Suriyada döyüşən rusiyalı muzdluların müqavilə şərtləri açıqlanıb.
Cebhe.info xəbər verir ki, bu barədə BBC-nin Rusiya xidməti araşdırma yayıb. Araşdırmada bildirilib ki, Nikolay adlandırılan muzdlu “Vaqner” döyüşçülərinin Krasnodar vilayətindəki Molkina hərbi poliqonunda düşərgəsinin olduğunu deyib. Orada döyüşçü cəmi 3 gün keçirir. Əvvəl onun fiziki gücü yoxlanılır. İkinci mərhələdə tibbi yoxlamadan keçir. Yenilərdən həm də narkotik istifadəsinə dair sənəd tələb olunur.
Sənədlərdən isə ancaq işdüzəlməylə bağlı anket doldurulur. Ərizədə yaxınların əlaqə vasitələri göstərilir ki, əgər döyüşçü öldürülərsə, onlarla əlaqə saxlamaq mümkün olsun.
Həmçinin, sosial şəbəkə hesablarının parolu da tələb olunur. Bundan sonra döyüşçüylə xüsusi mütəxəssislər danışır, hətta zəruri olarsa, poliqrafa dair test də keçirilir.
Müqavilə şəxsi nömrə ilə jeton aldıqdan sonra qüvvəyə minir. Bu andan etibarən ona maaş ödənilir. İlk növbədə mütəxəssislər-minomyotçular, sapyorlar, pilotsuz aparatların operatorlarına üstünlük verilir. Gələcəkdə veriləcək maaş hesabına döyüşçü özünə fərdi tibbi ləvazimat ala bilər. Bu ləvazimat təcili tibbi yardım üçün gərək olur.
Suriyada hərbi münaqişə başlayanda rusiyalı döyüşçülər orada minimum 6 ay qala bilirdilər. İndi isə bu müddət 3 ayla yekunlaşır. Xaricə çıxışla bağlı heç bir problem olmur. Baxmayaraq ki, sərhədçilər şəxsin Suriyaya getdiyini yaxşı bilirlər. Hazırda hər bir döyüşçü aylıq 150 min rubl maaş alır. Ukraynada 2014-2015-ci illərdə döyüşməyə gedən rusiyalı muzdlular daha az- 80 min əmək haqqı alıb. Əgər döyüşçü xəsarət alardısa, ona 300 min təzminat ödənilib. Ölüm halında isə ailəsinə 2 milyon rubl verilib. Amma Suriyada kampaniya başlayanda rəqəmlərdə artım olub. Belə ki, hazırda bu rəqəm 5 milyon rubldur. Çünki rusiyalı muzdlular daha çox pul ödənilən yeri, yəni Suriyanı seçiblər. Buna görə də Donbas və Luqanskda döyüşməyə gedənlər üçün də təzminat məbləği artırılıb.
Xatırladaq ki, təkcə bu ilin noyabrında "Vaqner"in 6 döyüşçüsünün Suriyada öldürüldüyünə dair məlumat yayılıb. Rusiyanın bir sıra hərbi şirkətləri "Vaqner"lə bağlı Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edib.
Xəzər