə verəcəyi şübhə doğurur. Amerikanın Ermənistanla strateji cəhətdən yaxınlaşmaq səyləri həm də məhz bununla bağlıdır.     


Ən gərgin vəziyyətin isə Şərqi Avropada müşahidə olunacağı gözlənilir. Hadisələrin belə inkişafı  Ukraynanın Donbas bölgəsində atəşkəsin pozulması təhlükəsi yaradır. Rusiya 2016-cı ildə Krım yarımadasında “S-400” zenit-raket kompleksləri yerləşdirib. Bu isə Rusiyanın Qara dəniz bölgəsində və Ukraynada ABŞ raketlərinin hücumundan müdafiə sistemini qurmaq üçün çətir rolu oynaya bilər.  Rusiyanın “İsgəndər-M”, “İsgəndər-E” raketlərini yerləşdirdiyi  Kalininqrad vilayəti ABŞ-la  cəbhə xəttinin ən gərgin nöqtələrindən birini təşkil edəcək.  Birləşmiş Ştatların Polşada və Rumıniyadakı  raketdən müdafiə sistemləri bu təhlükənin qarşısını almağa  xidmət edir. Litva, Latviya və Estoniya istiqamətində də vəziyyətin gərginləşəyi gözlənilir. Çünki ABŞ-ın və NATO-nun Bakltik dənizi regionunda yerləşən hərbi bazalarını Rusiya milli təhlükəsizliyi üçün ciddi təhdid hesab edir. Vəziyyət belə gərgin hal alarsa, Rusiyanın Belarus üzərində hərbi-siyasi təsir imkanları artacaq. 

Eyni zamanda, gərginliyin artması ABŞ-a da Avropa Birliyi üzərində təsirini genişləndirmək, silahlı qüvvələrini bu regionda saxlamaq, son vaxtlar itaətsizlik göstərən Fransanı və Almaniyanı özünə tabe etmək üçün imkan yarada bilər. Lakin hansı mütəfiq dövlətin Amerika raketlərini öz ərazisində yerləşdirməsinə razılıq verəcəyi hələ sual olaraq qalır. Lakin yaranmış situasiyadan istifadə edən ABŞ yenidən Rusiya raketləri qarşısında özünü Avropanın təhlükəsizliyinin yeganə təminatçısı kimi təqdim etməyə çalışacaq. (Cebhe.info)


Tarix: 22-11-2018, 15:18
Xəbəri paylaş





Xəbər lenti