Bu həftə Fransa prezidenti Emmanuel Makron üçün asan keçməyib.Fransa prezidentinin reytinqi isə öz tarixi anti-rekorduna 25%-ə qədər enib. Makronun 1-ci dünya müharibəsinin 100 illik tədbirlərindəki cəsarətli çıxış və davranışları da bu tənəzzülün qarşısını ala bilməyib. Fransa prezidentinin başı “sarı jiletlər” hərəkatı ilə dərdə girib. Üstəlik, onun paritya hesablarında 144 min avroluq naməlum qaynaq ortaya çıxıb və iş prokurorluqda araşdırılır.
Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, Fransanın İctimai rəyi araşdırma institutunun (LFOP) son sorğusuna görə, Makronun prezident kürsüsündəki fəaliyyəti əhalinin sadəcə 39%-i tərəfindən təqdir edilir. Fransa prezidenti bununla keçən ilki mənfi göstəricisini (40%) yeniləyib.
Bu gün Makron xarici siyasətdə olduqca populyardır. Yelisey sarayı ümum-Avropa ordusunun yaradılmasından danışır, Trampın tənqidlərinə layiqincə cavab verir, Fransanın ABŞ-ın vassalı olmayacağını söyləyir və s.
Lakin daxildə onun reytinqi 5-cü respublika tarixində ən aşağı göstəricilərə yaxınlaşır. Bu cəhətdən Makron yalnız keçmiş prezident Fransua Ollandla aparılan müqayisə ilə öyünə bilər. 2013-cü ildə Ollandı əhalinin sadəcə 20%-i dəstəkləyirdi.
Makrondan əlavə Fransa baş naziri Eduard Filipin reytinqi də 41%-dən 34%-ə qədər düşüb.
Hazırda isə əhali ölkədə benzin qiymətlərinin qalxmasına görə narazıdır. Onlar küçələrə “Yupiter yerə en, burada kasıblıq hökm sürür”, “Makron, istefa”, şüarları ilə çıxıblar. (Makronun prezidentliyə seçildikdən sonra çıxışlarının birində özünü qədim Roma ilahı Yupiterlə müqayisə etməsi bir çoxlarının gülüşünə səbəb olmuşdu-red.). Prezidentin avtoritar davranışları isə ona vaxtilə XIV Lüdovikə verilən “Günəş kral” ləqəbinin rişxəndlə taxılmasına səbəb olub. Fransa vətəndaşları onu “varlıların prezidenti” adlandırırlar.
Buna əsas səbəb ölkədə benzin qiymətlərinin 2018-ci ild 7,5%, həmçinin dizel yanacağının 15% artması olub. Gələn vergilrin sayəsində fransız ailələlərinin xərcləri ayda daha 250 avro yüksəlib.
Hökumət isə vergiləri ekoloji səbəblərə, həmçinin avtomobillərdən buraxılan zəhərli qazlara görə gətirilən vergilərə bağlayır.
Bundan əlavə, Fransada dizel yanacağı ilə hərəkət edən, habelə 15 ildən çox sürülən avtomobillərə məhdudiyyət və qadağa tətbiq olunur. Yəni vətəndaşlar yeni avtomobil almaq məcburiyyətində buraxılır.
Fransa prezidentindən onu əsas dayaqlarından sayılan həmkarlar ittifaqları da narazıdır. Onlar prezident tərəfindən “sərvətə görə həmrəylik vergisi”nin ləğv olunmasına görə qəzəblidirlər. Belə ki, həmin vergini 1,3 milyon avrodan çox gəliri olan bütün vətəndaşlar ödəyirdi. Makron pensiyalara vergiləri bərpa edib, tələbələrə verilən güzəştləri aradan qaldırıb, habelə hərbçilərin maliyyəsini azaldıb.
Fransa prezidenti özünün qeyri-populyar addımlarının nəyə gətirib çıxaracağını fərq etdiyini söyləyir. “Əlbəttə, yüksək reytinq üçün insanlara pul paylamaq daha asandır. Lakin bu mənim vətəndaşlara təklif edəcəyim iş deyil. Mənim hədəfim başqadır. Bu ölkədə sığortadan tutmuş, pensiya, energetika və s. sahələrdə ciddi islahatlar getməlidir. Qeyri-populyar olmaq bütün islahatçıların dəyişməz aqibətidir. Mən isə rəy sorğuları ilə deyil, ölkəm və vətəndaşlar üçün uzunmüddətli nəticələrlə maraqlanıram”,- deyə prezident bildirib.
Tarix: 24-11-2018, 15:39