“Dekabr ayının 9-da Ermənistanda seçiləcək parlament keçid xarakterli olmalıdır. Bizim fikrimizcə, 2 ildən sonra Milli Assambleya öz missiyasını bitirməli, daha sonra isə seçkilər təkrarlanmalıdır”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözləri Ermənistanın radikal “Sasna tsrer” partiyasının proporsional siyahısına rəhbərlik edən Varujan Avetisyan bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Ermənistanda hətta yeni konstitusiyanın qəbuluna, bundan sonra isə siyasi qüvvələrin yenidən toparlanmasına ehtiyac var. Yalnız bütün bunların həll olunması təqdirində partiyalar tamhüquqlu şəkildə seçkilərdə iştirak edə bilərlər.
Qeyd edək ki, bu fikri hələ 3 gün öncə təşkilatın Livan əsilli erməni başçılarından, Qarabağ müharibəsinin qulduru Jirayr Səfilyan da səsləndirib.
Jirayr Səfilyan "Azadlıq" radiosunun Ermənistan bürosuna verdiyi müsahibədə seçki məcəlləsinə dəyişikliklərin olunmasını, Serj Sərkisyanın sədrliyi altındakı Ermənistan Respublika Partiyasının fəaliyyətinin dayandırılmasını, siyasi və iqtisadi lüstrasiyanın (keçmiş iqtidarın qalıqlarının yox edilməsi) aparılması və keçmiş prezidentlər Robert Köçəryan, habelə Serj Sərkisyanın məsuliyyətə cəlb olunmasını tələb etdiklərini söyləyib.
Ekspertlərin rəyinə görə, “Sasna tsrer” bu şüarlarla Paşinyan iqtidarına qarşı da eyni radikal metodlarla mübarizə aparacağının işarəsini verib.